Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Avqust 2018

Azərbaycanda təkcə günahsız deyil, "ağılsız" da həbs edilirmiş?

Deməli İlqar Məmmədovun ağlı yoxdur. Ağlı olmayan isə dəlixanada (ruhi xəstələr evində) olmalı idi həbsxanada yox
Və yaxud Eldar İbrahimova kimdən ağıl istəyək?

Hüquqşünas, tarixçi, siyasətçi İlqar Məmmədov həbsdən azadlığa çıxdı. Həbsinin bitməsinə iki il qalmışdı, amma Avropa o qədər təzyiq göstərdi ki, gücü ancaq öz məzlum xalqına çatan hakimiyyət onu qorxusundan azadlığa buraxdı. Onsuz da həmişə belə olur, Avropa təpinir, hakimiyyət Avropanın qabağından "üyütdüyü" üçün cinayətkar adıyla tutduğunu azad edir, sonra da başlayırlar ki, dövlət başçısı mərhəmətlidir, demokratdır, mən nə bilim nədir? "Turan"ın böyüyü Mehman müəllimin işi də bu cür olmuşdu. Avropa o qədər Eldar İbrahimovgili qapazladı ki, axır məcbur olub buraxdılar.

Deputatxananın Aqrar Siyasət Komitəsinin sədri, YAP-ın İdarə heyətinin üzvü Eldar İbrahimov İlqar Məmmədovun azadlığa buraxılmasıyla bağlı açıqlama verərkən Allahdan İlqar bəyə ağıl istəyib. Olsun, ağıl nemətdir, Eldar bəyə buna görə xüsusi təşəkkür düşür ki, bu cür allahsızlığın (!?) hökm sürdüyü cəmiyyətdə Allah sözünü dilinə gətirir, heç olmasa bilirik ki, deputatxanada oturanlar arasında dildə də olsa Allahı tanıyan var.

Amma gərək heç olmasa müsahibə verməmişdən əvvəl insan camaata arzuladığı şeyin özündə olub-olmamasını yaxşıca təftiş eləsin. Müsahibə verərkən də quşlamasın. Eldar İbrahimov isə quşxananın Astan, Hadı, Mirələmov kimi digər quşlayanları kimi quş buraxıb.

Müsahibə verərkən görün nə deyir: "Ulu öndərin siyasi kursunu davam etdirən Prezident İlham Əliyev ölkədə insan hüquq və azadlıqlarının müdafiəsinin gücləndirilməsi istiqamətində əsaslı addımlar atır. Bu gün Azərbaycanda insan hüquqlarının müdafiəsi sahəsində beynəlxalq hüquq normalarına cavab verən geniş hüquqi baza mövcuddur. Bu hüquqların həyata keçirilməsi ilə bağlı konkret hüquq müdafiə mexanizmləri fəaliyyət göstərir. İnsan hüquq və azadlıqlarının təmin olunması istiqamətində tədbirlərin həyata keçirilməsi ilə bağlı dövlətin siyasi iradəsi mövcuddur.” Bu çərənləmələrdən sonra isə özü-öz fikrini belə təkzib edərək deyir ki, İlqar Məmmədovun azadlığa buraxılması iqtidarın və bu işlə məşğul olan hüquq-mühafizə orqanlarının demokratiyaya sadiqliyinin bir daha göstəricisidir. Əslində elə özü də gözəl bilir ki, İlqar Məmmədov kimi digər şərlənərək həbs edilən insanların mövzusu demokratiyanın boğulması mövzusudur. Özü də durub bunu qeyd edib. Yoxsa hüquq-mühafizə orqanı məgər demokratiya ilə məşğul olur? Əgər adam cinayətkar idisə niyə həbs müddəti başa çatmamış azadlığa çıxdı?

Başqa yerdə belə quş buraxır: "Azərbaycanda hər bir şəxs etdiyi əməllərə görə qanun qarşısında bərabər məsuliyyət daşıyır. İlqar Məmmədov cinayət etmişdi və etdiyi cinayətə görə də həbs edilmişdi. Arzum budur ki, Allah ona ağıl versin və bir də gedib həbsxanaya düşməsin.” Qanun qarşısında bərabər məsuliyyət daşıdığını bilirik e, ondan keç, de görüm məhkəməyə torba-torba pul daşıyanda vəziyyət necə olur? Yalansa Əli Həsənovun nəvəsinin sürdüyü maşının altında qalasan – demirik, çünki ən yaxşısı bu cür tiplərə ağıl arzulamaqdır. Çünki ağıl olsa ağzına gələni yox, ağlına gələni danışar. Hələ quşa fikir verin, deyir ki, İlqar Məmmədov üçün Allahdan ağıl arzu edirəm. Deməli İlqar Məmmədovun ağlı yoxdur. Ağlı olmayan isə dəlixanada (ruhi xəstələr evində) olmalı idi həbsxanada yox. Görünür Eldar İbrahimovgilin iqtidarı təkcə günahsız insanı deyil, həm də "ağılsız" insanı da həbs edir. O da məlumdur ki, bu cür tiplərin insanın ağıllı olmasındakı əsas meyarı "ağıllı" olub YAP cərgələrində yer almaqdır. İndi Eldar üçün kimdən ağıl istəyək?


1128 بازدید
در حال ارسال اطلاعات...