Şrift ölçüsü:
A+
A
A-
Kr
11 İyun 2018

Həbsxana divarları haqqında düşüncələr

Daşın-divarın canı, ruhu, gözü, dili olmasa da… qulağı var!..
Eldəniz Quliyev

Rejimin zindanlarında min bir əziyyətə qatlaşan əvəzolunmaz Gözəl Bayramlımızı, eləcə də digər vicdan və siyasi məhbusları düşünərkən…

Ürəyimnən bir neçə kəlmə həbsxana divarları haqqında yazmaq keçdi…
Bəli, məhz həsxana divarlarından. O divarlardan ki, neçə-neçə ağlasığmaz və dəhşətli hadisələrin “iştirakçısı” olub. Cansız iştirakçısı. O divarlardan ki, kövrək ümidlərlə yoğrulan, ağrı və əzablarla dolub-daşan insan duyğularının bütün çalarlarına şahidlik edib… Adamı heyrətə salan qəribə və qəribə olduğu qədər də qaibanə olaylar, əhvalatlar “görüb”.
Yox, divarların gözü olmur… Onun heç hiss-həyacanı da olmur… Divarlar, sadəcə, görüb-eşitdiklərini öz daş canlarına çəkib hopdura bilirlər, vəssalam.
Amma görən onlar, zərrə qədər də günahı, cinayyəti olmayan boynubükük insanların ah-naləsini, harayını eşidiblərmi?.. Görən o daşlar şərlənib tutulan məsum insanların qanlı göz yaşlarıyla yazdığı məktubların fəryadına əks-səda veribliərmi?! Görən onlar, heç bir günah işlətməmiş məhbusların sərgilədiyi əzm, qürur, cəsarət və qəhrəmanlıq nümunəsindən heyrətə gəliblərmi? Və görən, cansız-ruhsuz o daşlar insan satqınlığından; xainlikdən, qorxudan, hirsdən-hikkədən, dərddən-sevincdən diksinib də “həyacanlanıblarmı” heç?.. Bu daş-divarlar nə qədər daşürəkli adamlar, nə qədər çiliklənmiş ümidlər, xıncım-xıncım olmuş arzu-istəklər, nə qədər biganəlik, riyakarlıq, laqeydliklər görüblər, Allah!..
Daşın-divarın canı, ruhu, gözü, dili olmasa da… qulağı var!.. Əlbəttə var! Və bəlkə də, bu qulaqlar çarəsiz İNSAN iniltiləri, əzab içərisində qovrulan İNSAN bağırtıları eşitməkdən kar olublar… və bəlkə elə, kar olduqları üçün danışa da bilmirlər,- laldılar!..
O divarlar adi divarlar deyil… O divarlar mənəviyyat işığımızın öləziməməsi, ruhumuzun halalca dincliyi üçün, əxlaqımızın aşınmaya düçar olmaması, nəhayət, bizlərin ləyaqətli, imanlı, şərəfli yaşaya bilməsi üçün, öz canlarından keçməyə hazır olan neçə-neçə qardaş-bacımızın,balamızın yorğun kürəyini söykədiyi divarlardı…
Bu dünyada heç nə boşuna deyil, heç nə. Hətta ağızdan çıxan və qeyri-maddi sayılan SÖZ də hardasa donur, sıxılıb-bərkiyir- maddiləşir. Allahım, deyirəm, bəlkə yer üzünün həbsxana divarları elə o maddiləşmiş “Ah”-larla acı göz yaşlarının qarışığınnan hörülür?.. Belədirsə, onda nə vaxtsa o daşlar, həmin o divarları hörənlərin başına yağacaq!.. Günahı-suçu-cinayyəti olmayan insanları zindanlarda – dörd divar arasında çürüdənlər bilməlidilər: onlar cəzadan yayına bilməyəcəklər. Bir gün o daşlar onların başına düşəcək. Mütləq düşəcək!.. Çünki bunu İLAHI ƏDALƏT tələb edir.
Hər şeyi inkar eləmək olar… İLAHİ ƏDALƏTDƏN savayı!


350 بازدید
در حال ارسال اطلاعات...