Şrift ölçüsü:
A+
A
A-
Kr
11 May 2018

Sərkisyandan betər Paşinyan – Qarabağı kim qaytaracaq?

Xalq Ermənistan və Azərbaycan hakimiyyətinə "cəhənnəm olasınız" deməli və öz taleyini müəyyənləşdirməlidir
Ermənistanda indiki baş nazir Nikol Paşinyanın saldığı həyasızlıqları az qaldı ölkəmizdə qəhrəmanlıq kimi qələmə versinlər. Əlbəttə diktaturanın hökm sürdüyü ölkəmizdə, 80 yaşlı baş naziri 70 yaşlı birisinin əvəz etdiyi Azərbaycanda adicə bir deputatın gəlib baş nazirlik iddiası etməsi, baş nazir kimi ölkəni idarə etməyə çalışan Sərkisyanı ayağına gətirməsi şəxsən bizim üçün sensasiyaya bərabər xəbərdir. Üstəlik adam gəldi, "Sərkisyan getməlidir" dedi, Sərkisyan da istefa verib getdi. Bir müddət sonra birinci seçkidə olmasa da ikinci seçkidə Paşinyan baş nazir ola bildi. Təbii ki, Paşinyan qələt edir, şəxsən inqilabçı olmaq onun "başı üçün" deyil. Nəinki təkcə onun, onun yerinə başqası da olsaydı süperdövlətlərin, xüsusən də Rusiyanın "dabrosu" yaxud müvəqqəti razılığı olmasaydı Paşinyan baş nazir ola bilməzdi. Bu işə Rusiya ya icazə verib, ya da onun gəlişindən də özünə xas bir şəkildə planları var. Çünki "rus ayısı" üçün fərq eləmir, ya qapazladığı adamı təyin edir, ya da başqasının təyin etdiyini qapazlayır. İkisi də eyni şeydir.
Sözümüzün canı isə başqa şeydir. Məsələ bundan ibarətdir ki, bizdə bəziləri yaman sevinmişdi. Ona görə ki, Serj Sərkisyan qatil, cani, uşaq qatili, işğalçı idi. O və hakimiyyətinin rədd olub getməsi sevindirici haldır. Lakin Paşinyanın baş nazir olar-olmaz Şuşanın işğalı günündə Qarabağa – Azərbaycandan icazəsiz- səfər etməsi onu göstərdi ki, o Sərkisyandan da betərdir. Bizim üçün nə fərqi var ki, nəhayət budur ki, ikisi də işğalçıdır. (Düzünə qalsa o zamanlar Sərkisyan, indi də Paşinyan "kukla"dan başqa bir şey deyil. "Qarabağın açarı Rusiyanın əlindədir" zərbü-məsəli doğrudur) Dəyişən hakimiyyət sadəcə Ermənistana vaxt qazandırdığı halda Azərbaycanı da dünyada rüsvay edir və Qarabağı bizə unutdurur. Bu hakimiyyət də gəlib bir neçə il eyni sözləri danışıb gedəcək. Ata Əliyevlə Köçəryan, İlham Əliyevlə Sərkisyan deyib güldüyü kimi Paşinyanla da məsələ eyni məslə olacaq. Dəyişən heç nə yoxdur. İlham Əliyev isə nə olur olsun Paşinyanın qarşısını almalı, Şuşaya girişinə icazə verməməli idi. Amma bunu etmədi. Ona görə ki, bu tərəfdən İlham Əliyevə də müharibə sərf eləmir. Çünki müharibə ölkəmizdə harınlamış hakimiyyətin, qudurğan məmurların var-dövlətinin əllərindən çıxması deməkdir.
Nikol Paşinyan Serj Sərkisyandan beş betər çıxdı. İlham Əliyev isə xalqına qarşı qəddar, düşmənə qarşı yumşaqdır. Sərkisyan hakimiyyəti İlham Əliyevə sərf edirdi. Soçi bu iki prezident üçün görüş, gülüş, xizək sürmək yerinə çevrilmişdi. Hər iki prezidentə sərf eləmirdi ki, Qarabağ məsələsini hərb, yaxud sülh yoluyla həll eləsin. Paşinyan da öz xələfinin yolunu gedəcək. Vaxt udmağa çalışacaq.
Yadınızdadırsa 2003-cü ilin prezident seçkilərindən öncə prezidentliyə real namizəd olan İsa Qəmbər bildirmişdi ki, ermənilərlə sərt danışacaq. Ermənilərin canına birə düşmüşdü. Ermənistanda bir hay həşir qalxmışdı ki, gəl görəsən. Camaat az qalmışdı ki, gedib kilsələrdə dua eləyib İlham Əliyevin seçilməsini arzulasın. Çünki onlar İlham Əliyevdən qabaq atası Heydər Əliyevin ermənilər üçün sərfəli olduğunu görmüşdülər. Arzuları gerçək oldu. O vaxtdan 15 ildir ki, erməni xalqı rifah içində kef edir. Çünki İlham Əliyev atası Heydər Əliyevin yolunu gedərək erməni hakimiyyətinə bir dəfə də olsun qaş-qabaq tökmədi. Hətta fikir vermisinizsə dəfələrlə AXCP-Müsavat cütlüyünün tarixin zibilliklərinə gömüldüyünü təkrarladığı halda Serj Sərkisyan istefa verəndə onun barəsində bu sözü işlətmədi.
Bu məqamda xalq Ermənistan və Azərbaycan hakimiyyətinə "cəhənnəm olasınız" deməli və öz taleyini müəyyənləşdirməlidir. Xaricdən ölkəmizi 20 faiz işğal edən erməni hakimiyyətinə, daxildən də 80 faiz işğal edən Əliyev hakimiyyətinə sərt üzünü göstərməlidir. Çünki 10 il ata Əliyevin, 15 il də bala Əliyevin yaramaz siyasəti göstərdi ki, bu adamlar Qarabağ məsələsindən sui-istifadə edirlər. Çalışırlar Qarabağ məsələsini tez-tez gündəmə gətirib müxalif fikirli insanları da özlərinə tərəf çəksinlər. Çünki Qarabağ məsələsi, Aprel döyüşləri kimi döyüşlərin xəbəri yayılanda xalq, müxalifət bir anlıq İlham Əliyev hakimiyyətinin zülmlərini unudur, başı Qarabağ məsələsinə qarışır. İlham Əliyev üçün də elə fikir formalaşır ki, sanki adam Qarabağın hamisidir, xalq onun bir əmrini gözləyir ki, müharibə şeypuru çalınsın və Qarabağ uğrunda savaş başlasın. Əbəs yerə camaat arasında belə bir söz yayılmayıb ki, Qarabağın azadlığı Azərbaycanın (Əliyevlərin caynağından) azadlığından keçir.


252 بازدید
در حال ارسال اطلاعات...