Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Fevral 2018

Milli Şuraya Milli Aşura deməyinizdən məqsəd nədir?

Tezliklə, elə bu yazımızı oxuyan kimi Aşura sözünü Milli Şuraya nisbət verməkdən çəkinin.
Milli Məclisin deputatı, Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayevə

Hörmətli Milli Məclisin deputatı, dəfələrlə iqtidara sadiq adam olduğunuzu hər fürsətdə biruzə verir, müxalifətlə ən sərt şəkildə mübarizə aparırsınız. Müxalifətə müxalifət olmağınız, İlham Əliyevi dəstəkləməyiniz sizin şəxsi məsələnizdir. İstədiyiniz şəxsi, partiyanı dəstəkləyə və istədiyiniz siyasətçini, partiyanı tənqid edə bilərsiniz. Tənqid atəşinə tutduğunuz insanlardan biri Cəmil Həsənli və onun sədri olduğu Milli Şuradır. Özü ilə, Şurası ilə nə probleminiz varsa özünüz bilərsiniz. Amma anlaşılmayan bir məsələ bundan ibarətdir ki, nə üçün Milli Şuranın adını hər dəfə hallandırarkən "Milli Aşura" deyirsiniz. Doğrusu indiyədək bunu sizə irad tutan olduğunu görməmişəm. Bəlkə də ciddi hesab etməyiblər, amma siyasi dava-dalaşlarınıza bütöv bir ümmətin, bu ümmətin bir parçası olan Azərbaycan xalqının "qırmızı xətti" olan Aşura məktəbini qatmayın. Əvvəla Aşura elə bir beynəlxalq məktəbdir ki, onu hansısa xalqa aid edib məhdudlaşdırmaq olmaz. Lakin Milli Aşura sözündə millilik var. Əgər sizin Aşur məktəbi və onun misilsiz rəhbəri İmam Hüseynlə (ə) müşkülünüz, onun haqq mübarizəsinə dair hansısa şübhələriniz varsa bu haqda danışa bilərik. Ola bilər siz şiə deyilsiniz, yaxud İmam Hüseyn (ə) məktəbini gözü götürməyən vəhabi firqəsinə mənsubsunuz. (Burada məzhəb ayrıseçkiliyi salmırıq, məzhəb ayrseçkiliyinə yol açan bir sözün tez-tez dilə gətirilməsinin aradan qaldırılmasına çalışırıq) Yaxud ümumiyyətlə yerli hakimiyyətin səfində yerinizi bəlli etdiyiniz və müxalifətdən zəhləniz getdiyi üçün İmam Hüseynin (ə) müxalifətçiliyini də qəbul etmək istəmirsiz. Məsələ qaranlıq olaraq qalır. Hər halda dəfələrlə Milli Şuraya Milli Aşura deyərkən nəyisə nəzərdə tutmusunuz. Çünki bunu sizdən soruşa bilərlər. Səbəbsiz də deyil. Çünki "heç nə, elə-belə" demək hikmətsizliyin əlamətidir.
İmam Hüseynin (ə) müxalifətçiliyi ilə barışmırsınızsa bilin ki, İmam Hüseyn (ə) Yezid lənətullah kimi din, namus, xalq, dövlət düşməni olan rəzil, fasiq, şərəfsiz bir insana qarşı qiyam qaldırıb. Bu isə sizi narahat etməməlidir, əksinə bu yolda İmam Hüseyndən (ə) ibrət almalısınız. 100 faiz əminəm ki, məqsədiniz Aşuranı, Kərbəla məktəbini təhqir etmək deyil. Çünki Aşura məktəbi haqda Heydər Əliyev də bir zamanlar Təzə Pir məscidində çıxış edərək İmam Hüseynin (ə) yolunun əziz, müharibəsinin haqq olduğunu bildirmişdir. Ona da inanırıq ki, Heydər Əliyevin baxışlarının yanında sizin baxışlarınızın "heç nə" olmasını da qəbul edərsiniz. Təbii ki, bir insan bəyənmədiyi, tənqid etdiyi, hər gün əleyhinə müsahibələr verdiyi bir insanı, şuranı, partiyanı yaxşı bildiyi bir insanın adıyla, məktəbiylə çağırmaz. Ağlabatan deyil ki, Aşuranı müsbət qəbul edib bu məktəbin adını Milli Şuraya verəsiniz. Çünki Milli Şuraya nifrət edirsiniz, hansısa yaxşı adı ona nisbət verməyi də qeyri-məqul hesab edirsiniz. O zaman sizin Aşura məktəbi ilə nə dərdiniz var? Tezliklə, elə bu yazımızı oxuyan kimi Aşura sözünü Milli Şuraya nisbət verməkdən çəkinin. Buna son qoymasanız məcbur olub sizin "böyüklərinizə", hətta Milli Məclisə də müraciət edəcəyik. Amma Milli Məclisin deputatı olduğunuz üçün millətdən birinin səsini eşidəcəyiniə inanırıq. Unutmayın ki, bir daha dediyimiz kimi Aşura məktəbinin rəhbərləri zalım əleyhinə qiyam qaldırıb. Siz Milli Şuraya Aşura deyirsinizsə deməli onun müxalif olduğu İlham Əliyevi Yezid yerinə qoymuş olursunuz. Bu məqamı diqqətinizə çatdırdıq. Diqqətli olmadığınız halda Milli Məclisin də diqqətinə bu məsələni çatdıra bilərik.


302 بازدید
در حال ارسال اطلاعات...