Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Noyabr 2017

Şah arada-bərədə güzgüyə baxmasa...

Axı siz artıq cavan oğlan deyilsiniz ki, cavanlığınızda olduğunuz kimi atanızın hesabına gününüzü qumarxanada, restoranda, araq içməklə, oynamaqla, eyş – işrətlə keçirəsiniz
Uşaqlıqda nağıl oxuyanda görərdik ki, nağılda yazılıb ki, şahlar qədimdə yanında hikmət sahibi olan insanlar gəzdirərdi. Bu hikmət sahibi onlara bəzi məsləhətlər verərdi. İndi deyilə bilər ki, heç hikmətdəndir ki, hikmət sahibi şahın yanında qərar tutsun. Əlbəttə, şah deyən kimi ağıla ilk öncə zalım, qəddar, baş kəsən, göz çıxardan adam gəlir. Doğrudur, çünki şah belə olmasaydı onun yanında hikmət sahibinə nə ehtiyac var idi.
Amma bəzi şahlar Allah tərəfi ağıllı olublar. Onlar ağıl nemətindən istifadə bu qənaətə gəliblər ki, yanlarında mütləq bir nəfər hikmət əhlindən gəzməlidir ki, ayağı büdrəyəndə ona doğru yolu göstərsin. Şah var şairdən, şah var çobandan, şah var kəndlidən ibrət alır. İbrət almaq gec deyil, kaş ki, bunu bilsəydilər.
Deyirlər bir gün şahlardan biri öz atlı dəstəsiylə çayın kənarından keçəndə görür ki, bir uşaq çayda ilişib qalmış eşşəyini əzizləyib ona xoş sözlər deyir. Şah təəccüblə uşaqdan bunun səbəbini soruşur. Uşaq deyir şah sağ olsun, doğrudur ki, bu eşşəkdir və dil anlamır, amma mən indidən öz dilimi şirin danışmağa öyrətməyə çalışıram. Şahın bu sözdən xoşu gəlir və uşağa bir dənə qızıl pul verir. Uşaq qəbul etmir. Şah təəccüblə bunun səbəbini soruşanda uşaq deyir ki, mən evdə atama sübut edə bilməyəcəyəm ki, bunu şahdan almışam. Elə biləcək oğurlamışam. Çünki şahlar pul verəndə səxavət göstərib çoxlu pul verirlər. Şahın bu uşaqdan daha çox xoşu gəlir və ona bir kisə qızıl pul verir.
Uşaq evdə qəziyyəni atasına nəql edəndə atası deyir yaxşı olub. Sabahı gün ata da eşşəyi götürüb çaya gedir. Sonra eşşək çaydan keçmək istəməyəndə ata başlayır eşşəyi xoş sözlərlə nəvaziş etməyə. Bu dəm də şah yenə oradan keçirmiş. Qoca kişinin eşşəklə şirin dillə danışdığını görüb təəccüblənir və bunun səbəbini ondan soruşur. Qoca kişi də uşaq kimi "dilimi şirin danışmağa öyrədirəm" deyir. Şah kişiyə deyir ki, sən bu vaxtacan dilini şirin danışmağa öyrədə bilməmisən, bundna sonra faydası yoxdur. Daha sonra şah əmr edir kişiyə yüz çubuq vururlar.
Əlbəttə, şahın yol verdiyi səhv bundan ibarətdir ki, o, bir qocanın bundan belə düzələ bilməyəcəyini düşünürdü. Amma insanların hər vaxt düzəlməsi mümkündür. Yetər ki, can üstündə olmasın.
Şahların özlərinin düzəlməsi üçün mütləq bir nəfərə ehtiyacı var. İstər bu bir nəfər uşaq olsun, istər çoban, istər şair, istər jurnalist, istər müxalifətçi, istər gənc bloqqer. Fərq etmir, əsas odur ki, bir nəfər sağlam insan tapılıb şahı doğru yola dəvət etsin.
Zaman ötür, biz qocalırıq. Dünən uşaq idik, indi qoca kişiyə dönürük. Şahların bir çoxu isə öz taxt-taclarında qocalırlar. Hətta ta ölməsələr şahlıqdan əl çəkmirlər. Öldükdən sonra da taxt-tacları balalarının əlinə keçir. Təəccüblüdür ki, balalar da öz atalarının aqibətindən dərs almırlar.
Şahlara müasir zamanda ən yaxşı nəsihətlərdən biri ola bilər ki, gərək onlar daim yanlarında güzgü daşıyan bir nəfər gəzdirsinlər. Onsuz da şahların dövrəsində quyruq bulayanların bir çoxu heç bir işə yaramır, bu da azmış kimi dövlətdən həmin insan üçün maaş ayırırlar. Məsələn, insafən, şahın ətrafında olan mühafizə xidmətinin rəhbəri kimi qarnını qabağa verib gəzən tip nə işə yarayır ki? Lap deyək ki, mühafizə xidmətinin qoçuları cavan, sağlam insanlardır. Onlar bədəbəddə şaha tərəf atılan oxa öz sinələrini sipər edib yeddi arxa dönənlərini ömür boyu şad-xürrəm yaşada bilərlər. Bəs mühafizə xidmətinin rəhbəri olan ağbaş qoca nə işə yarayır. Onun vəzifəsini ləğv edib əvəzində əlində güzgü tutan bir nəfər təyin etmək lazımdır. Əlbəttə güzgü tutmaq toylarda bəylər üçün olur. Amandır, biz bu cür güzgü tutanlardan danışmırıq. Çünki bu cür güzgü tutanları olan şahlar özlərini bəy kimi hiss edəcəklər. Yenə başlayacaqlar qırx gün qırx gecə, qırx il bəylik, ağalıq, şahlıq etməyə.Olan yazıq xalqa olacaq.
Güzgü tutmaqdan məqsədimiz "güzgü-meymun" məsəli də deyil. Yoxsa belə olan halda şah hər dəfə güzgüyə baxıb adını özgəyə qoyacaq. İndi təsəvvür edin nə həngamə olacaq. Fərz edin ki, şah zalım olduğu halda xalqa zülümkar deyir. Özü büdcədən milyonlarla pul oğurlayıb xaricdəki bank hesablarına yatırır, amma camaatı oğru olmaqda ittiham edir.
Bizim güzgüdən məqsədimiz ondan ibarətdir ki, şahlar gərək yanlarında onlar üçün güzgü tutan insanlar gəzdirsinlər. Gəzdirsinlər ki, bu insanlar tez-tez, xüsusən də şahlar azmaq təhlükəsiylə üzləşdikdə güzgünü onların gözünə soxub göstərsin. Desin şah sağ olsun, biz özünüzə güzgüdə baxın. Axı yaşınız əllini ötüb. Axı siz artıq cavan oğlan deyilsiniz ki, cavanlığınızda olduğunuz kimi atanızın hesabına gününüzü qumarxanada, restoranda, araq içməklə, oynamaqla, eyş – işrətlə keçirəsiniz. Siz artıq yekə kişisiniz. Özünüzdən sonra yerinizdə oturacaq oğlunuz da boyda sizi vurub keçib. Bir yaşınızdan-başınızdan, bığınızın ağlarından utanın. Bu qədər xalqa zülm etməyin. Siz bu qədər zülüm etmək əvəzinə bütün var-dövlətinizi dünyada əbədi qalmaqdan ötrü sərf edib əbədi qalmağı bacarsaydınız, indi oturduğunuz kürsüyə əbədi tamah salıb xalqı bu tamahda boğa bilərdiniz. Axı siz bunu bacarmırsınız. Axı siz də atanız kimi öləcək, torpaq olub gedəcəksiniz. Axı siz qocalırsız cənab şah.


269 بازدید
در حال ارسال اطلاعات...