Şrift ölçüsü:
A+
A
A-
Kr
23 May 2018

Güllələnmə təxirə salınsa nə fayda, onsuz da xəstəlik və kasıbçılıqdan ölürük

Qayğıdan uzaq düşmək demək olar bütün təbəqənin insanlarının alnına yazılıb
Görkəmli aktyorumuz Fuad Poladov haqqında ölüm xəbərini eşidərkən bu yazını yazmaq istədim. Amma bilirsiniz də ölkədə o qədər dərd-sər var ki, adam bir yazını qoyub o biri yazını yazmaqla məşğul olur. Problemlər o qədər çoxdur ki, bilmirsən hansı mövzuya işıq tutasan.

Fuad Poladovu hamı mərd aktyor kimi tanıyır. O mərd aktyor olmaqdan əlavə həm də mərd insan idi. Mərdcəsinə yaşadı, xəstələndi, kasıblıq gördü və nəhayət dünyadan getdi. Azərbaycanlı onsuz da dünyadan getmədiyi, nəfəs aldığı zamanlarda da ən azından ağ gün görmək üçün Azərbaycandan getməyi çoxdan planlaşdırır. Bəziləri çıxıb gedib də. Amma Poladov son nəfəsinə qədər Azərbaycanda yaşamağı seçdi.

Bizdə insana öləndən sonra qiymət verirlər. İnsanın qədri - bineyi- qədimdən bu məmləkətdə öləndən sonra bilinir. Elə Fuad Poladov da bu cür insanlardan biri idi. Deməli, adam dünyasını dəyişər-dəyişməz qəzet işçiləri, köşə yazarları başladılar haqqında yazmağa. Mən demirəm ki, onların əlinə mövzu düşmüşdü deyə yazdılar. Çünki bayaq da qeyd etdiyimiz kimi ölkədə dərd-sər birə mindir. Amma əlbəttə ki, bu qədər dərd-səri işıqlandırmaq hər oğulun hünəri deyil. Fuad Poladov isə işıqlandırırdı.

Mərhum aktyorumuz 2003-cü ildə Müsavatın mitinqində çıxış etmişdi. Görünür elə o gündən samballı filmlərdən, qayğıdan uzaq qalmışdı. Deyirdilər qalmaqallı adamdır. Bizdə bir qəribə "adət-ənənə" var axı. Biri günahkar olur müxalifət mitinqində görünür, nəinki öləndə dəfnində iştirak etmək, heç sağlığında qonşusu ona salam verməzdən əvvəl bu barədə ciddi cəhdlə fikirləşir, özünün xeyirləri və ziyanları barədə düşünür.

Fuad Poladovun ifa etdiyi rollardan biri "Güllələnmə təxirə salınır" filmindəki Xan roludur. Həmin filmdə Xanın, yəni Fuad Poladovun güllələnməsi təxirə salınır. Amma nə fayda, tutaq ki, heç bu günkü Azərbaycanda güllələnmə hökmü yoxdur, Fuad Poladov xəstəlikdən, kasıbçılıqdan ölmədimi? Sağlığında ona qiymət verməyənlər öləndən sonra fəallaşdılar. Heç elə bil indiyədək Fuad Polaov adlı aktyorumuz yox idi, ya da ki, bu aktyor rusun, fransızın aktyoru idi. Ən çox da ölkədə baş verən bu cür hadisələri "sastav" halında hurreey çəkib işqılandıran "Müsavat" qəzetinin işçiləri başladılar "duyğu sömrüsü yapmağa." Güya bunlar aktyorun halına yanırlar, güya bunların ürəyi yumşaldı.

Fuad Poladovdan bir dənəsi hələ də yaşayır. Rasim Balayev. Mərhumun həm səhnədə, həm də həyatda yaxın dostudur. Onun ölüm xəbərini eşidən kimi ayaqları tutuldu. Bir videosu yayılıb. Rasim Balayev deyir ki, yaxşı, bildik ki, bu şou əhlinin qardaşı, atası, yiyəsi yoxdur, bəs televiziyanın da yiyəsi yoxdur? Çox gözəl sualdır. Bu cür sualı verən cəsarətli aktyorlarımız, sənət adamlarımız nadirdir. Bilirsinizmi, aktyor gərək təkcə səhnədə qəhrəman olmasın, həyatda da cəsarətli, qəhrəman olub "televiziyanın yiyəsi yoxdur" sualından daha ciddi sual vermək həddinə qədər ucala bilsin. İndi camaatı düşündürən bir sual var: bu ölkənin yiyəsi yoxdurmu?

Rasim Balayev təkcə səhnədə Babək, Beyrək, Nəsimi deyil, o həyatda da haqqı deməyi bacarır. Onun da qədri bilinmir. İndi onun haqqında yazan, dərdini çatdıran, kömək edən yoxdur. Əcəl onun da qapısını döyəndən sonra başlayacaqlar yazmağa.

Mən razıyam, bu ölkədə əziyyət çəkən təkcə aktyor sinfi deyil. Demək olar ki, Fuad müəllim kimi başını dik tutan, sınmayan insanlardan savayı, yaltaqlığı, yalaqlığı özünün müqəddəs dəyəri hesab edən hər kəs yaxşı yaşayır. Təkcə efir deyil, demək olar bu həyatımızı pis günə qoyublar. Siz əgər tanınmış aktyorlarımızın, kino ulduzlarımızın şəxsi həyatına müraciət etsəniz görərsiniz ki, onların ulduzu çoxdan sönüb. Çünki bizdə ciddi sənətin, kinonun, mədəniyyətin ulduzu sönüb. Bir xalqın televiziyası ki, telekanalizasiya adlandırıldı, efirdə çılpaq müğənnilər, bayağı, şit, təlxək insanlar öz tərbiyəsizliyini nümayiş etdirdi, bir ölkənin səhnəsindəki Rafellə Coşqun Rasim Balayevdən, Fuad Poladovdan daha çox efiri zəbt elədi, o ölkədə incəsənətin "atasını yandırıblar." Bütün bunlar məqsədli şəkildə edilir ki, insanlarımız ciddi işlərlə məşğul olmağı bir kənara qoysun, ayılmasın, haqqını tələb etməsin. Hazırda tərbiyəsiz, təlxək şou əhlinin qaraclarında bahalı, xarici maşınlar olduğu halda, həqiqi sənət adamlarımızın, samballı aktyorlarımızın Allah bilir neçə dükana, super marketə borcu var.

Sonda bir məsələ barədə yazıb bitirirəm. Yuxarıda qeyd etdik ki, qayğıdan uzaq düşmək demək olar bütün təbəqənin insanlarının alnına yazılıb. Ölkəmizdə ancaq qudurğan məmurlar, zillətə xidmət edən vəkillər yağ-bal içində yaşayır. Bir yandan girdəsifət Hadı Rəcəbli kimi ailə biznesi olan insanların varlığı, xalqa "vəkillik" etməsi bu xalqın əsəblərini korlayır, digər yandan balası erməni gülləsinə tuş gəlib şəhid olan balalarımızın çəlimsiz atalarının məzlum siması ürəyimizi dağlayır. Bu uşaqlar yetim balalarıdır deyə cəbhə xəttinə göndərilir, Hadı Rəcəbli kimi qoğalsifət insanların balaları kef edir. Yetim balası öləndən sonra şəhid adı verməklə güya özümüzə təskinlik veririk.

Fuad Poladov mövzusundan əsgər mövzusuna bilərəkdən keçid etdim. Diqqətinizə çatdırmaq istədim ki, bu ölkədə hər sahədə çalışan insan səfalət, aclıq, mərəz içində yaşayır. Bircə yaltaq zümrədən, lazımsız zillət vəkillərindən, qudurğan məmurlardan savayı.


338 بازدید
در حال ارسال اطلاعات...