Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Sentyabr 2018

Musa peyğəmbər, Firon və İlham Əliyev müqayisəsi

Zahid Oruc ciddi adam deyil, onun prezident seçkisi debatlarındakı çıxışı "Dove" sabununun reklamı qədər reytinq qazanmayıb
("Buzov Samiri" ləqəbli Zahid Oruc üçün)

"...(Samiri) onlar üçün böyürən bir buzov heykəli düzəltdi. (Buzova məftun olanlar) Sizin də tanrınız, Musanın da tanrısı budur."
(Taha 88)

Zahid Oruc İlham Əliyevi Musa peyğəmbərlə müqayisə edib. Deyir ki, Qərbdə də belə müqayisələr olur. Onun dediyinə görə Musa (ə) yəhudiləri xilas etdiyi kimi İlham Əliyev də müstəqilliyimizi xilas edir. Deyir ki, bu ölkə 25 ildir Əliyevlər tərəfindən idarə olunur. Özü də bilir ki, onu tənqid edənlər olacaq qabaqcadan zirək tərpənib deyir ki, fürsətcillər sözümü başqa səmtə yozacaqlar. Düzdür, Zahid Oruc ciddi adam deyil, onun prezident seçkisi debatlarındakı çıxışı "Dove" sabununun reklamı qədər reytinq qazanmayıb. Amma qeyri-ciddi də olsa imkan vermərik ki, ağzına gələni danışıb camaatı aldatsın.

O, Musa (ə) İlham Əliyevi müqayisə edərkən heç bir arqument ortaya qoymayıb. Şivən arvadlar kimi "mən belə deyirəm", mən düz deyirəm" məzmunlu ifadələr yazıb sadəcə. Amma çox maraqlıdırsa, biz Musa (ə) ilə İlham Əliyevin fəaliyyətinə qısa da olsa nəzər salaq:

1. Musa (ə) uşaq ikən beşikdə anasına ilham olunub ki, uşağı sandığa qoyub dənizə atsın. Bir müddət sonra beşikdəki uşaq Fironun başına bəla olacaq. Amma İlham Əliyev dənizdən çıxan nefti üzünə sürtən, sandıq-sandıq qızıl yığan atanın oğlu idi, hakimiyyəti də atasından təhvil aldı.

2. Musa (ə) sehirbazların qənimi idi. Allahın izniylə əsasını yerə atar, əsa dönüb əjdaha olar, sehrbazların ilanlarını udardı. Amma İlham Əliyevin telekanalizasiyaları sehrbazlar, ekstrasenslər, falçılarla doludur.

3. Musa (ə) öz tərəfdarları ilə dəryaya yaxınlaşıb onu keçdi, Firon keçəndə isə dəniz iki hissəyə parçalandı və Firon və adamları qərq oldu. İlham Əliyev adam arasına çıxmır, tərəfdar adıyla beş – üç yaltaq tapılır ki, onun üçün əl çalırlar. Bir yana çıxanda da bütün küçələrdə maşınsız "probka" əmələ gəlir.

4. Musa peyğəmbəri Allah seçib peyğəmbərliyə çatdırmışdı, İlham Əliyevi "xalq seçimi" adıyla məktəbdə, seçki məntəqələrində vicdanını satan müəllimlər, işçilər, karusel əməliyyatını icra edənlər seçiblər.

İndi isə gəlin görək İlham Əliyevin Musa peyğəmbərlər daha çox uyğunluğu var, yoxsa Fironla?

1. İlham Əliyev taxtını atasından təhvil alıb, fironlar da monarxik quruluşla, atadan oğula hakimiyyətin keçməsiylə taxta çıxıb.

2. Firon sehirbazlarla iş görər, haqq əhlini aldatmağa çalışardı. İlham Əliyev telekanalizasiyalara sehirbazları, ekstrasensləri çıxardır ki, xalqın başını gic-gic şeylərlə qatsın.

3. Firon Musa (ə) peyğəmbəri təqib eləyərkən dənizdə tərəfdarları ilə birlikdə boğuldu. İlham Əliyev də haqq əhlini, ruhaniləri, alimləri öz ordusuyla (böhtançı polis odrusuyla) təqib edib həbs etməklə öz sonunu yaxınlaşdırır.

4. Firon Musa peyğəmbərin gəlişindən xəbərdar idi deyə bütün oğlan uşaqlarının öldürülməsi əmrini vermişdi. İlham Əliyev də Aşura məclislərində Yezid düşmənlərini böyüyüb onun üçün təhlükə törətməsindən qorxduğu üçün Aşura məclislərinə azyaşlıların gəlməsinə icazə vermir.

Amma biz zəhmət çəkib İlham Əliyevi bu qədər təhqir edən Zahid Orucu da unutmarıq. O, 25 ildir Əliyevlərə sitayiş etdiyi üçün Musa (ə) zamanında öküzə sitayiş etdirən avara Samiri rolunu onun üçün layiq görmüşük. Xeyirli-uğurlu olsun.


186 بازدید
در حال ارسال اطلاعات...