Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Oktyabr 2017

Dönüşü olmayan yayınma

"Bilin ki, dünya həyatı oyun-oyuncaq, bərbəzək, bir-birinizin qarşısında öyünmək, mal-dövləti və oğul-uşağı çoxaltmaqdan ibarətdir."
Bir əziz və ilahi məsələ kimi İslamı təhdid edən bütün təhlükələr İslamın yarandığı zamandan Allah tərəfindən proqnoz edilmiş və o təhlükələrə qarşı tədbir vasitəsi də İslamın özündə nəzərdə tutulmuşdur.
Allah-Taala İslamın müdafiə qüvvəsini onun özündə qoymuşdur; sağlam bir bədən, yaxud sağlam bir maşın kimi; onu düzəldən mühəndis təmir vasitəsini onun öz içinə qoymuşdur. İslam bir fenomendir və bütün fenomenlər kimi onu bəzi təhlükələr təhdid edir. Tədbir görmək üçün bir vasitə lazımdır. Allah-Taala bu vasitəni İslamın özündə qoymuşdur.
O zaman da sözügedən iki təhlükə İslamı təhdid edirdi. Onların hər ikisinin nəticəsi İslam cəmiyyətinin dönüşü olmayan fəlakət və məhvolma yoluna çıxması idi. Çünki fəsadlı hakimlərin varlığına, cəmiyyətin aparıcı və avam insanları arasında fəsad və dünyagirliyin yayılmasına görə İslamın, hökumətin və cəmiyyətin ideal və ilahi vəziyyətə qaytarılması və dirçəldilməsi üçün heç bir maraq və səy göstərilmirdi. Cəmiyyət azğınlıq içərisində sərgərdan qalmışdı.
Əgər əziz Peyğəmbərin (s) bu rels üzərinə çıxardığı bu qatarı bir əl, yaxud bir hadisə relsdən çıxarsa, vəzifə nədir? Əgər İslam cəmiyyəti yoldan yayınsa və əgər bu yayınma elə bir həddə çatsa ki, bütün İslamın və İslam maarifinin yayınma təhlükəsi yaransa, vəzifə nədir? İki növ yayınma və azğınlıq var. Çox zaman xalq fəsada düçar olur, lakin İslam hökmləri məhv olmur. Bəzən də xalq fəsada uğrayır, hökumətlər də fəsada uğrayırlar, alimlər və din natiqləri də fəsada düşürlər. Fəsadlı insanlardan ümumiyyətlə düzgün din sadir olmaz. Onlar Quranı və həqiqətləri təhrif edirlər, yaxşıları pis, pisləri yaxşı, bəyənilməz işi bəyənilən, bəyənilən işi bəyənilməz edirlər, İslamın xəttini 180 dərəcə dəyişdirirlər. Əgər İslam cəmiyyəti və quruluşu belə bir vəziyyətə düçar olsa, vəzifə nədir?
İlahi vəzifə İslam hökumətini və İslam cəmiyyətini düzgün və ilahi yola qaytarmaq üçün bütün imkanlardan istifadə etməkdir. Bu, hikmətli Allahın dində qoyduğu vacib əməldir. Və Əbu Abdullah (ə) İslamın özünü və müsəlman cəmiyyəti təhdid edən bu təhlükələr qarşısında ona əməl etdi.
İslam hər iki təhdidə qarşı yol müəyyənləşdirmiş və cihad təyin etmişdir. Cihad xarici düşmənlərə məxsus deyil: “Kafir və münafiqlərlə cihad et”. Münafiq özünü quruluşun daxilinə salır. Odur ki, bunların hamısı ilə cihad etmək lazımdır. Cihad quruluşa etiqadsız və düşmən olması səbəbindən ona hücum etmək istəyən düşmənə qarşı edilir. Həmçinin daxili parçalanma və dağılma ilə mübarizə üçün çox dəyərli olan əxlaq təlimləri mövcuddur. Bu təlimlər dünyanı həqiqi şəkildə insana tanıtdırır və anladır: "Bilin ki, dünya həyatı oyun-oyuncaq, bərbəzək, bir-birinizin qarşısında öyünmək, mal-dövləti və oğul-uşağı çoxaltmaqdan ibarətdir."
İslam hökmləri məcmusundan olan bu hökmün əhəmiyyəti hökumətin özündən az deyil. Çünki hökumət cəmiyyətin idarəsi deməkdir. Əgər cəmiyyət tədricən xətdən çıxsa, fəsada uğrasa və Allahın hökmü dəyişilsə, vəziyyəti dəyişdirmə və həyatı yeniləmə hökmü, yaxud inqilabın bugünkü təbiri ilə desək, inqilab hökmü olmasa, bu hökumət nəyə yarayar?!
Deməli, azğın cəmiyyəti əsl xəttinə qaytarmağa dair hökmün əhəmiyyəti hökumət hökmünün əhəmiyyətindən az deyil. Bəlkə də demək olar ki, bunun əhəmiyyəti kafirlərlə cihaddan da artıqdır; bəlkə də demək olar ki, bunun əhəmiyyəti bir İslam cəmiyyətində adi formada yaxşı işlərə dəvət etməkdən və pis işlərdən çəkindirməkdən daha artıqdır; hətta bəlkə də demək olar ki, bu hökmün əhəmiyyəti Allahın böyük ibadətlərindən və həcdən də artıqdır. Nə üçün? Ona görə ki, bu hökm əslində İslamın yaşamasını təmin edir; ölmək ərəfəsində olduqdan, yaxud ölüb ortadan götürüldükdən sonra.
İmam Hüseynin (ə) işi xarici düşmənə qarşı - ilahi quruluşdan xaricdə və ona müxalif olan düşmənə, zəruri olaraq sərhədlərdən xaricdə olan düşmənə yox - cihadla yüksək və bənzərsiz həddə nəfsə qapılmağa, fərdi və ictimai azğınlıqlara qarşı cihadı birləşdirməkdir.
Yəni Allah-Taala bilir ki, bu hadisə qarşıya çıxacaq. Buna görə də yüksək səviyyəli bir nümunə təqdim olunmalı və örnək göstərilməli idi. Necə ki, ölkə çempionları məşğul olduqları idman növündə digərlərinin həvəslənməsinə bais olurlar. Sözsüz ki, bu, izah etmək üçün kiçik bir misaldır. Aşura macərası hər iki cəbhədə əzəmətli bir cihaddan ibarətdir; həm xarici düşmənlə - yəni fəsadlı xilafət aparatı və bu aparata yapışmış dünyagirlərlə, Peyğəmbərin (s) insanların xilası üçün istifadə etdiyi hakimiyyəti İslamın və əziz Peyğəmbərin (s) yolunun əks istiqamətinə aparmaq istəyən şəxslərlə mübarizə cəbhəsində, həm də daxili cəbhədə - yəni o zaman ümumi şəkildə daxili fəsada sarı hərəkət edən cəmiyyətlə.
Sözügedən vacib əməl əslində həmin iki təhlükəni aradan qaldırmaq, İslamı və İslam cəmiyyətini dönüşü olmayan yayınmadan xilas etmək məqsədi daşıyan bir əməl idi.

Ayətullah Seyid Əli Xamenei


383 بازدید
در حال ارسال اطلاعات...