Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Yanvar 2018

AŞKARDA GÜNAH ETMƏK

Günahkar adamlar öz günahlarına bəhanə gətirmək üçün başqalarının eyblərini faş edirlə
«Nur» surəsinin 19-cu ayəsində oxuyuruq:
«O kəslər ki, istəyirlər möminlər arasında əxlaqsızlıq yayıla, onları dünyada və axirətdə ağrılı bir əzab gözləyir».

Maraqlısı budur ki, əxlaqsızlığın yayılmasını istəyən şəxs də əzaba düçar olacaqdır. Bu isə məsələnin ciddi olmağını göstərir. Hər halda sağlam bir cəmiyyət qurmağın yollarından biri də, həmin cəmiyyətdə günahın qarşısını almaqdır. Mətləbin daha aydınlaşması üçün aşağıdakı hədislərə diqqət yetirin:

İslam Peyğəmbəri (s) buyurur:
«Pis işlərin yaranmasına şərait yaradan şəxs o işləri görən şəxs kimidir». (Üsuli-kafi, 2-ci cild, 356-cı səh.)

Yenə o Həzrət buyurur:
«Yaxşı işləri gizlində görən şəxsin savabı yetmiş bərabərdir. Aşkarda və gizlində günah edən şəxs isə (sonradan tövbə etmək şərtilə) Allah tərəfindən bağışlanır». (Üsuli-kafi, 2-ci cild, 160-cı səh.)

İmam Baqir (ə) buyurur:
«Mömin olan bir şəxsə mömin qardaşının 70 böyük günahını gizlətməyi vacibdir». (Səfinətül-bihar, 1-ci cild, 598-ci səh.)

İmam Sadiq (ə) buyurur:
«Biz Əhli-beytin haqqını tanıyan şəxslərin nicat tapmasına ümidim var. Lakin bunların arasında üç dəstənin səadətə çatmasına ümidim yoxdur. Bu üç dəstə bunlardan ibarətdir:
1- Zalım padşah.
2- Öz nəfsinin istəklərinə qulluq edən şəxs.
3- Aşkarda günah edən şəxs.
5. O həzrət başqa bir hədisdə buyurur:
«Aşkarda günah edən şəxsin heç bir hörməti yoxdur. Onun qeybətini etmək də haram deyil». (Səfinətül-bihar, 1-ci cild, 361-ci səh.)
(Yəni həmin şəxsin aşkarda etdiyi günah barədə edilən qeybət haram deyil.)

İslam Peyğəmbəri (s) buyurur:
«İlahi! Hiyləgər dostdan Sənə pənah aparıram. Çünki belə dost mənim yaxşı işlərimi gizlədər, pis işlərimi isə yayar». (Nəhcül-fəsahə, 101-ci səh.)

İmam Əli (ə) buyurur:
«Günahkar adamlar öz günahlarına bəhanə gətirmək üçün başqalarının eyblərini faş edirlər». (Fehresti-ğürər, 288-ci səh.)
Fiqh elmində də aşkarda günah edən şəxslə gizlində günah edən şəxsin arasında fərq qoyulur.

Misal üçün, İmam Xomeyni özünün «Təhrirül-vəsilə» kitabında belə yazır:
«Ehtiyat budur ki, seyyid malı aşkarda günah edən seyyidə verilməsin. Hətta belə bir seyyidə seyyid malı verilməsi onu günaha salacaqsa və cəmiyyətdə günahın yayılmasına səbəb olacaqsa, onda bu malı ona vermək olmaz və caiz deyil».
Kitab əhlinin (yəhudi, məsihi və s.) müsəlman ölkəsində yaşamalarının şərtlərindən biri də budur ki, onlar aşkarda şərab içmək, donuz əti yemək, zina etmək, məhrəm qadınlarla (ana, bacı və s.) evlənmək və bu kimi günahlardan qorunsunlar.
Hədislərin birində oxuyuruq:
Bir şəxs İmam Kazimdən (ə) soruşdu: Zina etmiş və yaxud şərab içmiş yəhudi, məsihi və ya məcusi bir şəxsi tutublar, onun hökmü nədir?
İmam (ə) buyurdu:
«O, bu günahları müsəlmanlar yaşayan bir yerdə edibsə və yaxud onu bu günahlarına görə mühakimə etmək üçün müsəlman bir qazının yanına gətiriblərsə, bu vaxt islamda olan cəza tədbirləri onun üçün icra olunmalıdır». (Vəsailüş-şiə, 18-ci, cild 338-ci səh.)
Bu cür hadisələr onu göstərir ki, islam dinində cəza təyin olunan günahları edən şəxs müsəlman olmasa da, cəzalanmalıdır.
Bu bəhsin sonunda İmam Əlidən (ə) bir hədisə diqqət yetirin:
İmam (ə) buyurur:
«Camaatın ən pisi o adamdır ki, başqasının səhvinə qarşı güzəşti olmaya və eybləri örtməyə». (Qürərül-hikəm, 1-ci cild, 446 səh.)


718 بازدید
در حال ارسال اطلاعات...