Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Dekabr 2017

Fələstin gerçəkləri və Samir Sarının "Tıxtıx xanım" təsəvvürü bağışlaması

Fələstinin tarixi mövcudluğu isə qədim zamanlara gedib çıxır
Samir Sarının adını eşitsəm də nə vaxtsa hansısa məqaləsini oxumağım yadıma gəlmir. Yaxınlarda onun "Bir millət iyirmi dövlət" sözünü işlətdiyi bir məqaləsinə rastladım. O da rastlamayacaqdım, sadəcə dəyərli ilahiyyatçı Hacı İlqarın bir məqaləsini oxuyanda Samir Sarının belə bir məqalə yazmasını bildim.
Hacı İlqar ədəbli bir formada yazara tənqid deməzdim, sadəcə bir böyük qardaş kimi məsləhət verib, doğruları göstərməyə çalışıb. Bir-iki məsələyə də - Sarının yazısı barədə - mən toxunmaq istərdim.
Əvvəla deyim ki, Fələstin gerçəklərini İsrail və ABŞ nə qədər ört-basdır etməyə çalışsa da, orada axıdılan hər damla körpə qanı bu həqiqətləri və cinayətləri dünyaya tanıtdırır. Amma təəssüflər olsun ki, bu həqiqətlərin, gerçəklərin müqabilində Samir Sarı kimi "Tıxtıx xanım" təsəvvürü bağışlayan insanlar da var. Əlbəttə, onun məlum yazısında dediklərinin nağıl olduğunu çatdırmaq istəmirəm. Şəxsən ərəbləri nəzərdə tutub bir millət, iyirmi dövlət ikən bir balaca İsrailin cəzasını verə bilmədikləri həqiqətdir. Amma məsələ burasındadır ki, Fələstin məsələsi, orada qırılan körpələr, işğal – təkcə bir millətə xas olmamalıdır. Bax, burada Samir Sarının "Tıx-tıx xanım" təfəkküründə olması üzə çıxır.
Müəllif məqaləsində çox kobud səhvlərə yol verib. Məsələn yazıb ki, Fələstin İsraildən ayrılmaq istəyir və demək olar ki, ayrılıb... Müəllif görünür tarixdən xəbərsizdir. İsrail 1947-ci ildə Fələstin torpaqlarında qondarılmışdır. Zorla sionistlər ABŞ, BMT köməkliyi ilə Fələstinin ( bir də bir neçə ərəb ölkəsinin bəzi) torpaqlarını işğal edib "biz burada yəhudi dövləti təsis edirik" deyiblər. Fələstinin tarixi mövcudluğu isə qədim zamanlara gedib çıxır. Bəs yaxşı, qədim olan yeni qondarılan "dövlətdən" ayrılır, yoxsa yeni qondarılan qədim dövlətdən? İsraili Qondarma Dağlıq Qarabağın yerində, Fələstini də Azərbaycanın yerində təsəvvür etsək, Sarının fikrincə hansı hansından ayrılıb?
İkinci məqam: Samir Sarı deyir ki, ərəblər bir millət iyirmi dövlətdir, heç bir işə yaramırlar. Biz və Türkiyə nə üçün ortaya atmalıyıq özümüzü? Üstəlik, o vaxtlar Fələstin Milli Muxtariyyətinin birinci sədri olan Yasir Ərəfat erməni işğalına bəraət qazandırırdı. Çox təəccüb, bir o qədər təəssüf doğuran məqamdır. Təsəvvür edin 21-ci əsrdə yaşayan bir müəllif nə düşünür! Onun sözündən belə çıxır ki, biz işğalçını pisləyərkən,uşaqları qıranları lənətləyərkən Yasir Ərəfatın mövqeyini nəzərə almalıyıq. Yaxud da orada qırılan körpələr deyil, Yasir Ərəfatdır. Yaxud da lider pis olanda işğala bəraət qazandırmalıyıq. Adam bu yaşına çatıb, hələ də anlamayıb ki, bütün dünya İsraili bu hərəkətlərinə görə lənətləyir. Bütün dünya Ariel Şaronun, Netanyahunun, Libermanın, Şimon Peresin murdar sifətinə tüpürdüyü bir vaxtda Samir Sarı əlinə dəsmal götürüb onların sifətindəki tüpürcəyi təmizləməyə israrlıdır.
Halbuki zavallı (adama ağır söz deyə bilmədiyim üçün "zavallı" deyirəm) adam gözünü açıb neçənci əsrdə yaşadığını görməlidir. Bütün dünya terrora qarşı mübarizə aparır, hüquq-humanitar təşkilatlar, bəynəlxalq səviyyədə təşkilatlar təsis edilib ki, dünyadakı fitnələrin qarşısını alsın. Bu məqamda kiminsə milliyyəti nəzərə alınmır. Burada insan ölümü var, minlərlə insanın öz evindən zorla çıxarılması var. Sabah – Allah eləməmiş – hansısa müsəlman Samir Sarını evindən atsa, Avropa Məhkəməsinə qədər yazıb müsəlmanlardan şikayət edəcək. Amma özünü bu məqamda korluğa vurub.
Üçüncü məqam: Əslində Samir Sarı uşaq deyil, gözəl bilir ki, artıq dövr milliyyətçilik, qövmçülük dövrü deyil. Hardan bilirəm? Bunu bilmək üçün Samir Sarının yaradıcılığını, "Müsavat qəzəti"ni ələk-vələk etməyə ehtiyac yoxdur. Elə həmin məqaləsindəki müqayisəyə diqqət etsək aydın olar; "o vaxt FAT-ın qurucusu və əbədi rəhbəri Yasir Ərəfat erməniləri qardaş adlandıranda, “DQR” separatizminə haqq qazandıranda o həmrəylik niyə yada düşmürdü?" Təbii ki, məzluma yardım etmək, zülmü pisləmək, zalımı məhkum etmək fitri məsələdir. Fitrət isə hamıya verilib, Samir Sarı da bundan istisna deyil. Bir abzaslıq da olsa əlini vicdanına qoyub bu cümlələri yazıb. Əslində qeyri-ixtiyari də olsa qəbul edir ki, o zamanlar da Yasir Ərəfat - ərəb olsa da - bizim məzlum qarabağlıları – qeyri-ərəb olmalarına rəğmən dəstəkləməli idi. Yasir Ərəfat ərəbdir, körpəsi ölən qarabağlı isə azərbaycanlı, yəni qeyri-ərəb. Ərəb qeyri-ərəbi – insan olduqları üçün – dar gündə dəstəkləməlidirsə, qeyri-ərəb nə üçün həmin məntiqlə ərəbi müdafiə etməsin? Ərəbi ancaq ərəbmi müdafiə etməlidir?
Yasir Ərəfata gəlincə, biz Fələstini ona görə deyil, məzlumların köməyinə çatmağımız üçün aləmə yayır və dəstəkləyirik. Hətta hansısa dövlət başqa dövlətə ordu yeridib xalqı diktaturadan xilas etmək istəyəndə həmin dövlətin başçısına aman vermir, öldürür, həbsə atır, sürgün edir, təki onun şərri xalqdan uzaq olsun. Xalqın dadına çatmaq üçün liderlər mühüm deyil.
Samir Sarının "Tıx-tıx xanım" obrazını oynaması məsələsinə gəlincə... Uşaq nağılından məlumdur ki, Tıx-tıx xanım onu məclisə aparmadığı üçün Siçan bəydən küsür. Siçan isə Tıx-tıx xanım suda batan vaxt ona hər dəfə "əlini mənə bəsdərəcək" deyəndə, bunun müqabilində ondan "mən səndən küsdərəcək" eşidir və bezib "mən də sənə quyruq göstərəcək" deyib üzünü çevirib gedir. Tıx-tıx xanım isə daha sonra pərişan halda onun quyruğundan yapışıb boğulmaqdan xilas olur. Samir Sarı da əgər nə vaxtsa üzə bilməyib suda boğulmaq təhlükəsi ilə üzləşsə, onun xilası üçün gələn qeyri-azərilərə, məsələn, Azərbaycana axışan ərəb turistlərinə deyəcək ki, "yox, siz ərəbsiz, hardadır bir millət iki dövlət olan azərbaycanlılar, türklər, gəlib məni xilas etsinlər."

Çünki hazırda manitor arxasında oturub bi fincan qəhvə içərək dünya xalqlarına səslənir ki, Fələstində nə işiniz var, iyirmi ərəb dövlətinin canı çıxsın, öz millətindən olan fələstinlilərə yardım etsin.

P.S. Üstəlik, yazıda İranı da unutmayıb, iddia edib ki, İran bir iş görmür. Bunun əvəzində gündüz-günorta vaxt evinin pəncərəsinin pərdəsini aralayıb "günəş suya düşüb" desəydi, bəlkə inandırıcı olardı.


727 بازدید
در حال ارسال اطلاعات...