Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Fevral 2018

Bu qədər təfsirçilər yalan deyir, bir dənə Güntay Gəncalp Bayandırlı bilikli çıxıb

Ay canım, sən ərəb dilindən nə oxumusan, sərf, nəhv, bəlağət, təfsir, hədis elmlərindən nə qanırsan, neçə ərəb sözünün lüğəvi, istilahi mənalarını bilirsən ki, durub Quran ayəsini təfsir etməyə çalışırsan
Məşhur olmaqdan ötrü, tanınmaq üçün bu dəqiqə demək olar hər vasitəyə əl atan insan var. Biri soyunmağa dünəndən hazırdır, biri deyir mən cin çıxarıram, o biri deyir mən şeytanla rumka vururam. Bir başqası başqa nəsə təlxəklik edir, təki gündəmə gəlsin, gündəmdə qalsın.
Araşdırmaçı, tarixçi kimi zorla özünü tanıdan, əslində kim olduğu, hansı peşəyə sahib olduğu bilinməyən Gəncalpdan axar saytı müsahibə alıb. Müsahibəni alan, hazırlayan Kəramət Böyükçöldür. Müsahibə alan şəxsin (Kəramətin) adını niyə çəkdim? Ona görə ki, müsahibənin başlığı bu cümlədən ibarətdir: "Peyğəmbərin vaxtında hamı lüt gəzirdi" Müsahibəni gözdən keçirdim, amma başlığa uyğun cümlə tapmasam da, güman edirəm ki, müsahibə alan şəxs bu başlığı özündən uydurub ki, bir az sayt oxunaqlı olsun. Müsahibədə isə Gəncalpın dediyinə görə Peyğəmbər (s) güya Kəbə evinin düşən daşını yerinə qoymaq üçün hazır olan insanlara təklif edib ki, cübbələrini (əba) hamı çıxarsın və daşı yerindən götürmək üçün bu cübbələr bir-birinə düyünlənsin. Müsahib deyir ki, hamı cübbəsini çıxarandan sonra lüt vəziyyətdə qaldılar. Adamda həya-abır yaxşı şeydir, adam kişi olar, kişi kimi hərəkət edər. Axı bir sayt məşhur olacaq, bir tipin səviyyəsiz sözləri o saytda gedəcək deyə vicdanı bir müsahibə qonararına satmazlar axı. Gedin şeirdən, qəzəldən yazın, nə bilin ayaqqabı tikmək sənətini öyrənin. Yaxşı dəbdə olan peşələrdən biri maşın ustası olmaqdır, gedin "uçenik" olun, ölümdü məgər hamı gəlib dindən danışsın, qəzetdə işləsin.
Baxın indi deyərsiniz ki, adama elmi cavab verə bilmirsiniz deyə bu cür məzələnirsiz. Yox vallah, o yazıda heç bir elmi bir məqam, dini mənbə, bir kitab adı belə yoxdur. Adam yatıb yuxuda gördüklərini durub sayta müsahibə verib. Məgər yoxdurmu peyğəmbərlik iddiası edən, özünü mübarək adam hesab edən, seyidəm deyən, o dünyadan dirilib gəldiyini iddia edən... Bunlar da onlardan biridir.
Salman Rüştü haqqında ölüm fətvası veriləndə də bir dəstə güya açıq görüşlü adamlar başlamışdılar ki, niyə siz elmi cavab verə bilmirsiz, başlayırsız ölüm fətvası verməyə. Axı bir insan bir cızma-qara edib adını "şeytan ayələri" qoyursa burada hansı elmi cavabdan söhbət gedə bilər? Adam adam balası kimi gəlib deməli idi ki, mənim Quranın səmavi kitab olmasına şübhəm var, mənə sübut edin. Yaxud ən azından deyərdi ki, mənim dəlillərim var ki, Quranın bəşər sözü olduğunu sübut edir. Gəlin bu mövzu debat edək. Yoxsa ingilislərin nökərçiliyini edib şəytənətlə məşğul olasan, daha sonra qaçasan öz atalarının yanına. Sonra da sənin ağlında olanlar desin ki, niyə elmi cavab vermirsiz?
İndi gələk Salman Rüştü kimi məşhur olmaq istəyən Gəncalpın dediklərinə. Heç bir elmi məqam yoxdur danışdıqlarında. Köhnə-hamam, köhnə mövzu, köhnə tas. Bunun kimi əllisi-yüzü gəlib gedib. Məsələ bundan ibarətdir ki, adam güya sübut etməyə çalışıb ki, Quranda hicabın vacib olması ilə bağlı heç nə yoxdur. Bu məsələ din məsələsi deyil, dindən qabaq meydana çıxıb, adicə geyimdir, əxlaqla heç bir bağlantısı yoxdur və s. və i.a. Baxın, belə adamlar çoxdur. İşləri-gücləri qurtarıb müfəssir (Quran təfsirçisi) olmağa can atıblar. Deməli, bütün İslam məzhəbləri, şiəsi, sünnüsü, vəhabisi, malikisi, şafeyisi, sufisi, hənbəlisi, mötəziləsi – day o məzhəb yoxdur ki, yekdilliklə hicabın vacib olduğunu desinlər. Hamısı səhv deyir, bütün Quran təfsirçiləri səhvə yol verib, bir dənə Gəncalp ağıllı çıxıb camaata mollalıq edir. Ay canım, sən ərəb dilindən nə oxumusan, sərf, nəhv, bəlağət, təfsir, hədis elmlərindən nə qanırsan, neçə ərəb sözünün lüğəvi, istilahi mənalarını bilirsən ki, durub Quran ayəsini təfsir etməyə çalışırsan. Ayıbdır axı, yaşından-başından utan.
Yuxarıda qeyd etdiyim kimi müsahibəsini sadəcə gözdən keçirdim. Amma danışdıqlarının əsassız olduğunu, hətta bütün məzhəblərin qəbul etdiyi ən bariz, ən zəruri (dəlilə ehtiyacı olmayan), 2+2=4 kimi aydın misaldan daha aydın olan məsələlərdə belə sağlam fikrə sahib olmadığını göstərmək üçün bir iki məqamı burda qeyd etmək istərdim.
Məsələn yazır: "Dinlər minillər sonradan ortaya çıxdı. Baş örtüyü zərurəti ilk olaraq ortaya çıxanda nə din, nə də dil vardı." Baxın, adam anlamır ki, söhbət baş örtüyündən gedirsə bu insana aid bir məsələdir. İnsan adı çəkilirsə deməli insanın mövcud olduğu bir zamandan danışılır. İnsanların ilki və bütün bəşərin atası isə Adəmdir (ə). Adəm isə peyğəmbər olub. Peyğəmbər olubsa deməli şəriət, din, qayda-qanun, əxlaqi dəyərlər gətirib. İndi sən bu cür gün kimi aydın, hətta cahillərin belə qana bildiyi bir məsələdə özünü bilməməzliyə vurursan, yoxsa doğrudan cahilsən? Cahilsənsə gedib elm oxu əvvəlcə. Oxu və bil ki, bütün insanlardan əvvəl Adəm (ə) peyğəmbər dünyaya gəlib, deməli bütün insanlardan əvvəl Adəm (ə) gələndə artıq din gətirmişdi. Sən nə əsasla deyirsən nə din, nə də dil vardı.
Daha sonra görün nə sayıqlayır: "Quranda bir kişinin dörd qadınla və saysız cariyyələrlə evlənə bilməsinin də səbəbi budur... ərəblər Quranın dediyi kimi saysız qadınlarla evləndilər." Bu cümlələri adam hansı ağılla yazır, kim ona yazdırır, hansı şeytandan vəhy alır bilmirəm, amma heç olmasa dediyi bu cümlələri demirəm, bircə dənə - əgər Quran deyibsə - "saysız qadınlar" sözünü ərəbcədən yazardı, baxardıq o hansı ayədə mövcuddur.
Sonra "Qadın-kişi arasındakı problemləri çözməyə çalışan Hz.Məhəmməd niyə qadın və kişiləri ibadət sırasında bir-birilərindən ayırdı?" sualına ağlasığmaz cavab verir: "Ərəblərin geyimi və paltarları elə durumdaydı ki, rüku və səcdə etdiklərində kişilərin və qadınların cinsi orqanları görünürdü." Bu sözlərin müəllifi ancaq Adnan Oktar kimi başdan xarab adamlar ola bilər. Necə yəni səcdəyə gedəndə cinsi orqanları görünərdi. Adam bilmir ki, namaz halında kişilərin ayıb yerlərinin örtülü olması və qadınların isə üz, əl və ayaqlarının ən aşağı hissəsindən (barmaqların ucundan topuğa qədər) savayı hər yeri övrət sayılır və örtünməsi vacibdir? Onun sayıqlamalarını hansı ağıllı insan qəbul edər? Sonra deyir: "Tarix kitablarında Peyğəmbərin də üzərində heç bir geyim olmayacaq şəkildə çılpaq olduğu yazılır." Hansı tarix kitabıdır görəsən bu cür yazıb? Salman Rüştünün yazdığı kitabdır yoxsa? Daha sonra deyir: "Hər kəs üzərindəki cübbəsini çıxarıb bir-birinə düyünlədi. Hər kəs tam lüt vəziyyətdəydi. Daşı yerinə yerləşdirdikdən sonra hər kəs, o cümlədən Abdullah oğlu Məhəmməd də cübbəsini geyindi." Halbuki cübbə dediyi əba üst geyimidir, məgər insan üst geyimini çıxardanda lüt vəziyyətdə qalır? Cübbə o zaman pəncək rolunu oynayırdı, məgər pəncəyi çıxardanda insan tam lüt vəziyyətdə qalır?
Son olaraq deyir: "Peyğəmbər dönəminə aid hicab və örtü örnəkləri haqqında heç bir dəqiq bilgi və bəlgə yoxdur. Çünki örtü haqqında olan bilgilər vəfatından 200 il sonra yaranıb və bu haqda mövcud olan hədislərin mübahisəli olduqları üzərinə ortaq görüş var." Bəlkə də demək istəyir ki, bugünkü hicab forması o zaman yox idi. Əsas örtünməkdir. Birisi hicabla, digəri çadra ilə, bir başqası başqa bir formada – naməhrəmin diqqətini çəkməmək və nəzərindən amanda qala biləcək bir şəkildə o zaman da örtünürdü, indi də bu hökm qüvvədədir. Bu cür deyil ki, bütün İslam alimləri səhvə yol verib, amma Gəncalp sağlam əqidədədir. Hicab haqda maraqlanmaq istəyənlər təbii ki, din alimlərinin kitablarına müraciət edib hicabla bağlı məlumat əldə edə bilər. Gəncalp isə deyir ki, bu haqda mövcud olan hədislərin mübahisəli olduqları üzərində ortaq görüş var. Allah səni hidayət eləsin, görəsən neçə alimin dərs-xaricində iştirak eləmisən, nə vaxtdan hədis, dirayə, rical, üsul elmlərini oxumusan demirəm, heç olmasa adını eşitmisən. Sənin başın üçündür məgər ayırd edəsən ki, hansı mübahisəlidir, hansı alimlər ortaq görüşə gəlib? Bütün islam alimləri hicabın vacibliyi haqda ittifaq edib, sən hansı alimlərə istnad edirsən? Adnan Oktar, Fətullah Gülən, Salman Rüştü, Rafiq Əliyev kimi "alimlərə" istinad edirsən?


1018 بازدید
در حال ارسال اطلاعات...