Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Avqust 2018

Zindan varlı balasına "5 ulduzlu otel" olduğu üçün "islah koloniyasına" göndərilir(?)

Məgər zindan özü islah yeri deyilmi?
Dövrü-qədimdən bu cürdür ki, qanunsuz bir iş görəndə ona qunun donu geyindirmək zəruriəti meydana çıxır. Amma bu, o ölkələrdə, cəmiyyətlərdə baş verir ki, adamı adam yerinə qoyurlar. Xalqa xalq kimi qiymət verirlər. İndi deyərsiniz ki, əgər qanunsuz işə qanun donu geyindirilirsə burda hansı xalqa hörmətdən, qiymətdən söhbət gedə bilər? Doğru iraddır. Amma cavabı da var. Cavabı isə çox sadədir və bir sözdən ibarətdir: qorxudan. Yəni zalım rejim xalqı sevdiyi üçün deyil, onun qalxmasından qorxduğu üçün qanunsuz işinə don geyindirir. Məsələn elə bizim ölkədə rüşvətə əlli dənə ad tapıblar. Biri deyir hörmətdir, o biri deyir haqdır. Hər nə ad yapışdırırsan yapışdır, təki rüşvət demə. Sonra da başlayırlar həmin adlarla rüşvət yığmağa. Hünərin var de ki, rüşvət alınır. Deyəcəklər gəl sübut elə ki, rüşvətdir. Mən deyirəm hörmətdir, sonra. Şahın sözü, sözün şahıdırsa rəiyyət gedir – "anekdotda" dedikləri kimi – atdanmağının dalınca.

Elə məni də təəccübləndirən budur ki, xalqın (körpüdən) addanması (və nəticədə özünü parça-tikə etməsi) zərrəcə vecinə olmayan bizim hakimiyyət nə üçün məsələn elə rüşvətə "haqq" adı qoyub. Axı başqa ölkələrdə rüşvətə haqq demirlər. Niyə məhz haqların tapdandığı bizim ölkəmizdə belə bir şey icad ediblər. Bəlkə haqqın yeri boş qalmasın deyə. Yaxud da "sizin ölkədə haqq yoxdur" deyənlərin ağzına yapışdırmaq üçündür. Doğrusunu Allah bilir. Amma sual yenə də aktualdır: bizim rejim ki, xalqı sevmir. Dəfələrlə erməniləri Azərbaycana gətirib təhlükəsizliklərini lazımi səviyyədə qoruduqlarında və onlara sillə vuranları polis bölməsində süründürdüklərində bunu bizə sübut ediblər. Hörmət etmədikləri aydın məsələdir. Bəs nə əcəb yenə də batilə haqq donu geyindirməyə çalışırlar. Olmaz ki, elə açıqca desinlər ki, gətir rüşvət ver? Onsuz da xalq Həzrət İsanın (ə) zühuruna qədər uyumağı özünə borc bilib. Necə olsa həzrət gələndən sonra oyadacaq. Bu sualın cavabı mənə də qaranlıq və maraqlıdır.

Baş nazirin qudurğan nəvəsini bir bəhanə ilə azad etdilər. Adını qoydular ki, güya qələt edib, başını daşa döyüb, zərəçəkənlər razı salınıb və s. O dəfə cənab prezident İlham Əliyevin qudurğan məmur balalarından gileylənməsinin saxta və artistlik olduğu bizə sübut oldu. İndi də hansısa biznesmenin oğlunu "islah əmək koloniyasıdır" nə matahdır, ora göndərmək üçün azadlığa buraxıblar. Yəni, adam evində oturub kofe, yaxud kola hazırlayacaq, yanında popkorndan zaddan qoyacaq ki, islahçı müəllimlər repetitor kimi gəlib ona tərbiyə versinlər. Bu yerdə sual verirlər ki, yaxşı olmazdımı ki, elə bu cür qudurğan varlı, məmur, oliqarx balaları yetkinliyə çatmamış onlara dövlət müəllim tutub ədəbləndirərdi. Bildik də, valideyni tərbiyə verə bilmir, dövlət tərbiyələndirsin. İkincisi, əgər bu vəziyyətdə azadlığa buraxıb islah edirlərsə elə indidən Təhsil Nazirliyi nəzdində yeni şöbə açsınlar, Hafiz Hacıyevi ora müdir təyin etsinlər, gör necə bu cür adamların qulağını kəsib onları ağıllandırır. Hərçənd belə qudurğanların dədəsini toyda-nişanda görüb desələr ki, nə tərbiyəsiz oğlun var, adamı məhkəməyə verib aliment tələb edər ki, mənim mələk kimi təmiz, süddən ağ balama şər atırsan. Üçüncüsü məgər zindan özü islah yeri deyilmi? Məgər zahirdə Mehman Hüseynovları, Hacı Abgülləri, Seymur Həziləri ora atıblar ki, kef eləsinlər, yoxsa "islah" olsunlar. Eldar İbrahimov məgər demirdi ki, İlqar Məmmədova Allahdan ağıl istəyirəm, bundan sonra islah olsun. Hə doğrudur, məmur, varlı, oliqarx balalarına təbii ki, zindan "beş ulduzlu otel" yerindədir, buna görə prezident bunların dədələrini inək kimi sağıb azadlığa buraxır ki, yenə belə qələt etsinlər, bu dəfə ikiqat sağsın.

Adını da qoyublar ki, güya piyada səhv yol keçib, zərərçəkən razı olub və s. Zərərçəkənin lap deyək ki, ailəsini öz murdar pullarınızla razı saldınız. Bəs yaxşı bu adama cəza verilməməlidir ki, bir də başını maşınının "patpresinə" vurub belə qələt eləməsin? Baxın ha, bundan sonra bütün qudurğan məmur balaları avtoxuliqanlıq etmək istəyəndə pulunu qabaqcadan hazırlayıb iş görəcək. Bəs görəsən vicdanən, belə bir zərər İlham Əliyevin ailə üzvlərindən birinin başına gəlsəydi, onu hansısa məmur pulla razı salıb oğlunu zindandan çıxara bilərdimi? Bu yerdə susuruq, çünki gecdir, yatmaq vaxtıdır.


1158 بازدید
در حال ارسال اطلاعات...