Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Yanvar 2018

Vüsal bəy, səni yaradan yoxdursa sən niyə varsan? (2-ci hissə)

30 ildir elmlə, araşdırma ilə (demək istəyir ateizmi kor-koranə seçməmişəm) məşğul olan bu insan nəinki öz fikrini elmlə əsaslandırmır...
3. Vüsal bəy müsahibənin davamında əslində özü barədə bir həqiqəti ifşa edir. O həqiqət bundan ibarətdir ki, o, bəzi müsəlmanlara görə həvəsdən düşüb, dindən yerli-dibli boyun qaçırıb. (Əlbəttə indiki vəziyyətdə, sabah nə qərar verəcək bilinmir) Onun üstündə dayandığı ateizm, həmçinin məlum müsahibəsi bir mehvər üzərində qurulub. O da budur ki, onun ateizmə meyillənməsi ancaq və ancaq ətrafındakı müsəlmanlardan ya pislik görməsilə bağlıdır, ya da yaxşılıq görməməsi ilə. Özü açıqca etiraf edir ki, ailəsində məzhəb ixtilafları mövcud idi, ətrafındakı insanlar ona dini bir qədər sərt şəkildə izah ediblər. O da dindarın əməlinə baxıb acığını Allahdan "çıxmağa" çalışıb: "Ancaq bir ateistdən heç kim ziyan görmürsə, işimiz-gücümüz rasional təfəkkürü təbliğ edib, qeyri-rasional düşüncəni tənqid etməkdirsə, praktik olaraq heç kimə ziyan vurmuruqsa, Allah bizim dilimizlə “mən yoxam” demir. Mənə elə gəlir ki, əgər Allah olsaydı, o ateistlərə baxıb qürur duyardı ki, bunlar mənə nə üçünsə yaltaqlanmırlar, qorxduqlarına görə sevgi və sayğı göstərmirlər, nəinki dindarlara, qorxudan ona inananlara..." Bu, çoxlarının mərəzidir. Məntiq elmində sual verirlər ki, niyə bəzi insanlar çoxlu məntiq kitabları oxuyur, amma məntiqli düşünə bilmirlər? Cavabında deyilir ki, niyə insanların çoxu avtomobil idarə etməyi öyrənir, təlim kurslarına gedir, "prava" alır, amma bəzən cərimə olunurlar? Hər iki sualın cavabı budur ki, onlar məntiqi və yol hərəkəti qaydalarına riayət etmirlər deyə bu cür olur. Vüsala da dindən danışanlar bəzi qaydalara riayət etməli idilər. Amma Vüsalın da təqsiri budur ki, müsəlmanın ifrat hərəkətinə görə dindən üz döndərib.
Deyir bir ateistdən heç kim ziyan görmürsə... bəs axı ateizmi təbliğ edib dini inkar etmək, başqa yerdə Quranda elmi heç nə yoxdur, peyğəmbərlər yalan danışıb və buna oxşar sayıqlamalar ziyan deyilmi? Ateizmi seçməyi etiqad azadlığı hesab edirsənsə bunu gizlində də edə bilərdin. Yoxsa açıq aşkar İslam, din əleyhinə danışır, sonra bunu rasional təfəkkür, fikir azadlığı hesab edirsən? Məgər dünyada bütün ateistlər faydalı, bütün müsəlmanlar ziyanlıdır. Ateistin ziyanlısı, dindarın faydalısı varsa niyə buna uyğun etiqad seçmirsən? Onun "praktiki olaraq heç kimsə ziyan vurmuruqsa", "Allah bizim dilimizdən "mən yoxam" demir" deməsi bir daha onu göstərir ki, adam ona ətrafındakı dindarların ziyan verməsindən əziyyət çəkib. Onun işlətdiyi "Allah bizim dilimizdən "Mən yoxam" demir deməsi özünüifşa vərəqəsinin üzərinə vurulmuş möhürdür. Çünki bizim leksikonumuzda pis, ziyanlı insanlara "Allahın olsun", "ay Allahsız", yaxşı insanlar haqqında danışarkən "adamın Allahı var, filankəs yaxşı adamdır", "Allahtərəfi filankəs düz deyir", "filankəs Allah adamıdır", "Adamın başının üstündə Allah var" ibarələri tez-tez səslənir. Vüsal da görünür ona qarşı yaxşı rəftar etməyiblər, onun təbirincə desək "allahsızlıq" ediblər deyə Allahdan küsüb. Allaha yaltaqlanmağa gəldikdə isə, əgər Allahı adamı olmaq yaltaqlıqdırsa, onda ateizmi seçmək də ateizmə yaltaqlanmaqdır. Ateizmin "Allahı" (materiya, bing bang) da Vüsalın təbirincə müsəlmanlara baxıb deyir ki, niyə bunlar mənə yaltaqlanmır?
4. Daha sonra " Düşünürsünüz ki, Allah mənəvi ehtiyaclar nəticəsində uydurulmuş bir obrazdır?" sualına cavab vermək üçün hamını özünə güldürəcək müqayisə aparır: "Uşaqlıqdan alışmışıq ki, bizi qoruyan... pənah apara biləcəyimiz bir varlıq var. Valideyndən söhbət gedir, simvolik olaraq atanı götürək. Böyüyürük, həmin o varlıq olur aciz. Olur bizə möhtac bir qoca. Amma bizim “mən”imizi formalaşdıran o güclü hisslər alt şüurumuzda qalıb. Həmin ehtiyacı ödəmək üçün qocalmayan, əldən düşməyən Allahı uydurmuşuq. Allahla valideynin heç bir fərqi yoxdur. 2 yaşında uşaq valideynindən nə istəyirsə, biz də bu yaşımızda Allahdan onu istəyirik." Burada Allahdan kömək uman ağıllı-kamallı insanı balaca uşaqla müqayisə edir. Gülünc yanaşmadır. Çünki atasını hamıdan güclü bilən uşaq olsa-olsa ən çox 10 yaşına qədər belə düşünə bilər. Amma Allahdan yardım uman insan hətta 50-60 yaşında belə şüurlu, ixtiyari formada nəsə istəyir. Onun başına hətta 70 yaşında bu cür hadisələrin 100-ü də gəlsə Allaha üz tutacaq. Uşaq isə ağlı o qədər dərk edir ki, atasını fövqəl güc bilir. Məsələn Vüsalın danışdıqlarını həmin 10 yaşlı uşağa danışsaq deyəcək bu nə sayıqlamaqdır, necə yəni Allah yoxdur, uydurmadır. Amma Vüsal bu qənaətə elmi, şüurlu şəkildə, araşdırma apardıqdan sonra gəldiyini deyir. Demək istəyirəm ki, özünü o uşaqla tərəzinin bir gözünə qoyan deyil. Bəs necə olur balaca uşağı ağıllı-kamallı 60-70 yaşlı insanla müqayisə edir.
5. Daha sonra növbəti kobud səhvinə davam edir: "Sən yaxşı dindarsansa, içinə şübhə salan hər şeyi şeytanın vəsvəsəsi kimi qəbul edirsən. Mən də yaxşı dindar idim. Fikirləşirdim ki, əgər mənim içimdə cavabsız suallar doğubsa, deməli, bu, şeytanın vəsvəsəsidir. 30 ildir elmi bilərək, sevərək, böyük rəğbət duyaraq, amma elmin qoyduğu suallara şeytan vəsvəsəsi deyə-deyə içimdə saxlayan adam olmuşam." Deyir 30 ildir elmlə məşğulam, amma bu müsahibəsində bir dənə elmi məsələ gətirib Allah əleyhinə izahını verməyib. Axı elm insan yaradılışından min illərlə sonra bu həddə inkişaf edir. Bəs inkişaf etməzdən əvvəl insanları kim yaratmışdı? Vəsvəsəyə gəldikdə isə demək istərdim ki, əslində görünür sən yaxşı dindar olmamısan. Hələ bir soruşmaq lazımdır ki, necə oldu dindar oldun, Allahı necə tapdın ki, necə də itirdin? Yaxşı dindar olan bu cür olur ki, təqvanın, mərifətin yüksəkliklərini fəth edir, onun üçün öz qəlbində, fitrətində heç bir şübhə yeri qalmır. Fitrətin səsinə, vicdanına qulaq verir, Allahın təbiətdə nişanələrini görür, Allaha olan imanı getdikcə güclənir. Heç uzağa getmirəm, 30 ildir elmlə, araşdırma ilə (demək istəyir ateizmi kor-koranə seçməmişəm) məşğul olan bu insan nəinki öz fikrini elmlə əsaslandırmır, üstəlik görün elmdən danışandan sonra nə deyir: "Elə bir yerə gəlib çıxdım, ətrafımdakı dindarlardan elə zərbələr aldım ki..." Bir daha sabit olur ki, adam dindarların hərəkətini görüb dindən qaçmağa qərar verib. Məntiqsiz və absurd. Adam sözün həqiqi mənasında şeytanla elm, dinlə dindarlar arasında çaş-baş qalıb. Bilmir ki, onu şeytan azdırıb, yoxsa elmi suallar, yoxsa ətrafındakı insanlar. 30 ildir elmlə, təhqiqatla, araşdırma ilə məşğulam deyən adam bir elmi bəhs açıb ateizmi sübut etməli ikən (!!!) ətrafdakı dindarlardan aldığı zərbələri gündəmə gətirir. Elmin, araşdırmanın dost zərbəsinə nə dəxli var?

Birinci hissəni buradan oxuya bilərsiniz: http://www.nur-az.com/az/articles/view/4624

ardı var.


440 بازدید
در حال ارسال اطلاعات...