Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Noyabr 2017

General Qasim Süleymaninin İnqilabın Böyük Rəhbərinə məktubu

Bu qara fitnədə minlərlə məscid və müsəlmanların müqəddəs mərkəzləri dağıdıldı, bəzən məscidlər imam camaat və onun namazqılanları ilə birlikdə partladıldı.
İŞİD “xəbis şəcərəsi”nin süqutunu elan edirəm və bu böyük qələbə münasibətilə Zat Alilərini və İslam aləmini təbrik edirəm.

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds Qüvvələri komandanı general-mayor Qasim Süleymani “Şəcəreyi-xəbisə” adlandırdığı İŞİD-in süqutu münasibətilə İslam İnqilabının Böyük Rəhbərini təbrik edib, onun müdrik rəhbərliyini, İraq və Suriya xalqının, ordusunun, könüllü qüvvələrinin, digər İslam ölkələrin mücahidlərinin və hərəm müdafiəsi şəhidlərinin müqavimətini bu qələbənin əsas amili adlandırıb.

Təbrik məktubunda deyilir:

Bismillahir-Rəhmanir-Rəhim
“İnna fətəhna ləkə fəthən mubina”
“Həqiqətən, Biz sənə açıq-aşkar bir zəfər bəxş etdik!”


İslam İnqilabının əziz və şücaətli rəhbəri həzrət Ayətullah əl-üzma İmam Xameneinin (Allah kölgəsini davamlı etsin) mübarək hüzuruna!
Salam ələykum
Altı il öncə Əmirəlmöminin Əlinin (ə) zamanındakı müsəlmanları həqiqi Məhəmməd İslamının dərki şirinliyindən məhrum edən fitnələrə bənzər təhlükəli bir fitnə bu dəfə sionizm və imperializm zəhərinə bulaşmış şəkildə dağıdıcı tufan kimi İslam aləmini silkələdi.
Bu təhlükəli və zəhərli fitnə düşmənlər tərəfinfən İslam aləmində böyük alov şölələndirmək, müsəlmanları bir-birinə qarşı qoymaq üçün yaradılmışdı. “İraq və Şam İslam Dövləti” adı altında ortaya çıxan bu xəbis hərəkat ilk aylarda İraq və Suriyada on minlərlə müsəlman gənci aldadaraq İslam dünyasında çox əhəmiyyətli iki müsəlman ölkəsi olan İraq və Suriyada təhlükəli böhran yarada, yüz minlərlə kvadrat kilometr ərazini, o cümlədən minlərlə mühüm qəsəbəni, şəhəri, vilayət mərkəzlərini işğal edə bildi, bu ölkələrin minlərlə zavod və fabrikini, yol, körpü, mədən, neft quyusu, neft-qaz xətti, elektrik stansiyası və s. kimi infrastrukturlarını dağıtdı, mühüm şəhərləri onların tarixi dəyərli əsərləri və milli mədəniyyəti ilə birlikdə bomba qoyaraq partlatdı və yaxud yandırdı.
Vurulan ziyan sayagəlməz olsa da, ilkin hesablamalar onun beş yüz milyard dollardan çox olmasını göstərir.
Bu hadisədə nümayiş etdirilməsi mümkün olmayan olduqca acılı cinayətlər baş verdi. O cümlədən; uşaqların başlarının kəsilməsi, kişilərin öz ailələrinin gözü qarşısında diri-diri dərisinin soyulması, günahsız qız və qadınların əsir alınması, onlara təcavüz edilməsi, insanların diri-diri yandırılması, yüzlərlə gəncin kollektiv şəkildə başlarının kəsilməsi.
İraq və Suriya ölkələrində bu zəhərli tufandan heyrətə düşmüş müsəlman əhalinin bir hissəsi təkfirçi cinayətkarların iti xəncərlərinin qurbanı oldu, milyonlarla insan isə öz yurd-yuvalarını tərk edərək, digər şəhərlərə və ölkələrə səpələndi.
Bu qara fitnədə minlərlə məscid və müsəlmanların müqəddəs mərkəzləri dağıdıldı, bəzən məscidlər imam camaat və onun namazqılanları ilə birlikdə partladıldı.
Altı mindən çox aldanmış gənc İslamı müdafiə etmək adı ilə partlayıcı maddələr doldurulmuş avtomobillər vasitəsilə meydanlarda, məscidlərdə, məktəblərdə, hətta xəstəxanalarda və müsəlmanların ümumi mərkəzlərində intihar hücumları həyata keçirdilər və nəticədə on minlərlə günahsız kişi, qadın və uşaq şəhid oldu.
Bütün bu cinayətlər hazırda da Amerikaya rəhbərlik edən ən yüksək məqamlı Amerika rəsmisinin etirafına əsasən, bu ölkənin rəhbərləri və təşkilatları tərəfindən planlaşdırılıb və icra olunub. Belə görünür ki, bu proses hələ də Amerikanın rəhbərləri tərəfindən davam etdirilir.
Subhan Allahın lütfü, İslamın böyük Peyğəmbərinin (s) və onun Əhli-beytinin (ə) xas inayətindən sonra bu qara və təhlükəli fitnəkarlığın məğlub olmasına səbəb Siz fəzilət sahibinin və böyük təqlid mərcəsi həzrət Ayətullah əl-üzma Sistaninin müdrik göstərişləri oldu.
Şübhəsiz ki, İraq və Suriya dövlətlərinin müqaviməti, bu iki ölkənin ordusunun və cavanlarının, xüsusilə də müqəddəs Həşd əl-Şəbinin möhkəm iradə və dəstəyi, digər ölkələrdən gəlmiş müsəlman gənclərin iqtidarlı iştirakı, Seyid Həsən Nəsrullahın rəhbərliyi ilə Hizbullah mehvəri bu təhlükəli hadisəni məğlub etməkdə təyinedici rol oynamışdır.
Sözsüz ki, İran İslam Respublikası xalqı və xidmət göstərən dövlətinin, xüsusilə də hörmətli prezidentin, Məclisin, Müdafiə Nazirliyinin, hərbi, polis və təhlükəsizlik təşkilatlarının yuxarıda qeyd olunan dövlət və xalqları dəstəkləməkdə dəyərli rolları təqdirəlayiqdir.
Mən Zat Aliləri tərəfinizdən əmr almış bir əsgər kimi bu meydanda İŞİD-in son qalası Əbu-Kamalın azad edilməsi əməliyyatının başa çatması ilə bu amerika-sionistçi qrupun bayrağının endirildiyini, lənətlənmiş şəcəreyi-xəbisin işğalına son qoyulduğunu elan edirəm. Bu meydanın bütün komandanları və adsız mücahidləri, müsəlmanların həyatı, namusu, müqəddəs məkanların müdafiəsi uğrunda canını fəda etmiş iranlı, iraqlı, suriyalı, livanlı, əfqanıstanlı, pakistanlı minlərlə şəhid, müharibə əlili olan hərəm müdafiəçiləri tərəfindən bir nümyəndə kimi bu böyük və təyinedici qələbə münasibətilə Zat Alilərini, İran İslam Respublikasının böyük xalqını, İraq və Suriya məzlum xalqlarını, dünyanın digər müsəlman xalqlarını təbrik edir, bu əzəmətli qələbə münasibəti ilə şükür etmək üçün Qadir Mütəal Allah qarşısında səcdə edirəm!

Və mən-nəsru illa min indillahil-əzizil-həkim
Kömək ancaq yenilməz qüdrət, hikmət sahibi olan Allahdandır!


Övladınız və əsgəriniz
Qasim Süleymani


750 بازدید
در حال ارسال اطلاعات...