Şrift ölçüsü:
A+
A
A-
Kr
16 İyun 2018

Bu baş nazirlər hansı xalqa düşməndir – Azərbaycan ya erməni xalqına?

Azərbaycanın keçmiş və indiki baş nazirləri ancaq və ancaq Azərbaycan xalqının qanına susayıblar.
Ermənistanda və Azərbaycanda baş nazirlər bu günlərdə gündəmdədir. Ermənistanın baş naziri Nikol Paşinyan dünyanın, xüsusilə də Rusiyanın gündəmində, bizim baş nazir isə kasıb, maaşı vaxtında verilməyən camaatın. Bir qrup insan baş nazir Novruz Məmmədovun otağına daxil olmaq istəyib, amma qapını onların üzünə açan olmayıb. Onlarsa “baş nazir” şüarlarını davamlı olaraq səsləndiriblər. Görünür baş naziri təhqir də ediblər. Çünki səslər bəzən söyüş əvəzinə verilən siqnalla da əvəzlənir. İddia edilir ki, baş nazir onlarla görüşəcəyini desə də sonradan vədinə xilaf çıxıb. Onlar öz məvaciblərini ala bilmədikləri üçün etiraz edirlər.
Ermənistanın hazırkı baş naziri Nikol Paşinyan artıq Rusiya ilə dil tapıb. Görünür Qarabağın açarı hələ çox Putinin əlində qalacaq. Yenə də üçtərəfli danışıqlar başlayacaq. Belə də ki Putinə nə var ki, torpağı özümüz vermişik, özümüz də almalıyıq. Putin də deyəcək ki, məndən nə istəyirsiniz a balam, siz nə vaxt silahlanıb vuruşdunuz, biz qoymadıq. Uzağa getməyək, götürək elə Paşinyanın Sərkisyanı qaçırmasını. Uzun illərdir hamıya məlum idi ki, Ermənistan Rusiyanın bir quberniyası sayıldığı kimi Ermənistanın hakimiyyəti də Moskva üçün Çeçenistan hakimiyyətindən başqa bir şey deyil. Fərz edin Ermənistan da Rusiyanın tərkibində bir muxtar vilayət. Bu qədər sadə.
Özü də bilirik ki, Paşinyan qiyam qaldıranda Rusiyanın adamı olan Sərkisyana qarşı qiyam qaldırmışdı. Moskva da dəli deyil ki, aləmi bir-birinə qatsın. Baxır görür hansının “sroku” keçib, tullayır, yerinə gələnin üstünə öz istifadə tarixini yapışdırır. Paşinyan isə indiyədək “nurani” bir insan idi, gəlib qatil Sərkisyana yerini göstərəcək və Qarabağı “alıb bizə qaytaracaqdı.” Gələndən sonra isə Sərkisyan oldu huri-mələk, Paşinyan şeytansifət roluna girdi. İndi istəyirik ki, Paşinyan getsin, ən azından Saakaşvili olsun. İkinci dəfə, yəni yeni bir baş nazir tapılsın, Moskva Paşinyanı əvəzləsin. İndi görün ki, Ermənistan necə demokratiyaya doğru inkişaf edir ki, ölkənin prezidentini tanıyan yoxdur, dünyanın gündəmində baş nazirdir. Qiyamçı da odur, Saakaşvili də odur, lap belə prezident də odur.
Bizdə onsuz da adətdir, bir dəqiqənin içində AZTV başda olmaqla – Hacıbala demiş – şeytandan mələk, mələkdən şeytan düzəldə bilirlər. Paşinyan məsələsi elə Rüstəm İbrahimbəyov məsələsinə də oxşayır. Deməli, Paşinyan necə əvvəllərdə “təmiz adam” idi, Rüstəm İbrahimbəyov da o cür idi. Hətta İlham Əliyev onunla rumka toqquşdurur, məşhurluğundan istifadə edirdi. Heydər Əliyev də sənət adamlarının gözündə “blat” artırmaq üçün İbrahimbəyovu tərifləyirdi. İndi həmin İbrahimbəyov olub Azərbaycan xalqının düşməni. Türkiyə hakimiyyəti Fətullahı Güləni terrorçu elan etdiyi kimi Azərbaycanda da İbrahimbəyovdan Gülən düzəldiblər. Bu məsələlər öz yerində. Amma onu bilirəm ki, dünyada bizə gülən çoxdur. Bu Ermənistanla bağlı.
Bəs bizdəki baş nazirlər nə edirlər? Varlıqları ilə yoxluqları bilinmir. Artur Rəsizadə onsuz da yox kimi bir şey idi. Xalqın gözündə ölüdən başqa bir şey deyildi. Etibar Məmmədov deyirdi ki, Artur Rəsizadə özü birbaşa 20 Yanvar hadisələri zamanı Moskvaya teleqram vurub kömək istəyib. Rus qoşunlarını ölkəyə girmək üçün dəvət edib. Əliyalın xalq onun dəvəti ilə güllə-baran edilib. Deməli ikiqat ölü olub. Elə indiki baş nazir də yox kimi bir şeydir. Camaat onun qapısını döyür, qapı isə açılmır. Qapını açan yoxdursa deməli otaqda kimsə yoxdur. Bir sözlə bizim bəxtimiz baş nazir sarıdan gətirməyib. Bizdə baş nazir heç vaxt işə yaramayıb. Çünki diktatorluğun hökmran olduğu ölkələrdə baş nazirlər olmur. Olanda da diktatorun sağ qolu olur.
Uzun sözün qısası budur ki, Ermənistanın keçmiş (Sərkisyan) və indiki baş nazirləri erməni xalqına deyil, Azərbaycan xalqına düşməndir. Amma Azərbaycanın keçmiş və indiki baş nazirləri ancaq və ancaq Azərbaycan xalqının qanına susayıblar.


486 بازدید
در حال ارسال اطلاعات...