Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Aprel 2018

93-dən bu günədək Ermənistanda 4 prezident, Azərbaycanda 1 ailə hakimiyyətdədir

Xalq belə düşünür ki, Ermənistan torpaqlarımızın 20 faizini zəbt edibsə, Əliyevlər qalan 80 faizini zəbt edib.
Məqalənin başlığını oxuyan kimi ola bilər bir dəstə adamın əlinə fürsət düşsün, başlayacaqlar ki, siz ermənilərin maraqlarından çıxış edirsiz. Əlbəttə bu ölkədə iqtidara yaltaqlanan, yaxud az maaşından, vəzifəsindən olmaq istəməyən bir para insan hakimiyyətin, xüsusən də İlham Əliyevin əleyhinə danışanlara qarayaxma kompaniyası aparır. Sanki İlham Əliyev peyğəmbərdir heç bir günahın yiyəsi deyil. Danışanda da deyirlər ki, bu gün ölkəmiz Suriyanın vəziyyətində deyil, İŞİD ölkəmizə gələ bilmir və bütün bunlardan ötrü İlham Əliyevə səcdə etməliyik. Halbuki zavallı insanlar anlamır ki, İŞİD Qafqaza şəxsən Rusiyanın qorxusundan gələ bilmir. Digər tərəfdən də Azərbaycanın qonşusu olan İrandan güclü zərbələr nəticəsində məhv oldu. İnkişafa gəlincə, hansı inkişafdan danışırlar? Gündə bir insan özünü yandırır, Əli Həsənov qaçqınların pulunu yeyib onları süründürür. Məmurların qudurğan balaları hətta İlham Əliyevi də bezdirib. Əsgərdən oğurlayırlar, dövlətin büdcəsini talayırlar, torpaqların işğalının yaşı Heydər Əliyevin Azərbaycana rəhbərliyinin, İlham Əliyevin prezidentlik təcrübəsinin, İlham Əliyevin oğlu Heydər Əliyevin isə bütövlükdə yaşından böyükdür. Maaşlar aşağı, pensiyalar Artur Rəsizadənin yaş rekordunu qıran insanlara verilir, savadsızlıq baş alıb gedir, ölkə rüşvətdən boğulub, hər sahədə biabırçılıq baş alıb gedir, ruhanilər, dindarlar, siyasi baxışlarına görə insanlar həbs edilir. Bütün bunlara kor olan insanlar Əliyev hakimiyyətini tərifləyə bilər.
Deməli bu yaxınlarda saytların birində "Bir Sərkisyan getdi, o biri Sərkisyan gəldi" başlıqlı bir yazı getmişdi. (Hazırkı Ermənistan prezidentinin soyadı da Sərkisyandır) Məlum olduğu kimi bizdən qabaq Ermənistan prezident seçkisi keçirdi. Özü də onlar siyasi qərarla prezidentin parlament tərəfindən seçilməsini təmin ediblər. Bu başlıq yadıma belə bir cümləni saldı: "Bir İlham Əliyev getdi, o biri İlham Əliyev gəldi" Amma bu cümləni işlədə bilmirəm, çünki İlham Əliyev getmədi, bir neçə gün bundan qabaq illərdir qəsb elədiyi hakimiyyəti fırıldağ, seçki saxtakarlığı yolu ilə yenidən özünə ötürdü. (Əminəm ki, İlham Əliyevdən sonra oğlu prezident olsa "bir Heydər getdi o biri Heydər gəldi" deyə biləcəklər) Yeni tarixə baxsanız görərsiniz ki, 93-cü ildən – ata Əliyevin prezident seçildiyi ildən bəri Ermənistanda 4 prezident – Ter Petrosyan, Robert Köçəryan, Serj Sərkisyan, indi də Armen Sərkisyan prezident seçilib. Bizdə isə həmin ildən bu günəcən bir ailə - yalnız Əliyevlər ailəsi hakimiyyətdə qalıb. Hər dəfə də fürsəti, xalqın yuxusunu, məmurların, deputatların alçaqlığını fürsət bilib hakimiyyətə öz ailələrini gətirməyə çalışıblar. Heydər Əliyev oğlu (ölmüş vəziyyətdə) İlham Əliyevi baş nazir təyin etdi (ölkənin ikinci şəxsi), İlham Əliyev isə arvadını birinci vitse-prezident (ölkənin ikinci şəxsi) təyin etdi.
Seçkilər barədə nə deyək ki, beynəlxaql təşkilatlardan tutmuş xalqa qədər hamı bilir ki, seçki karusel əməliyyatları, saxtakarlıqlarla dolu idi. Nə beynəlxalq təşkilatlar, nə xalq, nə müxalifət tanımır seçkini. Bircə Əliyevlər ailəsi, onların sadiq yaltaqları, saxtakar məmurlar və saxta müxalifətdən savayı.
Biz bütün beynəlxalq hesabatlarda demək olar ki, Ermənistandan geridəyik. Söz, ifadə azadlığı, demokratiya Ermənistanda bizdən güclüdür. Ola bilər indi bizi bir dəstə rejim yaltağı xəyanətdə günahlandırıb düşmən dəyirmanına su tökməkdə ittiham etsin. Bəs məqalənin adındakı həqiqətə nə sözünüz. İndi iqtidar yaltağı olan saytlar yazır ki, onsuz da heç nə dəyişməyəcək. Güya Ermənistandakı yeni hakimiyyət də Qarabağın işğalına göz yumacaq. Hətta deyirlər indiki prezident Serj Sərkisyanın yenidən baş nazir ünvanında ölkəyə rəhbərliyini təmin edəcək.
Şimal qonşumuz Rusiyada belə bir hadisə yaşandı. Putin baş nazirin müavini olan Medvedyevi prezident təyin edib özü baş nazir oldu. Sərkisyan da Böyük Britaniyadakı səfirinin namizədliyini irəli sürdü və o parlamentdəkilərin səsçoxluğu ilə prezident oldu. (Bizdə də prezident seçimi parlamentə tapşırılsaydı yenə İlham Əliyev seçiləcəkdi. Çünki palamentdə deputatlar ya yapçıdır, ya da Zahid Oruc, Qüdrət Həsənquliyev, Araz Əlizadə) Bəs nə üçün İlham Əliyev ətrafında heç kimə güvənib belə bir iş görmür. Halbuki iqtidar yaltağı olan mətbu orqanlar İlham Əliyevi demokratik hesab edib Putini, Sərkisyanı diktator adlandırırlar.
Xalq belə düşünür ki, Ermənistan torpaqlarımızın 20 faizini zəbt edibsə, Əliyevlər qalan 80 faizini zəbt edib. Təsəvvür edin adamın bütün ailəsi işləyir. Bütün rayonlar, regionlar İlham Əliyevin təyin etdiyi yaramaz, bivec icra başçılarının əlindədir. İdman sahələri, manapoliyalar İlham Əliyevin məmurlarının əlindədir. İşdən vurulan yüksəkçinli məmurlar hər birisi öz sahəsi üzrə ölkəni, büdcəni xaraba qoyub. Ailə hakimiyyətinin, bir çox deputatın, başqa məmurların xarici ölkələrdə daşınmaz əmlakı, banklarda küllü miqdarda pulları vardır. Belə bir mühitdə hansı seçkidən, demokratiyadan, şəffaflıqdan danışmaq olar.
Ona görə də belə hesab edirik ki, Azərbaycan bütövlükdə - həm xarici, həm də daxili düşmənlərdən təmizlənməlidir.


126 بازدید
در حال ارسال اطلاعات...