Şrift ölçüsü:
A+
A
A-
Kr
08 May 2018

Yaxşı şeylərin yox edildiyi ölkə

Bu hakimiyyət çata bilmədiklərini hələ də hekayəyə çevirib çatılmış həqiqət kimi danışmaqdadır.
Hakimiyyət vəd verdiyi islahatlara başladı. Təbii ki , özü başa düşdüyü şəkildə. Bunlar üçün Kənd təsərrüfatı nazirinin tarlaya , Təhsil nazirinin məktəbə üz tutması , M. Cabbarovun da 2018-ci ili nazirliyi üçün keçid ili elan etməsi islahat imiş. Həmçini vəzifə sahiblərinin maaş artımı haqqında söhbətlərini də “böyük” islahatlara aid etmək olar.
Bir deputatın sözlərinə görə,-“əgər istəyirsinizsə ki, ölkədə korrupsiya və rüşvətxorluğa qarşı (əslində, bu sözlərlə bacarıqsızlıqlarını etiraf edirlər) ciddi mübarizə aparılsın, nazirlərin, (məgər, nazirlər məmur deyil?) məmurların, deputatların əmək haqlarını ciddi şəkildə artırmalıyıq”-deyir. Məgər, nazirlərin, deputatların, məmurların maaşa ehtiyacları var? Sadə insanlar kimi onlar nə vaxt maaş ümidinə qalıblar? Bəs adı çəkilən “mötəbərlərin” özəl müəssisələri? Özəl müəssisələrindən gələn qazanclar? Əslində, bu kimi yanaşma Xalqın diqqətini hakimiyyətin rüşvətxor olmasından ciddi-cəhdlə yayındırmaqdır. Xalqdan bu idarəçiliyin rüşvətxorluğunu gizlətməkdir. İdarəçiliyin düzələcəyinə Xalqı daha neçə illər inandırmaqdır. Uğursuz cəhddir. Bu məsələyə psixoloji şərh versək, bilərik ki, həyata baxış yanaşımında, sadəcə, iki cür insan var. İnsan var pula həris, insan da var gözü-könlü tox. Çox təəssüflər olsun ki, idarəçilikdə təmsil olunan əksəriyyət yerində deyil. Qurulacaq Xalq hakimiyyəti başqasının cibinə girməyi özü üçün həqarət, rüşvəti ADININ ÖLÜMÜ kimi qəbul edən insanların içindən formalaşacaq. Bir həqiqəti bilirik ki, bütün zamanlarda nəfsi tox olmayan məmur maaşını az alıb- almamağından asılı olmayaraq daha da çox varlanmaq “müharibəsi” aparar. Bu “müharibədə” mənsub olduğu xalqdan, xalqın dəyərlərindən də keçməyə hazır olar.
Bu idarəçilik Azərbaycan xalqını tək maddi dünyasız qoymayıb, Konstitusiyasını da,Vətəndaş cəmiyyətini də, Xalqın iradəsini də, əmin-amanlığını da yağmalayıb. Bu hakimiyyətdən xilas olmaq vaxtıdır. Yaxşı nə varsa bizdən TƏRK edilib, bizdən qoparılıb. Qara günlərin içində ağ günümüzdən danışırıq. Ölkədə böyük vəzifəlilərin “azadlığından”, böyük vəzifəlilərin “demokratiyasından”danışsaq vicdanımız qarşısında suçsuz olarıq.
Bu hakimiyyətin isə primitivliyi, yarıtmazlığı göz önündə.İqtidarın düşüncə məhdudluğu Azərbaycan xalqının hər gününə müdaxilə etməsi kimi görünür. Sanki hər addımı Azərbaycan xalqının incidilməsinə “hesablanıb”. Bu səbəbdən də Xalq haqlı olaraq uğursuzluğunu iqtidrda axtarır.
Multikulturalizm-böyüməkdə olan nəsilin İSTİQLALİYYƏTSİZLİK ruhunda “tərbiyə” edilməsinə hesablanıb. Multikulturalizm-ölkə daxilinə yox, xarici “aləmə”məxsusluqdur. Maraqlı qüvvələr hakimiyyətin zəifliyindən istifadə edərək GƏLƏCƏKSİZ bir həyat yaşamağımızın ştrixlərini cızır.
İdarəçiliyin təsadüfi adamlardan formalaşması ölkəmizin daxili həyatına və xarici siyasətinə müəyyənsizlik gətirib.Yəni Azərbaycan Respublikası iqtidarın xarici siyasətdə və daxili həyatda həllsiz buraxdığı problemlərin ağzında diri-diri yeyilir. Bu gün idarəçilik olaraq problemlərlə dolu olan benzin çəlləyinin üstündə oturmanızı fərq edin. Azərbaycan cəmiyyətinin nifrətdən əkdiyi “tarlalar” müəllimlərə əkdirdiyiniz pambıq tarlalarından (pambıqçılıq üzrə kənd təsərrüfatı ixtisaslıları var) daha genişdir. Müəllimini “öldürmüş” hakimiyyət bir gün də, bir saat da mövcudluğuna haqq edə bilməz.
Qanunvericilik deputatların MM-də ayaq üstə qalxıb himn oxumaları deyil! İqtisadi inkişaf, sosial inkişaf, mülkiyyətçilik bir bu “mötəbərlərə” aid edilməməlidir, axı Azərbaycan xalqı da var. Bu hakimiyyət çata bilmədiklərini hələ də hekayəyə çevirib çatılmış həqiqət kimi danışmaqdadır.
Siyasət elmdir. İdman növü deyil ki, bu gün 2 m atlana bilməyən idmançı sabah atlana. Siyasətdə hakimiyyət ya bacarır, ya bacarmır. Ya uduzur, ya udur. Azərbaycan xalqı bu hakimiyyətin uduzduqlarının, bacarmadıqlarının girovuna çevrilib.

1.Ərazi bütövlüyümüz yox.
2.Demokratiya təminatı yox.
3.Vətəndaş cəmiyyəti yox.
4.Hüquqi dövlət yox.
5.Ədalətli sosial qaydalar yox.
6.Qarşılıqlı fəaliyyət yox.

Hikmət Nikbin


194 بازدید
در حال ارسال اطلاعات...