Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Dekabr 2017

Dəlidən doğru xəbər, o da naqis

Qulaqlarıma inanmadım. Deyir AZTV-ni təklif edirəm ki, bağlayaq
Dəli dəli olsa da yalançı olmadığına görə düz danışa bilər. Amma o ağıl nemətini itirdiyinə görə (bu itginin hikməti nədirsə bir Allah bilir) dedikləri qəbul olunmur. Amma bu o demək deyildir ki, hər qəbul edilməyən fikir yalandır. Həmçinin bu, o demək deyildir ki, hər qəbul edilməyən fikir barədə düşünməməliyik. Bir az Orxan Fikrətoğlu sayağı oldu.
Ağıl dedim yadıma düşdü, elə bu yaxınlarda bir kişi prezident İlham Əliyevin hüzurunda deyir ki, Allah insanın ağlını alanda o nə etdiyini bilmir. Özünü elə günə qoyur ki, Allah da onu həll edə bilmir. Elə bu küfrü söyləyər söyləməz anladım ki, adam ağıl nemətindən əziyyət çəkir. Dərinə getsək bəlkə o kişi İlham Əliyevi Allahdan da üstün bilir. Necə? Belə ki, əgər İlham Əliyev orada könlünə o kişiylə məzələnmək düşsəydi, qayıdıb o kişidən soruşsaydı ki, bəs yaxşı mən bu işə həll yolu tapa bilərəmmi? O kişi şübhəsiz müsbət cavab verəcəkdi. Əks halda həftələrlə güzgünün önündə dayanıb məşq etmələri puça çıxacaqdı. (Yeri gəlmişkən kişinin gic-gic danışmasına arxada alqışlayanlar da ağıl nemətindən bir başqa cür əziyyət çəkirlər)
Allah ağıl versin deyib keçirik mətləbə. Qüdrət Həsənquliyevi tanıyırsız da, özünüifşanın ən bariz simvollarından biri. Prezident seçkisi kompaniyalarına da müxalifətçiləri tənqid etmək üçün çıxır. Adam Milli Məclisdə çıxış edərkən ağıllı söz deyib. Qulaqlarıma inanmadım. Deyir AZTV-ni təklif edirəm ki, bağlayaq. Səbəb budur ki, bu kanala 32 milyon ayrılsa da bu kanal dövlətin bu inayətini haqq eləmir. Çünki onun göstərdiyi İlham Əliyevi onsuz da bütün kanallar sevə-sevə göstərir. Elə buradan bilinir ki, ayının min bir oyunu bir armudun üstündədir. İşi keçsin deyə ayıya dayı deməyi yaxşı bacaran bu insan sən demə sözü gətirib İlham Əliyevin sevilməsinin üzərinə çıxartmaq istəyirmiş. AZTV sadəcə bəhanədir.
Özü hər nə olur olsun, insafən yaxşı təklif verib. Amma o bu təklifiylə xalqın ürəyini partlada bilər. Gərək Oqtay Əsədov hərdən bir bu adama da Zahid Oruc kimi qulaqburması versin. AZTV-nin bağlanması bilirsiz nə deməkdir? Faciə! Düzdür Qüdrət Həsənquliyev zatialiləri yaltaqlıq etdiyi üçün parlamentdə yer alandan pula pul demir. Bununla da onun kasıb xalqın vəziyyətindən xəbəri yoxdur. Parlamentdə oturub qatıq satmağa nə vare... Çıx camaatın içinə gör camaat necə dolanır. Məsələ bundan ibarətdir ki, kasıb xalq xirtləyədək borcun, kreditin və bunlardan doğan stresin, depresyonun içindədir. Onlardan biri də mən. Hər gecə bu steresli, depresyonlu, cadu-pitili, başı daşlı biz xalqın bircə dənə gülüş yeri var, o da AZTV. Rəngbərəng yalanlar, utanmazcasına saxtakarlıqlar, həddi-hüdudu olmayan yaltaqlıqlar və s. Hər gün ürəyim darıxanda, yuxum gəlməyəndə, fikrə düşəndə bu qəmimi nə siqaret, nə də başqa şey dağıda bilmir, Ancaq AZTV. Heç olmasa cəhənnəm xalq AZTV-yə baxaraq bir az da olsa steresini atır, depresyondan çıxıb borca girir. İndi gəl Qüdrət Həsənquliyev zatialiləri dəlisinin sözünə uyub AZTV-ni bağla.
Amma Qüdrət Həsənquliyevi mən anlayıram. Necə olursa olsun Qarabağın azadlığı uğrunda bir çarə tapmaq lazımdır. O da çarə tapmaq istəyib. Çünki fkrini belə əsaslandırır ki, AZTV-ə pul vermək bu pulu küçəyə atmaqdır. Ondansa bu kanalı ləğv edək və yerinə ingilis-dilində kanallar açaq. Burda isə o səhvə yol verib. Yəqin bir anlıq özünü 16-cı əsrdə hesab edib. Anlamır ki, Qarabağ həqiqətləri dünyanın bütün beynəlxalq dillərində işıqlandırılıb. Təəssüf ki, həqiqətlər ortaya qoyulmayıb, ortaya qoyulanlara "həqiqət" adı verilib. Amma Qarabağ həqiqətləri qədər Azərbaycan həqiqətləri də kifayət qədər işıqlandırılsaydı indiyədək Qarabağı, yoxe İrəvanı da almışdıq. Amma o zaman da Qüdrət Həsənquliyev Parlamentdə oturmuş olmayacaqdı. Qoca kaftar məmurların da əsil ermənisifət olduğu məlum olacaqdı. Özü də bundan ötrü ingilis dilli kanallara ehtiyac yoxdur. Elə Azərbaycanca və məhz AZTV-də bu həqiqətlər göstərilməlidir. Çünki bütün dünyanın Azərbaycandan xəbəri var, bircə Azərbaycandan savayı.
Sonda bir vətəndaş kimi başda Oqtay Əsədov olmaqla Parlament üzvlərindən xahişim, ricam, təmənnam, təvəqqem, tərəccim, təvəccem budur ki, nəyə əl deyirlər deysinlər – qanun, konstitusiya, məmur, qudurğan məmur balası və s. - yetər ki, AZTV-yə əl dəyməsinlər.
Allah Baba Pünhana rəhmət eləsin, vaxtında sözüylə yaxşı xaraba qoyub AZTV "uzundıraz beynamaz, heç bir işə yaramaz" qülləsini;

Bu riya dünyasına ən yaxşı meydan AZTV
Tor qurub antennasında sanki şeytan AZTV


100 بازدید
در حال ارسال اطلاعات...