Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Sentyabr 2017

Şeyx Sərdar, Mehman bəy, Lapşin - Azərbaycan ruhanisi arxasız deyil

Zalım anlamalıdır ki, haqq əhli olan ruhaninin mübarizəsi Allaha xatirdir, hansısa ölkəyə görə yox
Hər kimsəsizin var bir kimsəsi

Sentyabr ayının 9-u mübarək Qədir-xum günü idi. İranda milyonları sevindirən bir xəbər dərc edildi. Sən demə İranda "öldürən, asan-kəsən rejim" 1166 nəfər məhbusu əfv edib. 1166 nəfərin hərəsinin yüz nəfər tanış-bilişi, qohum əqrəbası varsa deməli mübarək Qədir-xum bayramında milyonlarla insan iki qat bayram edib. Arzu etdim kaş ölkəmizdə də nahaqdan həbs edilənlər azadlığa çıxardı. Haqlı yerə həbs edilənlər də tezliklə hidayət tapıb azadlığa qovuşsun. AMİN!
11 sentyabr günündə isə saytlarda bir başqa şad xəbərə rast gəldim. Bəli, arzum çox cüzi də olsa gerçəkləşmişdi. Xəbərdə deyilirdi ki, "Turan"ın rəhbəri Mehman Əliyev azadlığa çıxıb. Çox gözəl. Biz bütün nahaqdan həbs edilənlərin azadlığa çıxdığını arzu etdiyimiz halda Mehman Əliyev üçün də sevinirik. Nahaqdan həbs edilən kafir də olsa azadlığı arzu ediləndir. Çünki o azadlığa çıxsa bir nahaq aradan qalxmış olacaq.
Həmin gün bir başqa xəbər də dərc edilmişdi. Lapşin də azadlığa buraxıldı. Qohumlarının gözü aydın olsun. Həm Lapşinin, həm də Mehman Əliyevin cinayəti böyük idi. Lapşin icazəsiz Azərbaycan sərhədlərini keçib Qarabağa üz tutmuşdu. Həqiqətən cinayətdir. Mehman Əliyev isə külli miqdarda vergidən yayınmışdı. Hər halda rəsmi açıqlama belədir. Amma necə deyərlər inanmaq mümkün deyil. Mehman Əliyev balaca adam deyil. Tutulan gündən Avropa bir yandan, Amerika digər tərəfdən səs-küy saldılar. Hətta ABŞ bildirmişdi ki, Mehman bəyin həbsində kimin əli varsa ABŞ-a girişi qadağandır. Yerli hakimiyyət isə sanksiyalardan qorxdu, üstəlik seçki ərəfəsində. Axı, Avropanın, ABŞ-ın da səbrinin bir həddi var.
Prezident isə xaricdən qayıdar-qayıtmaz işə müdaxilə etdi və prokurorluğa, məhkəməyə məsləhət gördü ki, bəs Mehman işini yaxşı araşdırsınlar, sonra ölkə güdəza gedər.
Əlbəttə, gözlə-qaş arasında Lapşinlə Mehman bəyin azadlığı bir çox suallar və cavablara səbəb oldu. Bir daha məlum oldu ki, ölkədə məhkəmə də, prokurorluq da, hakim də, prokuror da bir nəfərdir, necə deyərlər: şahın sözü sözlərin şahıdır. Burada təzyiqlər, sanksiyalar, hədə-qorxular, bir də olmayan ictimai qınaq, həmkarların müraciəti, Mehman bəyi zaminə götürmələri öz sözünü dedi. Amma əsas məsələ xarici təzyiqdir. Çünki azadlığa qalsaydı, digər nahaqdan tutulanlar da azadlığa buraxılardı. Üstəlik, Azərbaycan elə bir ölkədir ki, burada Allahın əlillik kağızını müvafiq idarədən almaq azı iki-üç həftə çəkər. Başqa sözlə desək, türklər demişkən məhkəməyə əlini qapdıran ayağını ala bilmir. İndi necə oldu Mehman bəyə "gözün üstə qaşın var" deyən olmadı və gözlə-qaş arasında azadlığa çıxdı? Halbuki özü deyir ki, düşünürdüm çox qalaram həbsdə.
Lapşinin azadlığına ailəsində başqa İsrail də yaman sevindi. Çünki Lapşin bildiyim qədəriylə həm də İsrail vətəndaşıdır. Mehman Əliyevin azadlığı üçün isə Avropa və ABŞ dəridən- qabıqdan çıxdı. Halbuki hakimiyyətə qalsaydı yeni planla tutduğu Mehman bəyi çətin buraxardı. Zarafat deyil, kişi Milli Şura üzvüdür, vaxt olub prezident seçkilərinə vahid namizəd olması üçün məşvərət-məsləhət olub.
Deməli, İsrail, ABŞ və Avropa öz gücünü Azərbaycan hakimiyyətinə göstərə bildi. Geriyə bir ölkə qaldı – İran.
İranın adını çəkməyimizin xüsusi səbəbi var. Deməli, Şeyx Sərdarın məhkəməsi də 11 sentyabrda keçirildi. İsrail qulaqlarını yaman şəkləmişdi bu məhkəməyə. İsrailin Masallı icra hakimi ilə qol-qola gəzən səfiri barmaqlarını həyəcandan yeyirdi ki, birdən Şeyx Sərdar da bəraət alar. (Şeyx Sərdarı Masallı icra hakimi şərləyib) Şeyxin günahı nə imiş? Yox, vallah Azərbaycan hakimiyyətindən icazəsiz nəinki Qarabağa getməyib, heç Masallı əhlinə dini təbliğat etməkdən bəlkə Lənkərana getməyə vaxtı belə yoxdur Şeyxin. Vergidən də yayınmayıb. Günahı bu imiş ki, xaricdə oxuyub, daha dəqiq İranda. Sentyabrın 11-i məhkəməsində rəzalət oldu, şeyx yenə həbsdə qaldı.
Maraqlısı budur ki, Lapşinə sevinən İsrailin yerinə şeyxin azadlığa çıxacağı təqdirdə onun azadlığı üçün sevinən İran olsaydı, Milli Məclisdə Zahid Oruc, Qüdrət Həsənquliyev, Ziyafət Əsgərov kimilər başlayacaqdı Şeyx Sərdarı İran agenti çıxartmağa. Deyəcəkdilər ki, baxın Sərdar Babayevin himayədarları sevinir. Yaxud amerikalıların və avropalıların Mehman bəydən ötrü qopardıqları şivənin əvəzinə İrandan şivən qopsaydı yenə deyəcəkdilər ki, biz demişdik ki, bunlar İrana işləyir, budur bu da sübutu.
Bəli, İsrail rahat bir şəkildə sevinir, ABŞ və Avropa açıq-aşkar hakimiyyətə meydan oxuyub Mehman bəyi himayə edir. Bəs İran necə? İran nədən qorxur? Nə ABŞ-dan, nə qeyrisindən. Hər halda - Allahın izniylə - İsrailə Hizbullah partiyası İranın dəstəyi ilə qalib gələ bilirsə, İrandakı ağalar "Amerika heç bir qələt edə bilməz, tapdalayarıq onu" deyə bilirsə, dəstəklədikləri Bəşar Əsəd, Bəşar Əsədi himayə edən Qasim Süleymani İŞİD-in, ABŞ-ın yuxusuna haram qatıbsa İranın qorxduğunu güman edə bilmərik. Bəs niyə İrandan bir səs-soraq yoxdur? Aha, bu sualın cavabı ötən gün bir daha məlum oldu. Cavab budur ki, zalım anlamalıdır ki, haqq əhli olan ruhaninin mübarizəsi Allaha xatirdir, hansısa ölkəyə görə yox. O, Allaha görə iş görür, hansısa ölkə onu danışdırmır. O, Allaha işləyir, hansısa ölkəyə yox. Bir insanın mübarizəsi Allaha xatirdirsə, o heç də arxasız və kimsəsiz deyil. Onun arxası və kimsəsi kimsəsizlər kimsəsi olan Allahdır.


268 بازدید
در حال ارسال اطلاعات...