Şrift ölçüsü:
A+
A
A-
Kr
12 İyul 2018

Öz səhiyyəmiz yoxdur ki, Elmar İsrailə aparılır?

Bizdə inkişaf edən avtoritarizm, rüşvət, özbaşınalıq, savadsızlıqdır
Görünür öz səhiyyəmiz, tibbimiz, həkimlərimiz, xəstəxanalarımız, dərmanlarımız, cihazlarımız bərbad gündədir ki, Elmar Vəliyev müalicə üçün İsrailə aparılır. Əgər yaxşı vəziyyətdə olsaydı təbii ki, elə öz ölkəmizdə müalicə olunardı. Məsələ bundan ibarətdir ki, yaltaq kanallar bütün günü Azərbaycanda olmayan inkişafdan bir ömür danışırlar, sonra Elmar Vəliyevin başına gələn hadisə meydana çıxanda bu cür məmurlar səhiyyəmizə də AZTV kimi yaltaq kanallara tüpürüb gedirlər xaricdə müalicə olunmağa. Təbii ki, qara camaatı aldatmaq asandır. Savadsız kütləyə yalandan diaqnoz qoymağa nə var ki? Dəfələrlə həkimdən pis xəbər eşidən xəstə üz tutub İrana, oradakı həkimdən "səndə heç yoxdur" xəbərini eşidəndə özünə gəlib. Yoxsa bizim diaqnoz qoyanların ümidinə qalsa adamın ürəyini partladarlar. Sapa sağlam adamı bir dəqiqədə əlil edərlər. Bizdə inkişaf edən avtoritarizm, rüşvət, özbaşınalıq, savadsızlıqdır. Bir yandan millətimiz özünü müalicə etdirmək üçün İrana iz tutur, digər yandan da İranı özümüzə düşmən elan etmişik.

Əlbəttə birinci dəfə deyil ki, bizdə bir məmur müalicə üçün xaricə gedir. Elə yaxın keçmişə nəzər salsaq görərik ki, heç o vaxtlarda da Azərbaycanda düz əməlli səhiyyə sistemi mövcud olmayıb. Məsələn, Əbülfəs Elçibəy Türkiyənin "Gülhane" xəstəxanasında vəfat etdi. Müalicə üçün Türkiyəyə getmişdi. Onun zamanında səhiyyəmiz Baba Pünhan demişkən "it günündə" idi. Ondan sonra dünyasını dəyişən Heydər Əliyev də ABŞ-ın "Klivlend" klinikasında öldü. İndi deyək ki, Heydər Əliyevin ölümündən 15 il ötüb və bu sürəcdə tibbimiz çox inkişaf edib. Bəs Elmar niyə bu "inkişaf etmiş" tibdən bəhrələnmək istəmir? Niyə bizim məmurlar yalan xəbər yayan telekanalizasiyalarımızdan fərqli olaraq öz həyatlarını yerli həkimlərə tapşırmırlar?
O da məlumdur ki, bizim təkcə tibbimiz bu gündə deyil. O cümlədən ordumuz, silahımız, olmayan texnikamız, siyasətimiz də bu cürdür. Tibbimiz haqda danışdıq, məlum oldu ki, yalandan xəbər yaymaqla deyil, millətin müalicə üçün İrana getməsi bir yana, məmur da əməl meydanında yerli xəstəxanalara "tüpürür." Əməl meydanında eyni mənzərəni elə ordumuzda da müşahidə edə bilirik. Siz indiyədək bir nəfər nazir göstərə bilməzsiniz ki, övladı gedib hərbi xidmətdə olmuş olsun. Məsələn "Google" axtarış səhifəsində "nazirin oğlu şəhid oldu" yazın, uzaq başı gedib Türkiyəyə çıxa bilərsiniz. Azərbaycanda isə belə bir şey heç kasıb, yetim balası olan əsgərin yuxusuna da girmir. Bütün günü şəhid olan yetim balasıdır, gözü yaşlı qalan, ürək-dirək vedikləri də bu yetimin çəlimsiz, qoca, əldən düşmüş, beli sınmış atasıdır. Yoxsa görmüsünüz ki, Əhəd Abıyev şəhid atası olsun. Elmar Vəliyevin oğlunun hərbi hospitala düşməsi xəbərini eşitmisinizmi? Əgər ordumuz belə yaxşıdır, inkişaf edib, güclüdür, yeməyi, içməyi yerindədirsə niyə məmurların övladları hərbi xidmətdən yayınır. Hətta məmurdan başqa adi insanlar da başlayıblar xəyanət etməyə. İş əməl meydanına yetişəndə görürük ki, hər şey deyilənin əksinədir.
Mümkündür deyilsin ki, biz ermənilərlə müharibə edərkən onlar bizdən qorxub çəkinir. Sadəcə bizim qarşımızı dünya dövlətləri alıb müharibə etməyə qoymur. Yaxud biz sülh yolu ilə torpaqlarımızı qaytarmağa çalışırıq. Elə bu da biz deyənin bir başqa cür deyiliş formasıdır. Biz də onu demək istəyirik ki, siyasətimiz də səhiyyəmiz və ordumuz kimidir. Əgər biz yaxşı siyasət apara bilsəydik bütün dünyanı arxamızda görərdik. Amma bizi dünya yalandan, sənədlər üzərində dəstəkləsə də Ermənistanı terrorçu kimi tanımır. Necə olur ki, Rusiya, Avropa, ABŞ kimi güclər İŞİD-i terrorçu elan edib əleyhlərinə birləşirlər. Ermənistanı da terrorçu bilsəydilər onun əleyhinə birləşərdilər. Ermənistan bu gün terrorçu kimi tanınmırsa o da bizim iqtidarın yaramaz siyasəti nəticəsindədir. 30 ilə yaxındır ki, Ermənistanı dünyada terrorçu dövlət kimi tanıda bilməyiblər. Tanıda bilməmələri bir yana, bilirik ki, adam balası kimi söz danışıqdan keçməyəndə silaha əl atırlar. Amma biz onu da edə bilmirik. Çünki qeyd etdiyimiz kimi müharibə meydanında ordumuzun, silah-sursatımızın da əleverişsiz olduğu bilinəcək. Ona görə də boş-boş inkişaf nağılları danışmaqdansa ölkədə düz əməlli siyasət, ordu, səhiyyə, təhsil üçün şərait yaradılmalıdır.


502 بازدید
در حال ارسال اطلاعات...