Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Mart 2018

Abbas Səhhətin övladının məskənində Baba Pünhanın övladı borc içində

Sadəcə yazıq camaat balası dünyaya gələndə sevinir, babası dünyadan gedəndə qəmlənir...
Birincisi İran agenti, ikincisi vətən xaini?

Vətən əcdadımızın mədfənidir,
Vətən övladımızın məskənidir


Abbas Səhhət

Nişan da borcnan oldu, toyun da borcnan oldu
Yəqin olar gələn il balan da borc içində



Sonra da deyirlər ki, niyə ölkədə yaxşılıqları görmürsüz, ancaq tənqidlə, danlamaqla, vedrə bağlamaqla, qulp qoymaqla məşğulsuz. Axı ölkədə beş şeydən dördü pisdirsə o bir yaxşıdan yazdığımız halda dörd dənə pisi hansı qara yer soxaq?
Şəhiddən yazırsan, anası redaksiyaya zəng vurub deyir ki, mənim balamın qəhrəmanlığın arxasında gizlənməyin ee, gəlin görün anası nə gündə yaşayır. Gedib ailəsinə baş çəkəndə düşünürsən ki, yəqin yazıq şəhidi ya bu cür dolanışıq öldürüb, ya da özü bezib bu həyatdan.
Görün hardan hara gəlib çıxmışıq. Abbas Səhhət vətəni tərifləyirdi, deyirdi ki, bu vətən ki var əcdadımızın mədfənidir, övladımızın məskənidir. Amma Baba Pünhan bir əsr sonra çıxıb dedi ki, ay camaat, toyun da nişanın da borcnan olub, yəqin gələn il balan da borc içində olar. Ya borcnan dünyaya gələr, ya da dünyaya gəlib borca girər. Məlum məsələdir, dolanmaq çətindir axı. Bu yazıq bala hələ xəstəxənadan çıxanda külli miqdarda pul tələb edirlər.
Baxın, bu müqayisəni niyə apardım. Bu bizdən asılı deyil ee, Abbas Səhhət də vətənə şeirlər qoşub vaxtilə, yəni bəzilərinin diliylə desək yaxşıları görüb, amma Baba Pünhan nə etməliydi, aşıq gördüyünü çalar deyiblər. Başqa bir sıra ölkələr vardır ki, orada torpaq pulsuzdur, birinin adamı öldü gətirib o torpaqda basdırırlar. Bizdən isə qəbiristanlıqlar da torpaq, başdaşı, qazmaq, basdırmaq üçün pul alır. Yəni yaşayan bir cür dərdə düşür, yaşamağı deyil, ölməyi seçən bir başqa cür.
Bəlkə də Abbas Səhhətin vaxtında bu cür olmayıb deyə bu eybəcərlikləri yazmayıb. Olub yazmayıbsa bu qədər xalq tərəfindən evilməzdi. Çünki xalqın dərdindən yazmayanı xalq hansı ağılla, nə əsasla sevsin. Baba Pünhanı da sevirdilər və indi də sevirlər. Çünki xalqın dərdini xalqa güldürərək çatdırırdı. Xalqın dərdindən yazanı isə xalq sevməlidir, sevməyə borcludur. Çünki xalqın evində oturub ekran qarşısında üzünə tüpürdüyü məmurları Baba Pünhan "Qulp"un ekranından yaş yuyub quru sərirdi. Düzdür, sosial şəbəkədə, çayxanada, orda-burda oturub xalqın dərdindən yazanları pisləyənlər peyda olurlar. Amma onların görünür bir o qədər dərd-səri yoxdur. Yoxsa səhərin sübhündə qul bazarında cırıq pəncəklə dayanan, adam gözləyən kasıb camaat niyə onları bu günə qoyanları tənqid edənlərə pis sözlər desin. O tənqid edənləri pisləyən zümrənin böyük əksəriyyəti pullu, iş-güc sahibidir, oliqarxların adamıdır, ya da mümkün fərzlə yaltaq zümrəyə məxsus adamlardır.
Babamız ölüb gedib, Allah rəhmət eləsin. Övladımıza gəlincəsə, bəli övladımız anasının qarnından pulla çıxır. Pulla böyüyür, yaşayır, qocalır, öləndə də pul olmasa onu gömmək çətin məsələdir. Əslinə qalanda xalqa yaxşı təklif vermək lazımdır. Hamı sözü bir qoyub xəstəxanaya pul verməsin. Demirsiz vətən övladımızın məskənidir, bu məskənə pullamı gəlməlidir övlad? Bu tərəfdən də deyirsiz ki, vətən əcdadımızın mədfənidir. Əgər bu mədfən əcdadımındırsa mən niyə ondan ötrü xərcə-xəracata düşməliyəm? Gərək babası ölən insan da qəbiristanlığa bir qara qəpik də verməsin. Bu torpaq bizimdir. Heç kim verməsə müdiriyyət neyləyəcək, basdırmayacaq ölünü? Sadəcə yazıq camaat balası dünyaya gələndə sevinir, babası dünyadan gedəndə qəmlənir, bu sevinc və qəm içrə də gözü heç nəyi görmür. Ona görə də bu kimi işlərlə məşğul olmaq istəmir.
Bu məmləkətdə vətəndaş başını əməlli başlı itirib. Özünü öldürməyə də cəhd edəndə fikirləşir ki, əşşi ölüb gedəcəm, məndən sonrakılar mənim əziyyətimi çəkəcək. Palatka qur, ehsana pul ver, qəbir qazdır, kəfən pulu, nə bilim çay pulu, stəkan, nəlbəki, boşqab, qaşıq – bütün bunların hamısı məsrəfdir. Ailəyə xeyir verəcəyəm fikriylə əksinə onları "zibilə" salacam. Ondansa öz əcəlimlə ölsəm daha yaxşıdır.
Bəli, biz bacardığımız qədər yazıb xalqa çatdırırıq. Amma zorla oxutduran deyilik. Zəhmət çəkib xalq qəzet alsın, sayta girsin, xəbər, məqalə oxusun. Bir də bizim ölülərimizə rəhmət oxumağı unutmasın.
Elə məqaləni sona çatdırırdım ki, sanki qulağıma qeybdən səs gəldi. Dedi ki, Abbas Səhhət ki deyir vətən övladımızın məskənidir, sən nə bilirsən hansı vətəndən danışıb? O, İranda da yaşayıb axı, Tehranda oxuyub. Bəlkə elə vətən deyərkən elə İranı nəzərdə tutub? Mən də elə təmbəllik etmədən, qayıdıb qeybdən gələn səsə dedim ki, nə demək istəyirsən, indi Abbas Səhhət İran agentidir?
Baba Pünhan haqda isə qeybdən səs gəlmədi, çünki onun məsələsi gün kimi aydındır. ANS-in ekranından üzünə tüpürdüyü zalımlar belə onu vətən xaini çıxara bilmədi.


830 بازدید
در حال ارسال اطلاعات...