Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Noyabr 2017

İKİ DÜNYA ARASINDAKI ƏLAQƏ

Zahid məni aldatma Cəhənnəmdə od olmaz Onlar ki, yanarlar, odu burdan apararlar.
Keçən söhbətimizdən bu dünya ilə axirət dünyasının quruluşu arasındakı fərqlər aydınlaşdı. İndi isə bu iki dünya arasındakı əlaqənin nədən ibarət olmasına baxaq.
Dünya ilə axirət arasında əlaqə bərqərar olmasında heç bir şəkk-şübhə yoxdur. Onların arasında çox möhkəm bağlılıq və əlaqə vardır. Dünya ilə axirət arasındakı əlaqə bir ömürün iki hissəsi və ilin iki fəsli kimidir. Bir fəsildə əkmək, digər fəsildə isə biçmək lazımdır. Ümumiyyətlə, onlardan biri əkin, digəri isə biçin, biri toxum, digəri isə meyvədir. Axirətdəki cənnət və cəhənnəm burada yaranır. «Təfsirul-mizan» kitabının 13-cü cildinin 23-cü səhifəsində nəql edilmiş bir hədisdə belə deyilir:
«Cənnət hal-hazırda heç bir əkini olmayan boş bir səhradır. Burada deyilən «Subhənallahi vəlhəmdu-lillahi və la ilahə illəllahu vəllahu əkbər və la hovlə və la quvvətə illa billahil əliyyil əzim» zikrləri orada əkilən ağaclardır».
«Vəsailuş-şiə» kitabının 2-ci cildinin 1208-ci səhifəsində əziz İslam Peyğəmbərindən (s) nəql edilmiş digər bir hədisdə belə deyilir:
«Merac gecəsi cənnətə daxil oldum və gördüm ki, mələklər qızıl və gümüş palçıqla bənnalıq edir, bəzən isə işdən əl çəkirlər. Onlara dedim ki, nə üçün gah işləyir, gah da dayanırsınız? Dedilər ki, tikinti mallarının gəlməsini gözləyirik. Soruşdum ki, tikinti malları nədir? Onlar dedilər ki, tikinti malları möminin dünyada dediyi «Sübhənallahi vəlhəmdu lillahi və la ilahə illəllahu vəllahu əkbər» zikrləridir. Möminlər həmin zikrləri deyəndə biz tikir, dayananda isə əl saxlayırıq.»
Həmin kitabın 1206-cı səhifəsində, Peyğəmbərin (s) belə buyurduğu nəql edilib:
«Allah-taala cənnətdə (möminlərin bu dünyada dedikləri) «Sübhanəllah», «Əlhəmdu-lillah», «La ilahə illəllah» zikrlərinin hər biri üçün bir ağac əkər.
Qureyş qəbiləsindən olan bir kişi dedi: Onda bizim cənnətdə çoxlu ağaclarımız var.
O həzrət buyurdu: Bəli, amma diqqətli olun ki, od göndərərək onları yandırmayasınız. Bunun dəlili Allah-taalanın bu ayəsidir ki, buyurur: «Ey iman gətirənlər! Allaha itaət edin, Peyğəmbərə itaət edin və (şəkk-şübhə, riya, küfr və nifaq kimi şeylərlə) əməllərinizi puça çıxartmayın!» (Məhəmməd-33.)
Yəni bu dünyadakı yaxşı işlərinizlə cənnət ağacları yaratdığınız kimi, pis işlərinizlə cəhənnəm odu yaradırsınız və həmin od öz yaxşılıqlarınızla yaratdıqlarınızı məhv edə bilər.
Digər bir hədisdə isə belə buyurub: «Od ağacı yandıraraq külə döndərdiyi kimi, həsəd də insanın imanını yandırıb məhv edər.»
Bütün bunlardan məlum olur ki, cəhənnəm də, cənnət kimi boş səhradır. Orada olan od və əzablar, insanın öz əli ilə yandıraraq göndərdiyi günahların cilvəsidir.

Zahid məni aldatma Cəhənnəmdə od olmaz
Onlar ki, yanarlar, odu burdan apararlar.


Təqva və yaxşı işlərdən cənnətin huri, qəsr və əbədi nemətləri yarandığı kimi, çirkinlik və murdarlıqlardan da cəhənnəmin ilan, kərtənkələ, qaynar su və zəqqum yeməkləri yaranır. Allah-taala cəhənnəm əhli barəsində belə buyurur: «Bizi aciz buraxacaqlarını (əzabımızdan qaçıb canlarını qurtara biləcəklərini) zənn edərək ayələrimizi (batil etməyə) cəhd göstərənlər isə şiddətli bir əzaba düçar olacaqlar». (Səba-5.)


183 بازدید