Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Noyabr 2017

“İHDİNƏS-SİRATƏL-MUSTƏQİM”

İfrat və təfrit cəhalətdən qaynaqlanır.
Həmd-səna oxuyub, bəndəliyimizi göstərdikdən və kömək dilədikdən sonra Allahdan ilk istəyimiz doğru yola hidayətdir. Həyatın əməli və fikri məsələlərində əqidə, rəftar və doğru yolu tanımaq çox mühüm, eyni zamanda çətindir. Buna görə Allahdan istəyirik ki, bizi doğru yola hidayət etsin.

Doğru yol
Doğru yoldan danışarkən azğın yollar da açıqlanır. Əgər azğın yolları tanısaq, doğru yolu daha yaxşı tanıyacağıq.

Azğın yollar:
1. Qəzəb və şəhvət zamanı həvəs yolu;
2. Başqa həvəs yolu;
3. İfrat, təfrit və birtərəfli baxış yolu;
4. Şeytani vəsvəsə yolu;
5. İnsanları hədələyib və ya şirnikdirib özünə çəkən zalım hökumətlər yolu;
6. İnsanı var-dövlət və məqam xatirinə özgələrin razılığını əldə etmək fikrinə salan dünyapərəstlik yolu;
7. Məntiqsiz və dəlilsiz yollar;
8. İnsanın fikirləşmədən, məşvərət etmədən və təcrübəsiz seçdiyi yol;
9. Uçuruma aparan yol (azmışların yolu);
10. Yersiz adətlər, şəxsi səliqələr yolu.

Doğru yol hansıdır?
Allah yolu: (“Hud” surəsi, ayə 56.) “Həqiqətən, Rəbbim düz yoldadır.”
Peyğəmbərlər yolu: “Həqiqətən, sən düz yoldasan!” (“Zuxruf” surəsi, ayə 43.)
Bəndəlik və pərəstiş yolu: “...Mənə ibadət edin, bu doğru yoldur.” (“Yasin” surəsi, ayə 61.)
Məsum rəhbərlərin yolu: İmam Sadiq (ə) buyurur: “And olsun Allaha, biz düzgün yoldayıq.” (“Nurus-səqələyn”, 1-ci cild, səh.17.)
Allaha və Onun qanunlarına bağlanmaq yolu: “...Allaha sığınan şəxs, şübhəsiz ki, doğru yola yönəldilmişdir.” (“Ali İmran” surəsi, ayə 101.)

Rəvayətlərdə doğru yol
İmam Əsgəri (ə) namazın bu cümləsi haqqında buyurur: “Namaz qılan bu sözlə keçmişdəki kimi gələcək üçün də bəndəlik tövfiqi istəyir. Doğru yol dar baxışlardan uca, ifrat pərvazlardan aşağı olan bir yoldur.” (“Bihar”, 24-ci cild, səh.9.)
İmam Sadiq (ə) buyurur: “Doğru yol odur ki, insanı ilahi eşqə və dinə sövq etsin, dində şəxsi səliqələrdən və həvəslərdən uzaqlaşdırsın.” (“Bihar”, 24-ci cild, səh.9.)
“Biharul-ənvar” kitabında 56 hədisdə bildirilir ki, pak imamlar, məsum ilahi övliyalar və onların həqiqi ardıcılları doğru yolun canlı nümunələridir. Çünki, onların qəzəbi, məhəbbəti, döyüşü, sülhü, ibadəti, düşüncəsi və əməlləri Allahın göstərişlərinə uyğun və düzgün yoldadır. Bu dünyada onlara beyət etmək çətin və məsuliyyətli işdir. Cəhənnəm üzərində olan tükdən nazik, qılıncdan da iti axirət yolu kimi! (“Bihar”, 8-ci cild, səh.65.) Axirət yolu da dünya yolunun bir təcəssümüdür. Bu dünyada doğru yolda olanlar axirət yolundan asanlıqla və tez keçəcəklər. İfratçı və təfritçi insanlar axirətdə çətinlik çəkəcəklər.
Həzrət Əli (ə) doğru yoldan azıb ifrat və təfritə qapılmış şəxsləri belə təsvir edir:
“Arzuların arxasınca tamahkar kimi gedir, tamahına görə həris görünür, məyus olduqda təəssüfdən ölür, narahat olduqda qəzəbi tufan qoparır, şadlıqda məst olur, çoxlu pul onu qəddarlaşdırır, çətinlik onu nankorluğa vadar edir, çatışmazlıq onun üçün ziyandır, rifah ona çətinlik yaradır. (“Nəhcül-bəlağə”, 108-ci hikmət.)
İfrat və təfrit cəhalətdən qaynaqlanır. Əlbəttə, ifrat və təfriti müəyyənləşdirmək çətindir. Hamı özünü orta həddə və ağıllı hesab edib, özgələri ittiham edir. Həmin ittiham zamanı da ifrat və ya təfritə varılır. Lakin ilahi övliyalar və peyğəmbərlər məktəbində tərbiyə alanlar bütün mühakimələrdə haqq meyarı əsasında əməl edirlər.

İfrat və təfrit nümunələri
Düzgün yoldan büdrəmə haqqında bir çox hədislər nəql olunmuşdur. Burada ifrat və təfritlə bağlı olan bir neçə nümunəyə işarə edirik:
1. Həzrət Əli (ə) insanların tərif edilməsi barəsində buyurur: “Layiq olduğundan çox tərifləmək yaltaqlıq, az tərifləmək isə paxıllıqdır!” (“Nəhcül-bəlağə”, Sübhi Saleh, 347-ci hikmət.)
2. İfrat danlamaq barəsində buyurur: “İfrat danlaq inadkarlıq odunu alovlandırır.” (“Mizanul-hikmət”, 8-ci cild, səh.546.)
3. Quran infaq ölçüsü ilə bağlı buyurur: “Onlar infaq edərkən nə israfçılıq, nə də xəsislik edər, orta bir yol tutarlar.” (“Furqan” surəsi, ayə 67.)


108 بازدید
در حال ارسال اطلاعات...