Şrift ölçüsü:
A+
A
A-
Kr
31 Oktyabr 2017

Taleh Bağırzadənin mesajı var: “Birləşmək lazımdır…”

İlahiyyatçı Mövsüm Səmədov bütün mübarizə yoldaşlarına salamının çatdırılmasını istəyib
“Bu gün ölkənin düşdüyü vəziyyətdən xilasının bir yolu var – dini inancından, baxışlarından asılı olmayaraq, bütün müxalif insanlar birləşməlidir. Əks halda, ölkəmizi təhlükəli gələcək gözləyir”, – Müsəlman Birliyi Hərəkatının sədri, həbsdə olan ilahiyyatçı Taleh Bağırzadənin sözləridir. O, oktyabrın 30-da Qobustandakı qapalı həbsxanada vəkili Yalçın İmanovla görüşərkən bu mesajının cəmiyyətə çatdırılmasını istəyib.
Y.İmanov həbsxanada T.Bağırzadə ilə yanaşı, hüquqlarını müdafiə etdiyi şəxslərdən Nardaran məhbusu Abbas Hüseynov və Azərbaycan İslam Partiyasının lideri Mövsüm Səmədovla da görüşüb. Bu haqda danışan vəkil bildirib ki, Abbas Hüseynov və Mövsüm Səmədovun saxlandığı kameralar cüzi təmir olunub.
Qeyd edək ki, vəkil Cavad Cavadov oktyabrın 24-də Qobustan həbsxanasında hüquqlarını müdafiə etdiyi şəxslərlə görüşdən sonra orada məhkumların saxlandığı kameralardakı dözülməz vəziyyət haqda belə bir açıqlama vermişdi: “Kamerada kiçik hərəkət tavanın malasının tökülməsinə səbəb olur. Ayaq yolu kameranın içində açıq vəziyyətdə olduğundan və su sutkada fasilələrlə cəmi 2-3 saat verildiyindən daimi üfünət iyi olur. Ümumiyyətlə, kanalizasiya tez-tez tutulur. Döşəmədən böyük böcəklər çıxır, kamerada siçovullar var”.
Abbas Hüseynov vəkili Yalçın İmanova deyib ki, oktyabrın 27-də onu kamerada birlikdə qaldığı digər dustağı otaqdan çıxardaraq, başqa kameraya köçürəcəklərini deyiblər. Lakin 6 saatdan sonra bidiriblər ki, başqa kameraya köçürülməyəcək, əvəzində qaldıqları kamera təmir olunacaq. Onlar bir müddət başqa kamerada saxlanılıb. Həmin müddətdə onların kamerasındakı divarlar yarıya qədər rənglənib, kameranın tavanının uçmuş hissələri mala ilə doldurulub, kameradakı tualetin döşəməsinin hündürlüyü bir daş artırılıb.
Vəkilin sözlərinə görə, Abbas Hüseynov bu təmirin qaneedici olmadığını, həbsxana şəraitinin hələ də dözülməz olduğunu bildirib. Çünki içində yarımçıq divarla ayrılmış tualet olan kameraya su yenə də gündə iki saat verilir.
Bundan başqa, Abbas Hüseynovun Qobustan həbsxanasına köçürüləndən sonra bu ilin iyulunda orada dəhşətli işgəncələrə məruz qalmasıyla bağlı şikayətinin araşdırılması üçün prokurorluq nümayəndələri onunla görüşüb, ekspertiza təyin olunub. A.Hüseynov onlara deyib ki, hadisədən üç ay keçib, işgəncə izləri itib, bundan sonra ekspertiza nəyi müəyyənləşdirəcək? Nardaran məhbusu prokurorluğun məsələyə gec reaksiya verməsinə etiraz edib.
İlahiyyatçı Mövsüm Səmədov da vəkili Yalçın İmanova kamerasının tavan hissəsinin kosmetik təmir olunduğunu, tavandakı boşluqların doldurulduğunu deyib və bütün mübarizə yoldaşlarına salamının çatdırılmasını istəyib.
Xatırladaq ki, Taleh Bağırzadə və Abbas Hüseynov 2015-ci il noyabrın 26-da DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakının Nardaran qəsəbəsində keçirdiyi, ikisi polis olmaqla, 6 nəfərin həlak olduğu əməliyyat zamanı həbs olunub. Onların hər birinə 20 il həbs cəzası verilib.
Lakin onlar ittihamları rədd edir, özləri də daxil, Məhərrəmlik ehsanına toplaşan dinc adamların heç birində silah olmadığını, altı nəfərin hamısının polislər tərəfindən öldürüldüyünü bildirir.
Mövsüm Səmədov isə 2011-ci ildə bir neçə tərəfdarı ilə qanunsuz silah saxlamaq, hakimiyyətin ələ keçirilməsi və başqa ittihamlarla saxlanıb. O, 12 il həbs cəzası alıb. Avropa Məhkəməsi onun işi üzrə kommunikasiyaya başlayıb./azadlıq/


250 بازدید
در حال ارسال اطلاعات...