Şrift ölçüsü:
A+
A
A-
Kr
04 İyun 2018

Həsənovun ölkəsində müsəlman ruhanisi həbs edilir ki, yəhudi əziyyət görməsin?

Tutaq ki, azançı səsini tutub saxladı, 500-dən o tərəfə keçməsinə icazə vermədi. Bəs 500 metrə çatmamış qeyri-müsəlman neyləyəcək?
Və ya tovarişin "yüksək dini tolerantlıq" anlayışı

Əli Həsənov indoneziyaları jurnalistləri deyəsən xam görüb, başlayıb onlara Azərbaycanda olmayan "yüksək dini tolerantlıqdan" danışmağa. Mən doğrusu bilmirəm ondan müsahibə alan jurnalistlər nə dərəcədə dindardır, hansı dinin mənsubudur, Azərbaycan haqqında nə qədər anlayışları var, amma onu bilirəm ki, Əli Həsənov hansısa bir dindar, yerli jurnalistə o cür nağıllar danışa bilməzdi. Danışdığı nağıllar isə bu günkü Azərbaycan ibtidai sinif şagirdini belə qandıra bilmir. Deməli, siz adamın "yüksək dini tolerantlıqdan" qandığı qrafaya diqqət edin. Deyir ki, Azərbaycanda azanın 500 metrdən uzaq məsafədən eşidilməməsi barədə qayda mövcuddur. Müsəlmanlar üçün duaya çağırış başqa dinlərə etiqad edənlərə mane olmamalıdır... Elə bil bunlar şəriət sahibidir ki, həddi-tərəxxüs təyin ediblər camaat üçün. Görəsən Əli Həsənov bu 500 metri addım-addım gəzib təyin edib, yoxsa azançılar azan vermək istəyəndə əllərində metrə tutub əvvəlcə 500 metri təyin etməlidir? Tutaq ki, təyin etdi, yazıq azançı səsinə necə desin ki, 500-dən o tərəfdə eşidilməsin? Bəs dinamik inkişaf harda qaldı. Onda gərək birdəfəlik mikrofonlar yığışdırılsın, daş dövründəki kimi ancaq canlı səslə azan verilsin ki, məscidin 500 metrlik həndəvərində fırlanan Həsənov cənabları "Allahu Əkbər" sözü eşitməsin. Tutaq ki, azançı səsini tutub saxladı, 500-dən o tərəfə keçməsinə icazə vermədi. Bəs 500 metrə çatmamış qeyri-müsəlman neyləyəcək? Axı o azan səsini eşidəcək. Narahat olmayacaq? Bəs 500 metrdən o tərəfə (məsələn 600 metr uzaqda) yaşayan yazıq müsəlman hardan bilsin azan vaxtıdır?

Belə yalançının əndamı yansın əgər hansısa başqa dinin daşıyıcısı gəlib tovariş Həsənova azan səsindən şikayət edibsə. Məsihi, yəhudi, krişna, buddist, hətta meşə qardaşları belə öz işində-gücündədir, onların hansı birisi gəlib Həsənova şikayət edib ki? Ən azından Dini Komitə, Həsənov kişi kimi hünər edib - əgər varsa -şikayət ərizələrini internet saytlarında dərc edə bilərlərmi?

Bu saat ölkəmizdə müsəlmanlar üçün olan dini çağırış yoxe, müsəlman olmaq, dinə çağırmağın özün birinci elə müsəlmanlara mane olur. Bilirsiniz necə? Gəlin, məhbuslarımızın həbs səbəbinə nəzər salaq: Hicab məhbusu: Təsəvvür edin, ruhani Hacı Abgüllər, Hacı Talelər hicabı, məscidi müdafiə etdiyi üçün həbs ediliblər. Namaz məhbusu Hacı Sərdar Həsənli, camaata namaz qıldırıb deyə sionist nökərləri adamı həbs ediblər. Nicat Əliyev avroviziyanın iç üzünü açıb göstərən disklər payladığı üçün həbs edilib. Dini ölkədə təhsil alan tələbə sərhədi keçib öz ölkəsinə gələndə üzərində bir kilodan çox tiryək "tapılır." Budurmu "yüksək dini tolerantlıq?" Yoxsa tovariş Həsənovun bütün bunlardan xəbəri yoxdur? Bu ölkədə nədənsə elə müsəlman din xadimi dini ayinlərin icira edəndə həbs edilir, heç də qeyri müsəlmana güldən artıq söz deyilmir.

Daha sonra deyir ki, biz kiminsə orucluq kimi bir dini ayini yerinə yetirib-yetirmədiyini bilmirik və bilməməliyik. Mən bilmirəm ki, mənim əməkdaşlarım oruc tutur, ya yox, onlara da mənim oruc tutub-tutmamağımı bilmək lazım deyil... Görəsən bilsə nə olar? Mən dəqiq bilirəm ki, əgər tovariş Həsənov bir gün yox, yarım gün oruc tutsaydı bunu yüz dəfə başımıza qaxınc edər, hətta İndoneziya mətbuatı da bu barədə xəbərlər dərc edərdi. Bunların bildiyi bir söz var ki, bizim işlərimiz çətindir, dövlət işidir, oruc tutmağa vaxt yoxdur, dövlət işi ilə məşğul olmaq dini işlərdən daha çox savabdır. Güya Həsənov bir gün oruc tutsa və başqaları da ona baxıb ibrət alsa üzüyünün qaşı düşər. O boyda Türkiyə, İran kimi əhalisi Azərbaycan əhalisindən bəlkə on dəfə çox olan ölkələrin rəhbərləri, deputatları, nazirləri oruc tutur, hamı da bunu bilir. Bunların güya bütün işləri düzəlib, indi qalıb gizlində ibadət etmək. Görünür tovariş Həsənov ibadətin gizlində olanının yaxşı olduğunu bilib ixlası əldən vermək istəmir.

Amma mövzuları qarışdırıb. O əslində ürəyindən keçib ki, belə desin: Mən bilmirəm ki, mənim əməkdaşlarım rüşvət alır, ya yox, onlara da mənim rüşvət alıb-almamağımı bilmək lazım deyil. Çox çətin deyil, bircə "oruc" sözünü, "rüşvətlə" "tutmağı" da, "almaqla" əvəz edirsən vəssalam. Degəlki bu tovariş Həsənova oruc tutmaq sərf eləmir, çünki oruc özünü saxlamaqdır.. Rüşvət almaqdan, yaltaqlanmaqdan, xalqı aldatmaqdan, büdcəni talamaqdan, diktator, monarx olmaqdan, seçki saxtakarlığından, ruhanini, tələbəni şərləyib içəri atmaqdan, efirdə min cür əxlaqsızlıqdan... bir sözlə bütün şərəfsizlikdən özünü saxlamağa oruc deyirlər. Qarını təkcə yeməkdən yox, gərək rüşvətdən də saxlayasan.


373 بازدید
در حال ارسال اطلاعات...