Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Dekabr 2017

İran niyə Qarabağı alıb separatçı Hüseynbala Səlimova vermir?

İran niyə Qarabağı alıb separatçı Hüseynbala Səlimova vermir?
Hüseynbala Səlimov haqqında bir dəfə də saytımızda məqalə yazılmış, onun İranla bağlı yazılarının "zapas" yazısı, "saxla zamanı gələr samanı" qəbilindən olduğu bildirilmişdi. Nə vaxt yazmağa mövzusu olmayanda üz tutub İrana. Qardaş, yazmağa yazı, almağa qonarar yoxsa İrana üz tut, kimsə bir söz demir ki. Get sən də Astara, Biləsuvar gömrük məntəqələrini dağıdan alverçilər kimi qənddən, paraşokdan, halvadan, şampundan zaddan gətir sat, beş-on manat cibinə pul girsin də. Yoxsa sənin nə işin var durub o boydana İran höküməti haqqında danışırsan. Özü də tanımaza-bilməzə.

Hüseynbala kimi insanların İrandan mədəd umması bəlkə təbii sayıla bilər. Amma bunların mədəd umma, kömək istəmə metodu heç bir standardlara sığmır, İlham Əliyev demişkən dünyada analoqu yoxdur. İşləri korlayan da bunların bu cür metoda sahib olmasıdır. Əslində Hüseynbala kimi insanlar bilərəkdən bu metodu seçiblər və bununla demək istəyirlər ki, bizim İranın köməkliyinə ehtiyacımız yoxdur, "prosto" İrana söz atır, kinayə edirik. Sətiraltı İran mollalarının diqqətinə çatdırmaq istəyirik ki, biz sizsiz də Qarabağı alarıq, məqsədimiz sizi hidayət etməkdir. Deməli, əslində Hüseynbala kimi insanların məqsədi Qarabağ deyil, yazı yazıb qonarar almaqdır. Bunu bilirsiz hardan bildim? Elə o və onun kimi insanların mövqelərini oxuyanda bu açıq-aydın bilinir. Məsələn kişi yenicə "İran niyə Ermənistanı darda qoymur?" başlıqlı yazı yazıb. Yazının ilk cümləsinə deyir: "İstədiyimiz odur ki, Tehran daha səmimi siyasət yürütsün, kiçik ölkəmizdəki erməni separatizminə, erməni işğalına son qoymaqla bizə yardımçı olsun." Yaxşı, bu tikanlı, iki başlı, başı daşlı, gözü yaşlı cümlələri bildik, sonra? Sonrası zibilləyir: "Amma İransa bunu etmir. Bəyanatlar şəklində Ermənistanın Azərbaycana təcavüzünü pisləsə də yenə öz işindədir – İrəvanla geniş iqtisadi-ticari əlaqələr saxlayır." Fikir verin, adam ürək sözünü açıqca yazır, İrandan kömək istəyir və buna görə nə ABŞ-İsrail səfirliklərindən qorxmur, nə də "İran agenti" damğasının alnına vurulmasından çəkinmir. Niyə? Çünki Qarabağ uğrunda ölümə də hazırdır, ona görə? Yox! Çünki gözəl bilir ki, onun bu yazısını, İranı köməyə çağırmasını heç kim ciddi qəbul etməyəcək. Çünki özü də özünü ciddi hesab eləmir, sadəcə məzələnir. Məgər ağıllı başlı adam öz məqsədini baltalayarmı? Bir yandan məqsədin İranı köməyə çağırmaq olsun (güya), digər yandan elə həmin məqalədə, beş-altı sətir sonra İranın əleyhinə danışıb "məzələnirəme" deyəsən. İndi özünüz düşünün hörmətli oxucular, İran rəhbərliyi uşaqdırmı ki, Hüseynbalanı ciddiyə alıb Qarabağı alıb ona versin. İnsaf da yaxşı şeydir axı. Adam ciddiyə-ciddi, açıq-aşkar yazır ki, İran bu işi bacara bilər. (Təbii ki, buna inanmasaydı İrandan kömək istəməzdi) Daha sonra güclü bildiyi, bacarıqlı bildiyi ölkəni başlayır təhqir etməyə, qovmağa, məzələnməyə. Bu cür ağıl sahibləriylə İran neyləsin, Qarabağ neyləsin?
İkincisi, adam əgər unudubsa, bilmirsə xatırladaq ki, İran öz generalını (azərbaycanlı, ərdəbilli general Mənsur Həqiqətpuru) Azərbaycana ezam etmişdi. Heydər Əliyevin hərbi müşaviri olan bu insan bir neçə il Azərbaycanda batalyon təşkil edib əsgərləri təlimatlandırmışdı. Amma sonda nə oldu? Siyavuş Növruzov kimi Azərbaycan xalqının üz qarası olanlar adamı Ermənistana işləməkdə xəyanət edib haqqında cinayət işi açdırdılar.
Separatçı Hüseynbala daha sonra yazır ki, sən demə bu günlərdə İranın XİN başçısı böyük bir biznesmen dəstəsiylə Ermənistana səfər edib. Bəs Bakıda bir müddət əvvəl "rumka" toqquşduran ermənilər, Gəncəyə gəzməyə gələn erməni qadın, Türkiyədən Qarabağa Azərbaycanın icazəsi olmadan gedən türkiyəli deputatlar necə olsun Hüseynbala bəy? Bu barədə öz cızma-qaralarında yazırsanmı?
Hüseynbala Səlimovun separatçılığı burdan görünür ki, yazır ki, İranı "sıxmağın" yollarını axtarmalıyıq. Güya 60 yaşlı bu ağıl sahibi ABŞ, Avropa, İsrailin edə bilmədiyini etməyə çalışır. (Ramazanın, Aşuranın övladlarını iqtisadi sanksiya, aclıq, ölümlə (şəhadətlə) qorxuda bilməyən ABŞ, İsrail, Avropa tərəzinin bir gözündə, Səlimovun ağlı başqa gözünə qoyulsa ikincisi "ağır gələr") "Bu kontekstdə cənublu soydaşlarımıza müəyyən ümidlər bəsləyirik" deyən separatçı utanmazcasına yazır ki, bu barədə əvvəllər də yazıb bildirmişik ki, Fransa, ABŞ kimi ölkələri Ermənistan haqda düşünməyə vadar edən o ölkələrdəki erməni əsilli seçicilərdir, ümumiyyətlə ermənilərdir. Adam qocaldıqca ağlını itirir. Ermənini məğlub etmək üçün ABŞ-dan vurub, Fransadan çıxır, İrandan vurub mən nə bilim hardan çıxır. Bu qocaya demək lazımdır ki, sənə ev verən prezidentin "Azərbaycanın güclü ordusu var" sözünü unutmusanmı? Niyə Azərbaycan xalqını, hakimiyyəti, gündə yaltaqlandığın İlham Əliyevi Qarabağı almağa çağırmırsan? Yoxsa İlham Əliyevə ümidin yoxdur? (Burnundan gələr o ev sənin, bilmirsən?) Bu ağıl sahibi İrandakı 30 milyon soydaşımıza bel bağlayır. Niyə Azərbaycandakı 9 milyona bel bağlamır. Əgər bu azdırsa, niyə Türkiyədəki 80 milyon türkə bel bağlamır.
Yaxşı, bəs İrandakı 30 milyon məgər ağlını itirib? Bir yandan bu 30 milyondan kömək umasan, digər yandan onların dövləti, rəhbəri, prezidenti haqqında Arifoğlunun qəzetində səviyyəsiz böhtanlar dərc edəsən, bu hansı ədalətə sığır?
Bir dəfə əlinə zənbil götürüb İrana getməyən Hüseynbala elə bilir ki, İran türkləri Azərbaycanın ağılsız, bisavad, səviyyəsiz, qarın otaran qoca-kaftar məmurlarından ötrü əldən-ayaqdan gedir. Daha fikirləşmir ki, oradakı soydaşlarımız Qarabağın alınmasından daha çox Azərbaycan hökümətinin İsrail nökəri olduğundan qəzəblidir.
Sən özün yerli hökümətdən qorxub hansısa səbəbdən (ya ev alıb ağzını yummusan, ya da qorxursan) şəxsən İlham Əliyevə təzyiq etmirsən, rahatca prezident verən evində manitor arxasında oturub İran əleyhinə yazıb qonarar alırsan, 30 milyon soydaş sənin əvəzinə gedib Qarabağda vuruşmalıdır?
Budur "Yeni Müsavat" qəzetinin səviyyəsizliyi. Gah Arifoğlunun qardaşı Rasim Balayevi qınayanları qızışdırmaqla məşğuldur, gah Hüseynbala kimilər İrandakı 30 milyonu dövlət əleyhinə "qaldırmağa" can atır. Bu qəzet yaltaqlıqdan, əxlaqsızlıqdan əlavə, araqızışdırmaq və separatçılıq etməklə də pul qazanmağı qarşısına məqsəd qoyub. Allah bu xalqı sizin şəriniz qorusun.


243 بازدید
در حال ارسال اطلاعات...