Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Aprel 2018

Sizcə oğrudan oğruya halaldırmı?

Onsuz da bizdə məmurlar arasında bu adi haldır. Kim vəzifə başına gəlir fikirləşir görsün xalqdan, dövlətdən, büdcədən necə oğurlayım?
Xarici ölkələrin birində baş verən bir hadisə ilə başlamaq istərdim. Deməli dayanacaqda avtobusa bir vətəndaş daxil olur. Gəlib oturacaqların birində əyləşir. Görür ki, oturduğu oturacağın qabağındakı oturacaqda bir qadın yuxulayıb. Əlini atıb qadının cibindəki telefonu çıxarıb öz cibinə qoyur. Bu anda ondan (oğrudan) arxa oturacaqda əyləşən fəqir bir kişi də əlini irəli uzadıb oğrunun cibindəki telefonu götürüb cibinə qoyur. Növbəti dayanacaqda orta oturacaqda əyləşən (oğru) avtobusdan enib gedir.
Azərbaycanda bir dəstə insan deyir oğrudan oğruya halaldır. Yəni əgər sən oğurlamısansa mənim səndən nəsə oğurlamağım halaldır. Təbii ki, sənə - oğurladığın şey haramdır, amma mənim səndən oğurlamağım halaldır. Yəni mənim olmayan şeyi mənə halal edən onu sənin oğurlamağındır. Başqa sözlə desək o nəqədər ki, öz sahibində idi halal idi, elə ki, onu başqası oğurladı oldu haram. Haram malı da oğurlamaq halaldır. Əcəb düşncədir! Analoqu olmayan inkişafın nəticəsidir.
Onsuz da bizdə məmurlar arasında bu adi haldır. Kim vəzifə başına gəlir fikirləşir görsün xalqdan, dövlətdən, büdcədən necə oğurlayım? Biri xalqın səsini, deputatlığa namizəd həmkarının mandatını, biri bankdan pulları, biri başqasının saqqızını oğurlamaqla məşğuldur. Hətta məmur da oğurlayanda bu şüarla oğurluq edir. O yuxarılardan, yuxarılar da ondan oğurlayır.
Azərbaycanda qara camaatı elə bir vəziyyətə salıblar ki, bəzi insanlar oğurlamaqla məşğuldur. Ən məşhur oğurluqlarımızdan biri bəlkə də ən məşhuru vergilərdən yayınmaqdır. Qaz, işıq, su pulu məmurları bezib evlərimizə gəlməkdən. Biz onların sifətini, onlar da bizim üzümüzü görmək istəmir. Adam var aylarla qapısını çöldən qıfıllayır, təki məmur gəlib bağlı görüb çıxıb getsin. Adam var özü üçün "levi" (qeyri-qanuni) qaz çəkir, işıq xəttini yenidən birləşdirir. Soruşulanda ki qardaş niyə dövlətin vergisini vermirsən deyir dövlət oğrudur, oğrudan oğruya halaldır. Onlar bizin neftimizi, sərvətimizi çapıb-talayırlar, biz də onu çapırıq. Lap əla edirik. Bacarana can qurban. Bacarırsan get sən də elə. Ən pisi də budur ki, vətəndaşın borcundan da, məbləğin kəllə-çarxa çıxmasından da, qapısını qıfıllayan vətəndaşın əslində evdə olmasından da hətta "oğrudan oğruya halaldır" fikriylə yaşamasından da dövlət yaxşı xəbərdardır. Sadəcə bu köklü problemi həll edə bilmir ki, bilmir. Nə vətəndaş, nə də dövlət.
Təbii ki, vətəndaş dövlətə inanmır. Deyir dövlət başında oturanlar xəyanətkar, rüşvətxor, nefti, sərvəti xaricə satıb hər gün kef edənlər, xalqın pulunu oğurlayıb bu pulla özünə xaricdə daşınmaz əmlak alan insanlardır. Belə tiplərə mümkün qədər "atmaq" lazımdır. Bu probemin həlli yollarını axtarıb tapmaq lazımdır. Bu gedişlə ölkə uçuruma gedir. Dövlət başçısı hərdən bir üst-üstə yığılıb qalmış, ödənməsi təqribən qeyri-mümkün vəziyyətə gəlib çıxmış borcları bayramqabağı və ya başqa əlamətdar günlərdə silir. Amma xeyri yoxdur, vergilər ağır olduğu üçün beş-altı ay sonra yenidən vəziyyət həmin cür olur. Daha sonra hökümət sözçüləri çıxıb bu jesti xalqın başına qaxınc etmək istəyəndə xalq deyir ki, bu borc deyildi ki, onsuz da öz haqqımdır, öz sərvətimdir. Onsuz da silməsəydiniz də mən bu pulu ödəməyəcəkdim. Xalq da beləcə dövlətə meydan oxumağa çalışır. Bəzən də küçələrə tökülüb yolları bağlayır, etiraz aksiyaları keçirirlər. Digər yandan da deyir ki, onsuz da dövlət başında duranlar xalqın var-yoxunu qarət edir, deməli bu pullara onlara haramdır. Çünki bizdən oğurlayıblar. Biz də onlardan bu pulu oğurlayanda öz haqqımızı qaytarmış hesab olunuruq.
Təbii ki, sovetdən çıxmış bir ölkə camaatı üçün hələ də bəzi həqiqətlər qaranlıq olaraq qalır. Bu qaranlığa isə hökümət bilərəkdən xalqı düçar edib. Sonra da gəlib deyirlər işıq pulunu ver. Mən sənin ucbatından qaranlığa düçar olmuşam, işıq var ki pulunu da verim? Hələ bəzi məntəqələrdə işığın, qazın, suyun kəsilməsini demirəm. Kommunal borclardan əziyyət çəkən xalqın bir dəqiqə qazı, işığı, suyu kəsilsə gör hökümət nə qədər pulu cibinə qoyur. Üstəlik bəzi məntəqələrdə 21-ci əsrdə eşidirsən ki, sən demə qazlaşdırma əməliyyatı gedir. Xalqı qazlamaq mənasında yox a, sözün həqiqi mənasında filan rayona hələ indi qaz çəkirlər. Avropa oyunları keçirən hökümət hələ filan rayona indi qaz çəkib. Bütün bunların səbəbi insanın Allahdan, dini maarifdən uzaq düşməsidir. Bunu da hökümətdə dövləti məhv etmək etmək istəyən qüvvələr bilərəkdən bu cür edir. Onlar efirdə dəyərli ruhanilər vasitəsilə maarifləndirici verilişlərə üstünlük versələr həm hakimiyyətdəkilər, həm də xalq nəyin oğruluq, nəyin doğruluq olduğunu bilərlər.
Girişdə yazdığım və xaricdə baş vermiş hadisəni özüm yarımçıq yazdım. İstədim görüm kim nə düşünəcək bu haqda. Hadisənin davamı isə belədir ki, yuxulayan qadının cibindən telefonu çıxarıb öz cibinə qoyan oğrunun arxasındakı oturacaqda əyləşmiş kişi əlini atıb oğrunun cibindən telefonu çıxarıb öz cibinə qoyub "oğrudan oğruya halaldır" demir. Oğru dayanacaqda düşüb gedəndən sonra ayağa qalxıb yuxulayan qadına yaxınlaşır. Telefonunu sakit bir şəkildə onun oturacağının yanında yerə qoyub qadını oyadır və deyir ki, telefonunuz yerə düşüb, lütfən götürün. Halaldır "oğrudan oğruya halaldır" fikriylə yaşamayan doğrulara. Bir cəmiyyətdə "oğrudan oğruya halaldır" şüarı yayılsa doğruya yaşamaq "haram" olar.


463 بازدید
در حال ارسال اطلاعات...