Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Avqust 2018

Öz halımıza yanmayanların İran "qayğısı"

Məni daha çox narahat edən elə özümüzünkülərin öz halımıza yanmamasıdır
Hər dəfə Amerikadan itlər hürüşməyə başlayanda bizdə də bir dəstə adamın kürkünə sanki birə düşür. Tarix boyu ABŞ prezidentləri İranın üstünə hürə-hürə qalıblar. 79-cu ildən bu yana tətbiq etmədikləri sanksiya, embarqo qalmayıb. İran da - gözünə döndüyüm – bu neçə ildə özünə nəyi var təcrübə qazanıb. Onsuz da it qapan olsa hürməz. Əhli-beyt (ə) ardıcıllarını da nəinki qapan, hətta onlara hürən it də qoturluq tutur.

İndi yenə Tramp öz sələflərinin adətini diriltməyə başlayıb. Gah Tehranla danışıq istəyir, görüş əldə etmək üçün çalışır, gah embarqo tətbiq edir. Bütün bunlardan başqa bir də bizim ölkəmizdə həmişəki kimi hoqqa çıxaranlar peyda olub. Mən şəxsən İran əleyhinə sevinə-sevinə, ABŞ embarqolarından ağzı sulana-sualana, vicdanı bulana-bulana danışan qəzet, saytları, politoloq-şərhçiləri qınamıram. Onlar özləri də beziblər bu hürüşmələr haqqında yazmaqdan, danışmaqdan, şərh bildirməkdən. Sadəcə yaxşı – pis , doğru- yalan yazır, proqnoz verirlər, beş-on manat ciblərini pul girir.

Bəli, dünyadan məlumat verərlər, bizim də haqqımızdır bilək ki, qonşu dövlətlərdə, lap elə okeanın o tayında nələr baş verir. Amma gərək insaflı olub birinci özümüz haqda bilgilərə sahib olaq. "Bilgilər" deyərkən hakimiyyətlə razılaşdırılmış bilgilərdən danışmıram. Onsuz da hamı bilir ki, Azərbaycanda qudurğan məmurların və onların özlərindən beş betər qudurmuş balaları nə hoqqalardan çıxır. Bahalı, lüks həyat, pula pul deməmək, "burda mənim atamdır, Bakıda kor xəlifə" sayağı sözləri gündəmi ABŞ-İran dava-dalaşından çox zəbt edir. Bu xəbərlərdən bir şey çıxmaz. Bu məsələnin kökünü qazımaq lazımdır. Hünəriniz varsa daha çox boynu yoğunlardan yazın.

Məni daha çox narahat edən elə özümüzünkülərin öz halımıza yanmamasıdır. Məsələn, Azərbaycanda öz halımıza yanmayan simalar Azərbaycanı, dövlətçiliyimizi ağaclarına od düşən Amerika cəngəllikləri kimi yandırır. Qanunlarımız cəngəllik qanunu olanda nə olar ki? Heç əslində qanunlarımız cəngəllik qanunları da deyil. Beynəlxalq hüquq normaları əsasında bəzən bu qanunları düz-qoş edirlər. Amma qanun ağaları cəngəllikdən buraxılan məxluqlar olanda vəziyyət pisləşir. Məsələn, bilirsiniz də deputatxanaya dəfələrlə heyvanxana, sirk deyiblər. İndi bu məxluqlar niyə başqa cəngəllik məxluqlarının balalarının çıxartdıqları hoqqalara göz yumur. Hətta nəinki məmur balası, Kuveytdən, İraqdan, Dubaydan gələn ərəblərin qabağını da ala bilmirlər. Adam lap xəcalət çəkir. Xəbərləri oxuyursan və görürsən ki, deputatxananın, daha doğrusu zooparkın, sirkin işçilərinin ağzına su alıb susmaları nəticəsində ölkədə namus – qeyrət əldən gedir.

Sovetlərdən çıxandan sonra qonşu Türkiyədən bir dəstə alçaq, mənəviyyatsız, Adnan Oktarın başqa versiyası olan insanlar xalqın mənəviyyatını gic-gic seriallar, proqramlarla korladı. Ondna sonra da ərəblər ölkəmizə dadanıb biabırçılıq etdilər. Bu işlərin adını turizm qoyurlar, pul qazanmaq istəyirlər, beynəlxalq yarışları, müsabiqələri ölkəyə idxal edib özlərinin inkişaf etdiyini dünyaya göstərməyə çalışırlar amma oxuduqlarımız xəbərlərə baxın: Ərəb əmirinin oğlu Azərbaycanda ov ovladı. Ərəb turistlər otelə azərbaycanlı qızı gətirdilər. Bulvarda ərəblər azərbaycanlı qızları necə tovladı. Qızlar özlərini necə satdılar. Ərəb şeyxlərinə Azərbaycanda necə pul atdılar.

Biz İran-ABŞ dava-dalaşlarını izləməyi bir kənara qoymalıyıq. Onsuz da məsələ köhnə hamam, köhnə tas məsəlidir. Yenə o tərəfdən hürəcəklər, bu tərəfdən "paşol" deyəcəklər. Bütün var gücümüzü sərf edib Azərbaycanda dövlətçiliyin təməllərini baltalayan amilləri aradan qaldırmalıyıq. Bir xalqın qızlarını kənar ölkələrdən gəlib otelə aparırlarsa, bulvarda onlara satış, onların "qiymətini" soruşurlarsa deməli xalq, ölkə, dövlət uçuruma gedir. Bu barədə həyəcan təbili çalmaq lazımdır. Gərək qəzet və saytlarımız bu mövzunu daim diqqətdə saxlasın.


100 بازدید
در حال ارسال اطلاعات...