Şrift ölçüsü:
A+
A
A-
Kr
24 İyun 2018

İranda edam cəzası və Mirzə Cəlilin müsəlman xalqımızı təhqir etməsi

Camaatın ağzı torba deyil ki, tikəsən, bir daha danışa bilməsin
Bizim xalq arasında çox əla bir deyim var. Deyərlər ki, insanların ağzı torba deyil ki, tikəsən.
Hərə bir söz danışır, necə deyərlər burunlarının girmədiyi yerə başlarını yaxşıca soxmağa çalışarlar.
Maraqlı bir hadisəni nəlq edim, ondan sonra keçək mətləbə. Deməli, Həkim Loğman bir gün oğluna deyir ki, sən camaatın nə dediyinə fikir vermə. Çalış Allahın nə dediyinə fikir verəsən. Oğlu bu məsələni anlamadıqda ona deyir ki, ulağı götür çıxaq çölə. Nə isə, üçü də düzəlir yola, yolda bir dəstə adam onları görüb istehza ilə deyir ki, eh bunlara baxın, nə ata, nə də oğul ulağa minməyib. Daha sonra ata oğluna deyir ki, oğul min ulağa. Yenə bir qədər getdikdən sonra qarşıda görünən bir dəstə adam istehza ilə deyir ki, gör nə fərsiz oğuldur, özü ulağa minib, atası isə piyadə gedir. Ata oğlunu ulaqdan endirib özü minir. Bir qədər getdikdən sonra bir dəstə adam bunları görüb deyir ki, gör necə daş ürəkli atadır, özü ulaq belində gedir, uşaq yazıq ləhləyə-ləhləyə piyadə gedir. Daha sonra ata uşağı da mindirir ulağa. Yenə bir dəstə adam onlara istehza ilə deyir ki, gör bunlarda ürək varmı? İkisi də minib ulağın belinə, yazıq ulağın beli qırılır. Bəli, Həkim Loğman hər bir variantı sınayır, amma hər dəfə bir mız qoyan tapılır. Camaat çoxu elə bu cürdür. Birinin ağzını yumursan o biri başlayır donquldanmağa.

Deməli, metroda məşhur olan şortikli qızın söhbətindən sonra xəbər yayıldı ki, sən demə bir nəfər azyaşlı bir qızın namusuna təcavüz edib. Allah bütün irz, namus düşmənlərini məhv eləsin. Daha sonra ekspert rəyi ilə ictimaiyyəti tanış elədilər, nəticə bu oldu ki, belə bir hadisə əslində baş verməyib və qız elə qızdır, yəni bakirədir. Təki yayılan bütün şayələrin axırı bu cür yalan olsun. Hər halda saytlar belə yazdı.
Bu yerdə Cəlil Məmmədquluzadənin “Molla Nəsrəddin” jurnalının 1907-ci ilin iyul ayının 8-də (25-ci sayında) çıxan məqaləsindən bir parça yadıma düşdü. Mirzə Cəlil yazır:
“Murdar və kafir urusların içində bir belə qayda var: hər kəs bir balaca qıza və yainki yekə qıza zor eləsə, haman adamı tutub göndərirlər on iki il Sibirdə katorqa çəkir. Amma biz pakizə müsəlmanların da içində belə qayda var: bir kişi balaca qıza zor eləsə, biz haman kişini küçədə görəndə deyirik: “Allah mübarək eləsin.”” Bu yerdə deyirlər, yalançının belə lap ənkə böyüyünə lənət. Amma biz Cəlil Məmmədquluzadə deyilik ki, duraq kimisə təhqir edək. Bir də ki, Mirzə Cəlil kimi bir adamdan ötrü onun yeddi arxa dönənini, ənkə böyüyünü söymək də layiqli iş deyil. Kim böyüyünü söydürürsə də biz səbrimizi basar və dözərik. Bir də ki, sən Mirzə Cəlil, özün bu cür ola bilərəsn, amma cümlə müsəlmanın adından belə danışma. Biz müsəlman xalqıq, qeyrətimiz, namusumuz da əlhəmdu lillah ki, yerinədir. Etiraf etməliyik ki, Cəlil Məmmədquluzadə bu sözlərlə müsəlmanları və xalqımızı təhqir etmişdir. Çünki ən azından bizim xalqımız müsəlmandır.
İndi gələk məsələnin təbrik demək hissəsinə. İnsafən, bu sözləri oxuyan hər bir müsəlman oxucumuzun ürəyindən qız uşağını zorlayan bir insanı didmək keçir yoxsa “Allah mübarək eləsin” demək? Bu nə təhqirdir Mirzə! Özünü yığışdır bir az.
Əvvəldə yazdığmız kimidir. Camaatın ağzı torba deyil ki, tikəsən, bir daha danışa bilməsin. Bu məqalənin yazılmasından 111 il keçib. Gəlib 21-ci əsrdə İran torpaqlarında edam cəzası ilə rastlaşmışıq. İranda edam olunan insanlardan biri də namus düşmənləridir. Cəlil Məmmədquluzadənin bir əsr bundan qabaq təhqir etdiyi müsəlmanların nəvə-nəticəsi bu gün İranda zor tədbiq edən insanları edam edir. İndi onlardan soruşsanız, deyəcəklər ki, biz İslami cumhuriyyətik. Bizim qanunlarımız İslam qanunlarıdır. İslam da müsəlmanların dini deyilmi? Deməli, nəinki Cəlil Məmmədquluzadənin dövründə, hətta ondan əsrlər əvvəl də İslamın qanunları bu cür olub – təcavüzkar bu cür cəzalandırılırmış. Hələ nəinki zorlamaq, hətta öz xoşlarıyla zina etsələr belə onlar cəzası vardır. İndi Cəlil Məmmədquluzadənin etdiyi təhqir deyil bəs nədir? Görünür ya o tamamilə İslam camiəsindən qafil olub, ya da bilə-bilə durub İslam və müsəlmanları təhqir etməyə çalışıb. Halbuki müsəlman cəmiyyətləri şəxsən indiki Azərbaycana nisbətdə o vaxtlar daha çox müsəlman və İslama riayət edən insanlar olublar. Həə, işin ən pis tərəfi də həmin “torba” sözüdür. Həmin Məmmədquluzadənin tərəfdarları durub bu gün İranı insanlara zülm etməkdə ittiham edirlər. Nə var ki, bir dılğır durub camaatın balasını zorlayıb və onu edam edirlər. Bir hay-şivən qalxır, iki göz istəyir tamaşa eləsin. Edam cəzasına yox ha, bunu 21-ci əsrin standartlarına zidd hesab edənlərə. Nə edəsən? Heç nə etməyəndə də bəyənmirlər, edam edəndə də mız qoyurlar.


224 بازدید
در حال ارسال اطلاعات...