Şrift ölçüsü:
A+
A
A-
Kr
31 Dekabr 2017

Peyğəmbər (s) "novı qod" barəsində nə deyərdi?

Amma "novı qoda" gəldikdə isə əvvəla bu, bizə rus imperiyaları zamanından qalıb
İslam dini müxtəlif millətlərin yaşadığı ərazilərdə yayılanda, yenicə müsəlman olanlar öz milli adət-ənənələri barədə, bayramları, matəmləri haqda Peyğəmbərdən (s), daha sonra İmamdan (ə) soruşardılar. Novruz bayramı haqda da sual ediblər. İslamın ümumi mövqeyi bundan ibarət olub ki, Novruz bayramında İslamla üst-üstə düşən ayinlər saxlanılsın. Hansı ki, Allahın şəriətinə xilafdır, hansı adət ki, İslamla uzlaşmır, tərk edilsin. Çünki İslam dini xalqların adət-ənənəsini baltalamaq üçün yox, islah etmək üçün gəlmişdi.
Diqqət etdikdə görürük ki, hətta cahiliyyə zamanından qalma adət olan haram aylarda müharibəni dayandırmaq ənənəsi İslam gələndən sonra da qüvvədə qaldı. Çünki 12 ayın 4 ayında qan tökülmürsə bu, sevindirici haldır.
Novruz bayramında bir neçə ayinlər var ki, tərk edilməlidir. Məsələn, qulaq falı, dini terminlə desək qeybətə qulaq asmaq haramdır. Yaxud hər kim ocağı atəşpərəstlik niyyəti ilə qalayırsa, bu da aradan qaldırılmalıdır. Əlbəttə, bu gün novruzun qeyd edildiyi müsəlman ölkələrində heç kim tonqalı tapınmaq niyyəti ilə qalamır. Amma "ağırlığım – uğurluğum odlara" niyyəti ilə bu cür xurafatlara varılsa, günahdan, təmbəllikdən iradəvi, şüurlu şəkildə çəkinməsək – bu da bizi mövhümata apardığı üçün tərk edilməlidir. İnsanlara doğrular göstərilməlidir. Xoruz döyüşdürmək də bir başqa cəhətdən heyvana əziyyət hesab edildiyi üçün haramdır. Amma bunun müqabilində bayram günü sileyi-rəhm etmək (qohumlara baş çəkmək), ölülərin ziyarəti, evi təmizləmək, şirni bişirmək – bütün bunlar məqbuldur, üstəlik şəriət sahibi deyilənləri tövsiyə edib.
Nəzərə alınmalıdır ki, Novruz fars sözü olub "yeni gün" mənasındadır. Bu da deyilənə görə təbiətin oyanması, yazın gəlişi, yaşıllığın baş qaldırmasına görədir.
Amma "novı qoda" gəldikdə isə əvvəla bu, bizə rus imperiyaları zamanından qalıb. Ruslar o zamanlar bütün sovet ölkələrində bu bayramı qeyd edirdilər. Deməli, milli bayram deyil. Üstəlik, bayram olmasına səbəb də yoxdur. Ola bilər bu bayrama "milad" bayramı deyilsin və Həzrət İsa peyğəmbərin təvəllüd gününə nisbət verilsin. (Milad – təvəllüd, doğulma deməkdir) Amma, birincisi budur ki, Həzrət İsa peyğəmbər dekabr ayının 31-i deyil, 25-i doğulub. İkincisi, insafən, Həzrət İsanın doğulmasını əlində bayraq edən müsəlmanların neçə faizinin Həzrət Mühəmmədin (s) təvəllüd tarixindən xəbəri var?
Bəs İslam Peyğəmbəri (s) "novı qodla" bağlı nə deyərdi? Qeyd etdik ki, bu, bizim milli bayramımız deyil. İkincisi biz müsəlman olduğumuz üçün təqvimimiz də əslində milad deyil, hicri olmalıdır. Çünki İslam Peyğəmbəri (s) zamanında Fil ili (Əbrəhənin fil qoşunu ilə Kəbə evini dağıtmaq üçün gəldiyi il) deyilən təqvim var idisə, sonralar İslam dövləti İmam Əlinin (ə) məsləhəti əsasında (Ömərin xəlifəliyi zamanında) müsəlmanların təqvimi hicri (İslam Peyğəmbərinin (s) Məkkədən Mədinəyə köçdüyü tarix) təqvimi oldu. Üstəlik, Novruzda təbiətin oyanması kimi bir hadisə "novı qod" günü baş vermir. Əlbəttə, "novı qod" günündə də yaxınlar ziyarət edilir, evlər bəzədilir, təmiz paltarlar geyinilir. Amma digər tərəfdən insanların çoxu bu günü haram işlərlə müşayət edir. Bəzi cavanlar bir sıra haram əməllər görüb "cavanlıq" adlandırır, yaşlı nəsilin bəzi nümayəndələri də bir başqa cür harama bulaşır. Məsələn, bir çox "bayram süfrələri"ndə şampan, çaxır, pivə, araq qoyulur. Bu da dinimizdə haramdır.
Deməli, əslində nə şəri cəhətdən, nə də milli cəhətdən "novı qodun" müsəlman xalqlarla heç bir əlaqəsi yoxdur.


707 بازدید
در حال ارسال اطلاعات...