Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Noyabr 2017

PİSLİYİ YAXŞILIĞA ÇEVİRƏN

İnsan tövbə etdiyi zaman, vaxtilə gördüyü pis işdən vücuduna düşmüş ləkə təmizlənəcəkdir
Mehriban Allahın sifətlərindən biri də budur ki, tövbə edən bəndənin günahını savaba çevirər. «Fürqan» surəsinin 70-ci ayəsində oxuyuruq: «Tövbə edib iman gətirən və yaxşı işlər görənlərin pis əməlləri yaxşı əməllərə çevrilər. Allah bağışlayan və rəhm edəndir». «Hud» surəsinin 114-cü ayəsində oxuyuruq: «Namazı gündüzün iki başında və gecənin bəzi saatlarında qıl. Həqiqətən, yaxşı əməllər pis işləri yuyub aparar».
Pis işin yaxşı işə çevrilməsi barədə elmi, fəlsəfi, ürfani söhbətlər çoxdur. «Təfsire-nümunə»də bu əvəzolmanın bir neçə təfsiri bəyan olunur:
1. İnsan tövbə edib Allaha iman gətirdikdən sonra onun bütün vücudunda böyük bir təlatüm yaranır. Bu insan əvvəllər qatil olubsa, indi məzlumları müdafiə edir, əvvəllər zina edibsə indi iffətini qoruyur. Bu daxili inqilab nəticəsində günahlar savaba çevrilir.
2. Əbuzər nəql edir ki, Həzrət Peyğəmbər (s) belə buyurdu: «Qiyamət günü Allah-Taala bəzi insanlar haqqında əmr edər ki, bu bəndənin kiçik günahlarını çıxarın, böyük günahlarını isə örtün. Kiçik günahlarına etiraf edən bəndə böyük günahlarının qorxusundan qəlbi titrəyər. Bu an Allah istəsə lütf edib göstəriş verər ki, hər günahın yerinə bir savab verilsin. Bəndə ərz edər ki Pərvərdigara, mən mühüm günahlarımı görmürəm». Əbuzər nəql edir ki, Peyğəmbər (s) söhbətinin bu yerində gülümsündü və bu ayəni oxudu: «Allah onların pis əməllərini (günahlarını) yaxşı əməllərlə əvəz edər.» («Нурус-сәгәлејн» 4-ҹү ҹилд, сәһ-33.)
3. Savaba çevriləcək pis işlər dedikdə bu pis işlərin özü yox, onların insanda qalmış təsirləri nəzərdə tutulur. Yəni insan tövbə etdiyi zaman, vaxtilə gördüyü pis işdən vücuduna düşmüş ləkə təmizlənəcəkdir.

Aşiqdə əğyara zərrə maraq yox,
Dərgahından özgə yerdə pənah yox.
Aşiqik, söyləmiş sevgi sultanı
Məşuqla görüşdür hicran dərmanı
Bilə-bilə Sən tək pənahımız var
Xəcilik qarşında, günahımız var.
Hər nə yazılmışsa kəlməsi doğru,
Bu yolda büdrəyən çəkəsi ağrı.

«La ilahə illa əntə subhanəkə və bihəmdikə»
(«Səndən başqa bir məbud yoxdur, Sən paksan və mən Sənə həmd və səna edirəm.»)

«La ilahə illa əntə» təhlil, «subhanəkə» təsbih, «bihəmdikə» təhmid kimi təbir olunur. Hər kəs dildə təhlil, yəni Allahın birliyinin iqrarını desə eləcə də dediklərinə sadiq olsa, həqiqətən müvəhhid, yəni tək Allaha imanlıdır. Belə insan Allahın amanındadır, dünya və axirət əzabı ona haramdır. Bu şəxs behiştdə peyğəmbərlər və digər ləyaqətə çatanlarla yoldaş olasıdır.
Həqiqi təhlil insan qəlbində o zaman təcəlla edir ki, insan Quran və Əhli-beyt (ə) vasitəsi ilə öz Allahını tanısın və Ona itaət etsin. Bu yolu gedən insanın bütün vücudu «Allahdan başqa hər şey batildir» deyə fəryad qoparır.

Kimsədə eşqinə varmağa güc yox,
O eşqə varanda durmağa güc yox.
Hansı könül quşu düşsə qəfəsə
Qəmli nəğmə üçün gələr həvəsə.
Dirilməz ölü qəlb min bir acıdan,
Yalnız eşq qəmindən ucalır insan.
Sevgidir gecəyə layla çalan da,
Bal kimi yuxunu gözdən alan da.
Əfsus ki, bayquş tək görmədik nuru.
Gizli xəzinələr olmasa aşkar,
Üstündə fəqirik, gözlərimiz dar.
Olsa da zərrələr haqqa harayda
Bu kar qulaqlara çətin ki, çata.

Doğrudan da varlıq aləmində insanı nemətlərə qərq edəcək, Onu çətinliklərdən qurtaracaq və nəhayət, xoşbəxtliklərə qovuşduracaq ikinci bir kəs yoxdur. Dua edən şəxs öz acizliyinə və günahlarına etiraf etdikdən sonra təbii olaraq öz çətinliklərini həll etmək üçün bunları həll etmək iqtidarında olan varlığa üz tutaraq deməlidir: «la ilahə illa əntə subhanəkə və bihəmdikə».


140 بازدید
در حال ارسال اطلاعات...