Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Mart 2018

Azərbaycandan başqa daha hansı ölkədə qadına küçə süpürtdürürlər?

Təəssüflər olsun ki, bizdə türk qadınının üstünlüklərindən ağız dolusu danışdıqları halda həmin türk qadınını məcbur edirlər ki, əlinə süpürgə alıb küçə süpürsün
8 martda gül deyil süpürgə alan türk qadınından danışacağıq

Tələbəlik illərində BDU-nin xarici tələbələrini tez-tez görə bilirdim. Xüsusən də bəziləri yay tətillərində yataqxanadan çıxıb bir torba ilə küçəbəküçə gəzər, çayxanaya, bazara girər, avtobus dayanacaqlarındakı insanlara yaxınlaşıb onlara nəsə satmaq istərdilər. Satmaq istədikləri şey də xırdavat şeylər idi. Məsələn, ətir, dəsmal, kibrit, lezva...
Bir dəfə səhv eləmirəmsə pakistanlı idi, ondan soruşdum ki, səni tələbə kimi tanıyan bir insan əlində torba qarşına çıxsa və bilsə ki, alver edirsən, sən utanmazsan? Dedi əlbəttə yox. Bu mənim başucalığımdır. İnsan gərək əlinin zəhməti ilə qazansın. Hətta süpürgəçiliklə də məşğul olması eyib deyil. Bu söhbətlər – atalar demişkən, söz vaxtına çəkər – elə 8 mart ərəfəsində idi. Yadıma düşmüşkən ondan soruşdum ki, sizin məmləkətinizdə küçə süpürənlər arasında qadınlar olurmu? Dedi yox, belə şeyə pis baxırlar bizim ölkədə. Ondan sonra təqribən bir afrikalıdan da fürsət tapıb soruşmuşdum. Belə hesab edirəm ki, qadının əlinə süpürgə verib küçələri süpürtdürən elə bircə bizim kişilərdir. Hə, bir də iranlı demişdi ki, baba İranda belə şeyə pis baxarlar. Ondan sonra Allah qismət elədi, Məşhəd şəhərinə İmam Rzanın (ə) ziyarətinə gedəndə özüm də gördüm. Doğrudan da o bir neçə gündə mən küçələrdə ancaq kişi süpürgəçilər gördüm, amma qadınlara rast gəlmədim. Əlbəttə İran, Pakistan hətta Afrika qitəsinin bir çox ölkələrində din inkişaf edib, hicaba, çadraya, xanıma hörmət edirlər. Təəssüflər olsun ki, bizdə türk qadınının üstünlüklərindən ağız dolusu danışdıqları halda həmin türk qadınını məcbur edirlər ki, əlinə süpürgə alıb küçə süpürsün. Belə yerdə onların haqlarından, hüquqlarından danışan yoxdur. Halbuki türk qadınının fəzilətlərindən söz düşəndə bir dəstə adam heç kimə aman vermir. İndi desəniz ki, niyə icazə verirsiniz ki, türk qadını küçə süpürsün, əmək-zəhmət damarlarında qan qaynayacaq. Deyəcəklər burda nə var ki, alın təriylə pul qazanırlar da.
Yaxşı yadımdadır ki, ötən il Xanım Zəhranın (ə) mübarək təvəllüdü münasibətiylə bir dəstə hicablı xanım küçələrdə xanımlara gül paylayırdılar. Gül alan xanımlar arasında küçə süpürən qadınlar da var idi. Onların əlinə süpürgəni verən, bunu görüb ağzına su alıb susan dünyəvi adamlar idilər. Amma gül verən isə hicablı xanımlar.
Bu il 8 martla Xanım Zəhranın (s.ə) mübarək təvəllüd günü üst-üstə düşüb. 8 mart isə bir nəfər kommunist qadının çətin iş rejimində işləməsinə etiraz etməsini nəticəsində meydana çıxıb.
Bizdə öyrəşiblər hər şeyin mahiyyətini təhrif eləməyə. Ən əsas da mahiyyət nədirsə bu önəmli deyil, əsas odur ki, deyirlər bayramdır, vəssalam atlan-düş, müğənnilər gəlib özlərini reklam eləsin, kanallar bütün günü çalıb-oynasın, Aztv də bəxtəvər xalqın sevincinə şərik olsun. Bizə nə dəxli vare "valentin" gününün əsli-həqiqəti nədir? Əsas odur ki, deyirlər bayramdır, get borc elə evə gül al apar. Bayramdan anladığımız da ancaq ələ mikrafon alıb oxumaq, oynamaq, yeyib-içməkdən ibarətdir. Fikir verin heç vaxt 8 mart günündə tikiş fabrikində etiraz edən kommunist qadının məlum hekayəsini danışmazlar. Niyə? Çünki elə həmin gün küçə süpürən qadınlar meydanlara tökülüb etiraz aksiyası təşkil edərlər. Demirsən Klara inqilab edib, ala bu da bizim inqilabımız. Ona görə də kanallarımız 15-20 il bundan qabaq çəkilən tamaşaları, filmləri verir ki, camaatın başı qarışsın.
Digər tərəfdən hicabı, xanım Zəhranı (s.ə) da təbliğ edib xalqa tanıtmaq istəmirlər. Çünki zəmanəsinin ən böyük imperatoruna etiraz edən, zülm önündə susmayan bir xanımı təbliğ etmək zalımlara sərf eləmir. Ona görə də onun ən böyük əmanətini (hicabı) qadağan edir, məktəblərdə xanım Zəhra (s.ə) ardıcıllarına problemlər çıxarmağa cəhd edirlər.
Qısası budur ki, bizim 8 mart adlı bayramımız yoxdur. Analar, qadınlar, xanımlar bayramı qeyd etmək istəyirsinizsə, ailənizə gül, hədiyyə almaq istəyirsinizsə buyurun xanım Zəhranın (s.ə) mübarək mövlud gününü bayram olaraq qeyd edin. Onsuz da əlində süpürgə tutan xanımların təqvimində 8 mart deyilən bir şey yoxdur. Bizə qərbdən, ordan-burdan gələn günlər bayram kimi sırınmamalıdır. Bizim öz rəhbərlərimiz, din başçılarımız vardır. Onların bizləri hidayət etməsi bizə kifayətdir.
Məqalənin başlığını özüm belə qoydum. Bilirsiniz niyə? Məlum məsələdir ki, mən elə də çox xarici ölkəyə getməmişəm. Amma bir neçə xarici vətəndaşdan soruşduğumu burda qeyd etdim. İndi deyərsiniz ki, əgər xarici ölkəyə getməmisənsə hardan bilirsən, bəlkə hansısa başqa ölkələrdə də qadına küçə süpürtdürənlər peyda olur. Lap olsun. Bir şey pisdirsə orda da pisdir, burda da. Əgər ora bizdən keçibsə deməli dünyaya pis örnək oluruq. Yox bizə ordan keçibsə deməli pisdən nümunə götürürük. Yox əgər o da özündən çıxarıb, biz də özümüzdən uydurmuşuqsa – fərq eləmir – pis elə pisdir. Amma mənə hələ də maraqlıdır, görəsən Azərbaycandan başqa daha hansı ölkədə qadına küçə süpürtdürürlər?


512 بازدید
در حال ارسال اطلاعات...