Şrift ölçüsü:
A+
A
A-
Kr
09 May 2018

Xalqın ortaq dərdi: Həbslərlə Azərbaycanı dünyada necə tanıdırıq?

Azərbaycanda hakimiyyət, məmurlar, Parlament və hətta zülmlərə susduğu üçün xalq ölkəni dünyada pis tanıtdırır.
Söz düşəndə deyirlər biz ölkəmizi, dövlətimizi dünyaya tanıtdırmalıyıq. Bundan ötrü beynəlxalq statuslu yarışlara, müsabiqələrə, musiqi, idman, muğam, xalçaçılıqla bağlı layihələrə hətta Formula-1 yarışlarına ölkəmiz ev sahibliyi edir. Əlbəttə bu proqramları Azərbaycana həvalə edən təşkilatlar bu işlərdən pul qırpır, bizimkilər də xalqın "boğazından kəsib" bu cür proyektlərə pul xərcləyirlər. Adicə Formula-1 yarışlarında şəhərin necə daraldığını, insanların avtobus dayanacaqlarına getmək üçün hansı maneələrdən, dar qapılardan keçdiyini görmüsünüz. Parlamentin deputatlarından olan Ağacan kimilərsə deyir ki, kim Formula-1-i bəyənmirsə onun başına qapaz vurmaq lazımdır. Əlbəttə xalqın bu yarışlardan xoşu gəlmir, onun birlik, vəhdət təşkil edib Ağacan kimilərini qapazaltı eləməməsi bu cür zillət vəkillərinin əlinə bəhanə verir ki, bu cür boşboğazlıq edib, qoyun qarın-qursağının üzərinə toplaşan yaşıl milçək kimi ürək bulandırsınlar. Özü də qapazaltı deputat deyir ki, biz bu layihələrlə Azərbaycanı dünyada tanıtdırırıq. Halbuki ölkəni dünyada dolmasıyla, Avroviziya yarışmasıyla, Formula-1 ilə deyil, əksinə xalqın oyaqlığı, ordunun qüdrəti, ölkənin silahı, səhiyyəsi, təhsili, inkişaflı ordusu, əsgəri, xalqın yaxşı yaşaması, işğalda olan torpaqları işğaldan azad etmək ilə tanıtmaq lazımdır. Əgər qapazaltı deputat Ağacan müəllim Azərbaycanı dünyada necə tanıtdırdıqlarını bilmək istəyirsə deyək bilsin. Bu gün Azərbaycanda 200 - ə yaxın siyasi məhbus var. Bunlar öz siyasi statuslarına, dini baxışlarına, demokratiya arzularına görə həbs ediliblər. Nəzər salsanız çoxu da gənclərdən ibarətdir. Sifarişli, ədalətsiz məhkəmələr ağır cinayət edənlərə bir neçə il həbs verir, onlar da pul tapıb hakimlərə (hakimlər də özbaşına deyil, özlərindən yuxarı, onları ora təyin edənlərə pul ötürür) verib işlərini yüngülləşdirirlər. Amma hakimiyyətin zülmlərini dünyaya duyuran insanlara isə uzunmüddətli həbs cəzası verilir, həbsxanalarda onlara ağır işgəncələr verirlər. Tale Bağırzadə, Zülfüqar Mikayılov, Abbas Hüseyn – bunlar xalqın gənc övladlarıdır. Hazırda bu insanlara və həbs edilən digər inanc sahiblərinə, azad söz aşiqlərinə qarşı repressiya dalğaları əsir. Budurmu Azərbaycanı dünyada tanıtmaq. İndi texnika dövrüdür, Avropada bir hadisə baş verən kimi o saat biz də bu hadisədən xəbər tuturuq. Çünki KİV-in sürətlə inkişaf etdiyi dövrdə yaşayırıq. Bu gün hansısa Qum tələbəsini tiryəklə şərləyəndə bilirsinizmi nə olur? Bütün Qumda xəbər yayılır ki, Azərbaycanda özünü müsəlman hesab edənlər Qum tələbəsinin çantasına tiryək atıb. Qumdan isə tətillərdə öz ölkəsinə (xarici ölkələrə) gedən minlərlə tələbə var. Bu tələbələr öz ölkəsində Azərbaycanı necə xatırlayacaq? Öz dindar, tələbə vətəndaşını tiryəklə şərləyən hakimiyyət və buna susan xalq kimi.
Bu gün İranın müxtəlif azəridilli məntəqələrində tədbirlər keçirilir, internetdə bu tədbirləri axtarıb tapa bilərsiniz. Onlar bu tədbirlərdə həbs edilmiş, haqqı tapdanmış, həbsxanalarda işgəncələrə məruz qalan ruhaniləri müdafiə edirlər. Bizdə zalım hakimiyyət elə bilir ki, məzlumların haqqını zay edənləri ifşa edən ruhanilərin aqibətindən heç kim xəbər tutmayacaq. Amma bu insanların xəbərləri xarici ölkələrdə duyulur və Azərbaycan hakimiyyəti dünyada özünü rüsvay edir.
Hazırda Avropanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı mühacirlərimiz var. Onlar orada tez-tez Azərbaycan hakimiyyətinin əleyhinə aksiyalar təşkil edirlər. Bundan başqa "diktatoru tanıdaq" (İlham Əliyev nəzərdə tutulur) adlı aksiyalar təşkil edib İlham Əliyevin şəkillərini Avropanın ən görməli, ən aşağılıq yerlərinə yapışdırırlar. İlham Əliyev və komandasında təmsil edilən insanları ən ağır formada təhqir edirlər. Bu təhqirlər bu gün "You Tube" kanalında mövcuddur. Avropa ölkələri Aztv deyil ki, yalandan qaranı ağ göstərib xalqı aldatmağa çalışsın və hər dəfə ekranına tüpürsünlər. Avropa ölkəsinə qaçqın, mühacir kimi gedən, orada sığınacaq alan insanların sayına baxan kimi görünür ki, Azərbaycan yaşamaq üçün münasib ölkə deyil. Təbii təkcə Avropa ölkələri deyil, bu gün Rusiya,Türkiyə, Ukrayna, Gürcüstan kimi ölkələr işləməyə gedən vətəndaşlarımız vardır. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycanda hakimiyyət, məmurlar, Parlament və hətta zülmlərə susduğu üçün xalq ölkəni dünyada pis tanıtdırır.


173 بازدید
در حال ارسال اطلاعات...