Şrift ölçüsü:
A+
A
A-
Kr
11 İyun 2018

Qədr gecəsində amnistiya yoxsa səhvi düzəltmə qərarı?

Təəssüflər olsun ki, bizim Azərbaycanda, bir müsəlman ölkəsində Ramazan ayı dövlət səviyyəsində, məsələn ən azından televiziya kanallarında o qədər də hiss edilmir.
Mübarək Ramazan ayının zatən mübarək olmasından əlavə bir də bu ayda bərəkətli Qədr gecələri vardır. Qədr gecələrində möminlər Allahın dərgahına əl açır, bağışlanma diləyir, tövbə edir, bu aydan günahları bağışlanmış halda çıxmağı umur.

Təəssüflər olsun ki, bizim Azərbaycanda, bir müsəlman ölkəsində Ramazan ayı dövlət səviyyəsində, məsələn ən azından televiziya kanallarında o qədər də hiss edilmir. Düzdür, bir-iki veriliş axtarsaq tapmaq olar, amma bu, Ramazanda mənəviyyat təbliği demək deyil. Bu azmış kimi bütün günü hansı kanalı çevirirsən şou-biznesə aid adamların, aparıcıların, müğənnilərin həmişəki səviyyəsizliyi, düşüklüyü insanın əhvalını korlayır. Nə vaxta qədər müsəlman xalqımız Ramazan ayında Türkiyə kanallarından verilən pr. doktor ilahiyyatçıların verilişlərini izləyəcək, nə vaxtacan bu xalq İran İslam Respublikasının ərsəyə gətirdiyi dini kinolara tamaşa edəcək? Nə vaxtacan Türkiyədə iftara yaxın bir vaxtda küçələrdə icra hakimiyyətləri, bələdiyyələr tərəfindən təşkil edilmiş iftar süfrələrinə baxıb "kaş bizdə də bu cür olardı" deyəcək? Bütün bunlar bizdə olmalı deyilmi? Biz də İran və Türkiyə kimi müsəlman ölkəsi deyilikmi?

Küçələrdə günorta vaxtlarında fəaliyyət göstərən pivəxanalardan tutmuş, dönərxanalar, restoranlar öz fəaliyyətini günorta saatlarında (iftara qədər) dayandırmır. Baxın, indi bu sözləri oxuyanların içində elə adamlar tapılacaq ki, deyəcəklər axı biz dünyəvi dövlətik. Bunu bildik, amma birincisi, dünyəvilik bizi dindar və dindarlıqdan ayırmamalı, ən azından oruc tutanlara Ramazan ayında hörmət edilməlidir. Əgər dövlət səviyyəsində bu iş edilmirsə heç olmasa imkan versinlər bu bir ayı televizyadan insanlara bu məsələlər çatdırılsın və xalq könüllü olaraq dini ayinləri, göstərişlərə riayət eləsin. Ola bilər bizim dövlət dünyəvi dövlətdir, amma Türkiyə də belədir, de gəlki orada məhz dövlət tərəfindən belə fəaliyyətlər özünü hər il biruzə verir. Başqa vaxt ölkədə bütün küçələr, yollar "zanit" edilir ki, Formula 1 yarışları keçirilsin. Bir ay da küçələr iftar süfrələrinə görə məşğul edilsə pismi olar?

Bu yaxınlarda eşitdiyim bir xəbər məni çox duyğulandırdı. Türkmənistanın hakimiyyəti də diktator kimi tanınır. Prezident Berdiməhəmmədovun idarəçiliyi barədə də yaxşı xəbərlər eşitmirik. Amma görün xəbərdə nə deyilir. Sən demə o, mübarək qədr gecələrində amnistiya qərarı verib. Xəbərdə o da deyilir ki, prezident 2016-cı ildə 600 nəfəri azadlığa buraxıb. Bu bir qayda olaraq Türkmənistanda hər il yerinə yetirilir. Görünür Berdiməhəmmədov bunu bir ənənəyə çevirib. Hökümətin iclasında bu rəsmən bəyan edilir.

Türkmənistan da dünyəvi dövlətdir, amma bu, hər bir dünyəvi dövlətin hakimiyyətinin allahsız olması mənasına gəlmir. Qədr gecəsi rəhmət gecələridir. Bu gecələrdə Azərbaycanda da belə bir ənənə olsa yaxşı olar. Onsuz da dövlət başçısı çıxıb efirdə dini bayramlarda (Qurban, Fitr bayramlarında) xalqı rəsmən təbrik eləmirmi? Bu, dünyəviliyə zərərmi vurur? Nə üçün Türkmənistandan belə gözəl xəbərlər eşitdiyimiz halda Azərbaycanda hansısa bir əxlaqsız deputatın çıxıb Qədr gecəsini keçirən bir xalqın məzhəbini, dinini, dini ayinlərini təhqir etməsi xəbərlərini eşitməliyik. Nə üçün Türkmənistanda - dünyəvi dövlət olmalarına rəğmən - Qədr gecələrində amnistiya qərarı verildiyi halda, bizim ölkəmizdə şeytanın zəncirlənməsinə baxmayaraq hansısa deputat onun əvəzinə lənətlənməlidir? Axı bu məsələlərə ciddi nəzarət edilməlidir.

Əlbəttə bu gözəl iş (amnistiya) təkcə dindara, ruhanilərə şamil deyil, o cümlədən digər insanlar da qanun yol verdiyi qədəriylə amnistiya qərarından bəhrələnməlidir. Çünki Qədr gecəsində mümkündür qeyri-dindar da hidayət tapıb, cismi kimi ruhunu da zindanlardan azad etsin.

Məlum məsələdir ki, Azərbaycanda həbs edilən dindarlar, ruhanilər şərlənərək həbs ediliblər. Onlar dini, hicabı, namazı təbliğ etdikləri üçün iyrənc bir formada şərlənib həbs ediliblər. Bu insanlar təbii ki, amnistiya deyilən bir prosesin onların üzərində icra olunmasını qəbul etməyəcək. Çünki onların bu mənada heç bir günhı yoxdur ki, günahları əfv edilsin. Sadəcə dövlətlə dindarları, ruhaniləri üz-üzə qoymaq istəyən qaragüruhçuları yerində oturdub bu məsələni araşdırmaq lazımdır. Əksinə, şər atanlar öz cəzalarına çatmalıdır. Hakimiyyət bu mənada yol verdiyi ciddi səhvi düzəltməli, birinci növbədə həbs edilmiş ruhaniləri, dindarları azadlığa buraxmalıdır. Çünki cəmiyyətdə Ramazan dəyərlərini, digər dini ayinləri xalqa öyrədən, təbliğ edən, yaşadan məhz bu insanlardır. Biz bu Ramazanda bir daha şahid olduq ki, həbs edilməyən digər ruhaniləri də İslam düşmənləri sosial şəbəkələrdə təhqir etməklə, alçaltmaqla və başqa bu kimi əxlaqsız vasitələrə əl atmaqla şərləmək, məzhəb davası salmağa çalışırlar. Bu isə real təhlükədir, bunun qarşısını almaq üçün ruhanilərin köməyindən ciddi şəkildə istifadə etmək, onlara meydan və ekran verilməlidir.

Təsəvvür edin ki, bizdə dini sahədə vəziyyət o qədər gərgindir ki, bu sətirləri oxuyan bir çox insanın düşündüyü o olacaq ki, belə bir hakimiyyətin köməyi bizə lazım deyil, dini təbliğatımızın qarşısında sədd çəkməsin, ziyan verməsin, xeyri özünə qalsın. Bu, isə çox pis vəziyyətdən xəbər verir.


374 بازدید
در حال ارسال اطلاعات...