Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Aprel 2018

Seçilənin və seçənin inamı – məbəs bayramı ibrətləri

Məbəs bayramında böyük ibrətlər vardı. Məbəs günü ilk Quran ayəsinin nazil edildiyi və Həzrət Muhəmmədə (s) peyğəmbərliyin verildiyi gündür
Qarşıdan məbəs, besət bayramı gəlir. Bu bayram İslam peyğəmbəri Həzrət Muhəmədin (s) peyğəmbərliyə seçildiyi günün ildönümüdür. İslam dünyasında bu gün bayram kimi qeyd edilir. Bu müqəddəs bayram münasibətilə zəmanə sahibi İmam Zaman ağaya və bütün müsəlmanlara təbrik ərz edirik.
Məbəs bayramı ərəfəsində Azərbaycanda prezident seçkiləri keçirildi. Fürsətdən istifadə edib seçilən və seçən şəxsin inamlı və imanlı olmasına diqqət çəkmək istərdim. Hamı tərəfindən həmrəyliklə qəbul edilən bir məsələ budur ki, seçilməsini istəyən şəxs öz seçicisində inam formalaşdırmalıdır. Heç bir namizəd çıxıb efirdə seçicilərinin əleyhinə danışmaz, onları aşağılamaz, əksinə bacardığı qədər çalışıb onların könlünü alar və onların məhz ona səs verməsini təmin etməyə çalışar.
Peyğəmbərliklə bağlı hətta müsəlmanlar arasında baş vermiş ixtilaflardan biri ismət məsələsidir. Bu günədək bir çox din alimləri ilahi peyğəmbərlərin ismətli (məsum, günahsız) olub-olmaması barədə müzakirələr gedib. Əlbəttə ismət məsələsinə bir dini termin kimi baxmamalıyıq. Bu məsələ öz faydasını elə bu gün ölkəmizdə keçirilən prezident seçkilərində də göstərir. Heç Peyğəmbərdən (s) danışmasaq hansısa bir namizəd prezidentliyə namizədlik verərkən xalq, seçicilər ilk növbədə onun imanına, əxlaqına diqqət yetirir. Mənəviyyat aləmi hər zaman maddiyyatdan irəlidə olub. Dəfələrlə hansısa ölkədə biznesmenlərin, oliqarxların siyasətə müdaxilə etməsini, yüksək kürsülərə seçilməsini eşidərkən insanları çox zaman maraqlandıran məsələ bu həmin seçilən şəxsin öz pulu yaxud xalqın səsi hesabına seçilməsi olub. Görəsən o xalqda özünə inam yaradıb və seçilib yoxsa sadəcə olaraq öz maddi imkanlarını işə salıb.
Amma insan biznesmen olsa belə əgər mənəviyyatlı, əxlaqlı, dürüst insan olsa o daim seçilər. Onun var-dövləti müzakirə obyektinə çevrilməz. Onun haqqında deyərlər ki, kasıb da olsaydı seçiləcəkdi. Çünki insaniyyəti, əxlaqı, imanı, mənəviyyatı vardı.
Məbəs bayramında böyük ibrətlər vardı. Məbəs günü ilk Quran ayəsinin nazil edildiyi və Həzrət Muhəmmədə (s) peyğəmbərliyin verildiyi gündür. İslam Peyğəmbəri (s) 40 yaşında bu məqama seçilib. Amma seçilməzdən öncə - hələ İslam gəlməzdən qabaq – hətta müşriklərin arasında belə etibarlı, inamlı, imanlı, dürüst, doğru danışan, əmin insan kimi tanınardı. Təsadüfi deyildir ki, onun əmin ləqəbi ona müsəlmanlar tərəfindən deyil məhz İslamdan qabaqkı müşrik ərəblər tərəfindən verilmişdir. Əlbəttə insan ağlı bel bir qənaətə gələ bilir ki, peyğəmbər seçiləcək şəxs hansısa sərxoş, yalançı, adam aldadan, rüşvətxor, ədəbsiz, imansız biri olmamalıdır. Çünki belə olduğu təqdirdə insanlar onun dediklərinə qulaq asmaz və ondan üz döndərər. Beləliklə də hədəf tamamlanmamış yarımçıq qalar. Hətta nəinki yarımçıq qalar heç işə də düşə bilməz.
Hansısa quruma, müəssisəsə, partiyaya, parlamentə, prezidentliyə seçilən insan da dürüst, sağlam və pak keçmişi olan, imanlı, etiqadı möhkəm bir insan olmalıdır.
Əlbəttə demokratik quruluşlu ölkələrdə seçim xalqın öhdəsinə buraxılır. Deməli xalqın öhdəsinə böyük vəzifələr düşür. Xalq ilk növbədə özü üçün dürüst, imanlı, etiqadı möhkəm, mənəviyyatı zəngin, gözü tox, dünya malına tamahkar olmayan insanları seçməli və yüksək kürsülərə gətirməlidir. Əks halda xalq öz məqsədinə çatmayacaq. Çünki seçki keçirməkdən xalqın məqsədi budur ki, ağıllı, savadlı, imanlı, dürüst bir insan gəlib ölkəni, xalqı düşdüyü vəziyyətdən çıxara bilsin.
Təbii ki, xalq hakimiyəti dedikdə təkcə xalqın səs verməsi nəzərdə tutulmur. Eyni zamanda xalq onun ümidlərini doğrultmayan, arzularını ürəyində qoyan, sərişdəsiz, bacarıqsız, imansız, tamahkar, xalqın rəyindən istifadə edib dövlətdə öz dayaqlarını möhkəmlədən, xalqı səfalətdə saxlayan, yalnız öz qohumlarına, ətrafına yardım edən, vətənin, torpağın, dövlətin qədrini bilməyən, kobudluqla dövlət qanunlarını ayaqlar altına alan diktatorları da cəzalandırmaq qüdrətinə malikdir. Yetərki xalqda mənəviyyat, Allaha iman və inam hasil olsun. Beə olan halda xalqa heç kim bata bilməz.
Məbəslə ilə bağlı bir məsələni də diqqətinizə çatdırıb sözü bitirmək istərdim. Burada irad tutula bilər ki, axı peyğəmbərlər Allah tərəfindən seçildiyi halda adi insanlar bu cür deyil. Doğrudur, peyğəmbərlər seçilərkən Allah bu seçkini xalqın öhdəsinə buraxmır. Çünki Allah hər şeyin ən gözəlini və doğrusunu bilir. Peyğəmbərlik, rəhbərlik ilahi bir mənsəb olduğu üçün onu ancaq Allah təyin edə bilər. Amma burada bizim üçün faydalı olan məsələ bundan ibarətdir ki, peyğəmbər Allah tərəfindən seçildikdən sonra həm də insanlar tərəfindən seçilir. Bu mənada ki, insanlar həmin peyğəmbərə iman gətirirlər. Ona iman gətirməyənlər isə ilahi qanunların ziddinə gedib özünü uçurumdan atan şəxslərdir. Peyğəmbərə iman gətirməklə onu təsdiq edən insanlar isə onun həm keçmişinə həm də peyğəmbərlikdən sonrakı üstün cəhətlərinə baxırlar. Peyğəmbərliyə seçilən şəxs isə bundan əvvəl də bundan sonra da dürüst, təmiz, pak ömür sürür. Beləliklə də həm onda həm də xalqda inam yaranır.


545 بازدید
در حال ارسال اطلاعات...