Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Noyabr 2017

“ƏLHƏMDU LİLLAHİ RƏBBİL-ALƏMİN”

Dəqiq nizamla yaranmış bədən üzvlərimiz insanı heyrətə gətirir.
Həmd və sitayiş bütün aləmləri tərbiyə edən Allaha məxsusdur.

İnsanın təkamülü üçün yaranış nizamını, yerin hərəkətini, günəş, hava, bitkilər, çaylar və maddi nemətləri qərar verdi.
Ruhun təkamülü üçün səmavi kitablar, acı və şirin ibrətli hadisələr müəyyənləşdirdi. Bəşərin hidayəti üçün ağıl və fitrətə əsaslanan möhkəm qanunlar və din göndərdi. Yeri dəlilsiz qoymadı; saysız aşkar və gizli nemətləri minnətsiz olaraq insanların ixtiyarına verdi. Əgər varlıq aləmində zərrəcə nizamsızlıq yaransa hər şey məhv olar.
Dağların, bitkilərin, atomların, ulduzların, suyun, torpağın, fəsillərin, gecə-gündüzün, bədən üzvlərinin, müxtəlif meyllərin və müxtəlif hidayətlərin gözəl və möhkəm nizamı Onun aləmlərin Rəbbi olduğunu göstərir.
Dəqiq nizamla yaranmış bədən üzvlərimiz insanı heyrətə gətirir.
Qulağın, gözün, qəlbin, tənəffüs sisteminin, damarların, sinirlərin, beş duyğu üzvünün və sair orqanların cilası Allahın qeyri-adi tədbirini göstərir.
Təəssüf ki, insan şükür əvəzinə küfr edir. (“İsra” surəsi, ayə 67.) Allaha yaxınlaşmaq əvəzinə üz çevirir: “İnsana bir nemət verdiyimiz zaman üz çevirib uzaq gəzər.” (“İsra” surəsi, ayə 83.) İlahi eşq və Allaha sitayiş əvəzinə düşmənçilik edir; (“Yasin” surəsi, ayə 77.) təvazökarlıq əvəzinə təkəbbür göstərir: “Ey insan! Səni kərim olan Rəbbinə münasibətdə aldadan (və ya məğrur edən) nədir?” (“İnfitar” surəsi, ayə 6.)
İnsan ehtiyacı ödənən kimi, tüğyan edir: “Həqiqətən insan azğınlıq edər. Özünün dövlətli olduğunu (bir şeyə ehtiyaclı olmadığını) gördüyü üçün!” (“Ələq” surəsi, ayə 6-7.) Allahın nemətlərini öz əziyyətinin bəhrəsi hesab edir. (“Qəsəs” surəsi, ayə 78.) “Ayıq ol!” çağırışlarını qəlbən eşitmir. (“Saffat” surəsi, ayə 13.)
Bu naşükür insan azca yaxşılığa görə hamıya təşəkkür etdiyi halda əsil nemət sahibi olan Allahı unudur.
Təəssüf ki, insan haqq yolu azmış, düşüncə və fitrət işığını söndürmüş, gözünü və qəlbini bağlamışdır. O, qəlbini ona-buna bağlayır və Allaha yox, şeytani və insani qüvvələrə arxalanır.
“Əl-həmdu lillahi Rəbbil-aləmin” cümləsi insanı qəflətdən uzaqlaşdırır, nemətləri yada salır və bizə Allahın rəbliyini xatırladır.
Allah aləmlərin Rəbbidir. Bütün varlığın, bütün yaranmışların və hər bir şeyin Rəbbidir: “O hər şeyin Rəbbidir.” (“Ənam” surəsi, ayə 164.) Cahiliyyət dövründə hər bir şey üçün ayrıca rəbb olduğunu güman edirdilər. Allah bütün mövcudları, heyvanları və varlıqları idarə edir. Hər bir şeyin hakimi və idarə edəni Odur. Həm yaradır, həm idarə, həm də tərbiyə edir.


150 بازدید