Şrift ölçüsü:
A+
A
A-
Kr
24 İyun 2018

Metroda şortikli qız, pambıqdan zəhərlənənlər və əxlaqsız şou-biznes

Niyə bu adamlar əxlaqsız şoumenləri, şou-biznesi, tərbiyəsiz, atılmış müğənnilər dayandırmırlar?
Neçə gündür metroda bir nəfər qısa şortikli qızın davası yaman dəbə minib. Əlbəttə hadisənin videosu çəkilsə də çəkilməsə də “şortik” və “qız” sözlərini eşidən təki bilirsən ki, söhbət abır-həya söhbətidir. Məşhur olmağa gəlincə, bizdə soyunmaqla, qısa geyinməklə məşhur olan ilk adam bu qız deyil. Bundan qabaq şou əhli, tərbiyəsiz müğənnilər, aparıcılar və s. insanlar da məhz soyunmaqla, lütlənməklə, fahişəliklə (pozğunluq) məşhurlaşmışdılar.

Biz mümkün qədər gündəmdə olan məsələlərdən yazmağa çalışırıq. Şortikli qız söhbəti də gündəmdə olan məsələdir. Amma bəziləri sanki bilərəkdən bundan daha mühüm məsələləri gizlədir, ört-basdır edir və şortikli qızın davasını daha çox şişirtməyə çalışır. Əvvəla deyim ki, şortikli qızın ədəbsiz geyinməsinə bəraət qazandıra bilmərik. Zatən əxlaqı, tərbiyəsi, qeyrəti olan insanlar bu əxlaqsızlığa susmamalıdır. O qız da bu xalqın içindən çıxıb, o da bir Allah bəndəsidir. Onun hidayətə, düz yola gəlməsinə ehtiyac vardır. Söhbətin məğzi də məhz budur. Onu tənqid etmək və tərbiyələndirmək lazımdır. Amma burada belə bir sual verilir: onun bu qədər həyasızlaşmasına səbəb nədir? Həyasızlaşmaq deyərkən təkcə geyimi nəzərdə tutmuruq. Həm də onu nəzərdə tururuq ki, bu adam kimə arxalanır bu cür geyiminə hələ bir bəraət də qazandırır. Kimə arxalanıb doğru etdiyini düşünür? Kimə arxalanıb qınaqdan qorxmur? Kimə arxalanıb dava salır? Niyə qınaqdan qorxmur? Ona görə ki, sabah iş polisə düşsə polis onu qınayanlara, onunla dalaşanlara deyəcək ki, bu ölkədə qanun var, demokratiya var, azadlıq var. Qanun da onun bu cür geyinməsinə imkan verir. Amma desən bəs əxlaq, şərəf, qeyrət...

Siz heç uzağa getməyin, internetdə bir hicab aksiyalarına baxın, bir də şortikli gəzənlərin aksiyalarına. Bir məktəbdə hicabla əyləşə bilməyən balalarımıza baxın, bir də məktəbli geyiminə, “son zəngdə” qızların geyindikləri qısa paltarlara. Qısa şortik geyinmək hicab bağlamaq deyil ki, polisin də gözünə girisn, məktəb müdirinin də, nazirin də deputatın da. Azərbaycanda soyunmaqdan, lüttənməkdən ötrü nə qədər sponsorlar peyda olurlar. Siz də gözəl bilirsiniz, qabağa getmək, tanınmaq üçün soyunmaq bu ölkədə “şərtdir.” Hətta müğənnilər arasında elələrini tapmaq olar ki, onların bəlkə də sənətləri, səsləri, musiqi savadları vardır, amma soyunmaqları, tərbiyəsiz klipləri olmadığı üçün, yəni əxlaqlı və namuslu olduqları üçün qabağa getmirlər. İnsana əxlaq, şərəf, qeyrət lazımdır. Əxlaqsız sənət yerin dibinə girsin. Necə ki, sahibini yerin dibinə soxur.

Yazının başlığını oxuyan kimi elə bilməyin ki, biz pambıqdan zəhərlərnən vətəndaşlarımızın bu hadisəsiylə şortikli qızın hadisəsini ört-basdır etmək istəyirik. Xeyr, biz demək istəyirik ki, şortikli qız tərbiyəsizləşməkdə olan cəmiyyətin, gənclərin bir dənəsidir. Biz istəyirik elə yazaq, elə tənqid edək və elə yol göstərək ki, məsələ kökündən öz həllini tapsın. Bütövlükdə əxlaqsızlıq aradan qalxsa, bu qız da bu axının içində yox olub aradan gedəcəkdir. Bundan ötrü nə etməliyik? Əvvələn mənəvi proqramlara, verilişlərə, seriallara üstünlük vermək lazımdır. Avropanın bezib də imtina etdiyi tərbiyəsizliyi biz də bir kənara qoymalıyıq. Seriallarımızda mənəvi motivlərə, dini səhnələrə çox yer verməliyik. Ruhanilərə şərait yaratmalıyıq ki, dini məsciddən kənarda da (məsələn ekranda, radioda və başqa ictimai yerlərdə) rahat şəkildə edə bilsinlər. İkincisi isə dövlət bəzi qadağalar meydana çıxartmalıdır. İctimai yerlərdə qısa geyinmək, şəhvət təhrik edən libaslar geyinmək olmaz. Bunlara riayət edilsin.

Bu yaxınlarda Milli Məclisin İntizam komissiyasının sədri deputat Ağacan şortikli qızı yaman tənqid elədi. Amma Ağacan müəllimə demək lazımdır ki, bu hadisələrin baiskarı sizsiniz. Sizin sayənizdə gənclər bu qədər pozuldu. Siz vaxtında başınızı siçan kimi deputatxanaya soxmaq əvəzinə efirdəki əxlaqsızlığa “dur” deməli idiniz. Şou-biznesi görmürsünüzmü? Bütün bunlara kor olmaq olarmı? Bu, məsələnin şortikli qıza bağlı olan hissəsi. Məsələnin bir də şortikli qızı əldə bayraq edib digər məsələlərdən yayınma cəhdləriylə bağlı hissəsi vardır. Niyə Ağacan və onun həmkarları pambıqdan zəhərlənənlər barədə danışmırlar. Niyə bu adamlar əxlaqsız şoumenləri, şou-biznesi, tərbiyəsiz, atılmış müğənnilər dayandırmırlar? Yoxsa onlara xoşdurmu öz övladlarının, oğullarının, qızlarının, gəlinlərinin, ata-analarının yanında oturub bu cür əxlaqsızlıqları seyr eləsinlər. Heç utanmırlarmı?

Bu kimi hadisələr Azərbaycanı uçurumun bir addımlığına gətirib çıxarıb. Ya bu işə tezliklə əncam çəkilməlidir, ya da xalq, dövlət bu uçurumdan aşağı yuvarlanacaqdır.


157 بازدید
در حال ارسال اطلاعات...