Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Sentyabr 2017

Əliyevlərin millətdən oğurladığı 2.9 milyarda nələr etmək olardı?

Öncə onu deyim ki, 2,9 milyard dollar 1 il ərzində gizli iqtisadiyyatda qazanılan və xaricdə yuyulan çirkli pulların 10 faizə qədərini təşkil edir
İqtisadçı Qubad İbadoğlu xalqdan oğurlanmış 2.9 milyardla ölkədə hansı işləri görməyin mümkünlüyü ilə baglı fikirlərini fb səhifəsində bölüşüb. İqtisadçının qeydlərini təqdim edirik:

“2,9 milyard dolları hazırkı məzənnə ilə manata çevirəndə 5 milyard manat edir ki, bu vəsat hesabına kateqoriyasından asılı olmayaraq bütün pensiyaçıların illik təqaüdlərinin 2 dəfə, dövlət sektorunda çalışan müəllimlərin əmək haqqını 3 dəfə, səhiyyə və sosial xidmət işçilərinin maaşlarını isə 10 dəfə artırmaq olardı.

Bu vəsait ötən il dövlət büdcəsinə qeyri-neft sektorundan daxilolmaların 90 faizini təşkil edir, eləcə də Gömrük Komitəsinin 2016-cı ildə dövlət büdcəsinə ödənişlərindən 2,2 dəfə çoxdur.

Son günlər Azərbaycan hakimiyyətinə sıx bağlı olan şəbəkə tərəfindən 2,9 milyard dollar pulun xaricdə yuyulması faktının aşkarlanması hələ də müzakirə predmeti olduğundan bununla bağlı fikirlərimi sizə təqdim edirəm.
Öncə onu deyim ki, 2,9 milyard dollar 1 il ərzində gizli iqtisadiyyatda qazanılan və xaricdə yuyulan çirkli pulların 10 faizə qədərini təşkil edir. Çünki, son hesablamalara görə, Azərbaycanda gizli iqtisadiyyatın səviyyəsi ÜDM-in 67 faizini təşkil edir və qeyri-formal iqtisadiyyatda qazanılan pulların çox hissəsi məhz xaricdə, xüsusilə də ofşor zonalarda “yuyulur”.

Miqyasına görə iri korrupsiya əməliyyatı, əhatə dairəsinə görə mütəşəkkil cinayət kateqoriyasına daxil olan çirkli pulların yuyulması maliyyə cinayətləri arasında ən ağırı və təhlükəlisi hesab olunur. Bu faktın xüsusilə də qlobal səviyyədə belə cinayətlərə qarşı birgə səylərin və təşəbbüslərin artdığı zamanda aşkarlanması ölkəmizin mövcud hakimiyyətin səbatsiz idarəçiliyi nəticəsində onsuz da azalan nüfuzunu daha da aşağı salır. Fikrimcə, Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünü tərk edəndən sonra şəffaflıq və hesabatlılığa sadiqliyini nümayiş etdirmək istəyində olan, eyni zamanda xarici sərmayələrin cəlb edilməsi üçün davamlı investisiya forumları təşkil edən və əlverişi biznes mühitinə dair siyasi bəyanatlar verən Azərbaycan hakimiyyətinə bundan böyük zərbə ola bilməz . Çünki, bütün dünyada anti- ikorrupsiya və şəffaflıq çağırışlarının artdığı zamanda, “Azərbaycan Laundromatı” adlı araşdırmada təsvir olunan çirkli pulların yuyulması üzrə gizli əməliyyatlar sahəsində korrupsiya əməllərində Azərbaycan hakimiyyətinin ali ranqlı məmurlarının adının hallanması, eləcə də cinayətin yalnız öz ölkəsi daxilində deyil, hətta bir neçə ölkənin sərhədlərini keçərək transmilli xarakter alması hələ uzun müddət gündəmdən çıxmayacaq. Belə ki, bu ağır cinayət əməlinə BMT-nin institutlarının, Avropa Yenidənqurma və İnkişaf Bankının yüksək çinli təmsilçiləri, Fransanı, Almaniyanı və İtalıyanı Avropada təmsil edən siyasətçilərin də cəlb olunması bu istiqamətdə müzakirələrin davamlı olacağına deməyə əsas verir. Azərbaycan hakimiyyətinə gəlincə, onun demək olar ki, bütün qollarının – prezident adminstrasiyasının, nazirlər kabinetinin və parlamentin təmsilçilərinin cinayət prosesində işirakı bu mütəşəkkil cinayətkar şəbəkənin yüksək səviyyədə himayə olunduğunu deməyə əsas verir.

Qanunsuz yolla əldə olunan gəlirlərin leqallaşdırılması məqsədilə pulların xaricdə yuyulması ağır və xüsusilə təhlükəli cinayət hesab olunduğundan onunla bağlı araşdırmalar davam etdirilməli və bu cinayət əməlinin iştirakçıları sonadək ifşa olunaraq layiqli cəzalarını almalıdırlar. Yoxsa, bu fakt qlobal cinayət əməli kimi həm də xarici mətbuatın da gündəmində qalacaq və Azərbaycan iqtisadiyyatının modernləşdirilməsi üçün sərmayə cəlb edilməsi sahəsində ciddi baryerə çevriləcəkdir. Hətta, bundan sonra Azərbaycanda fəaliyyət göstərən, eyni zamanda Azərbaycan mənşəli şirkətlərlə əməkdaşlıq edən investorlar da bu çirkli pulların yuyulması cinayətində iştirak edən ölkədən uzaq durmağa və burdakı fəaliyyətlərini məhdudlaşdırmağa və yaxud da ona son qoymağa üstünlük verəcəkdir. Bundan da ən çox itirən milli iqtisadiyyat və Azərbaycan vətəndaşları olacaq. Belə ki, 2,9 milyard dolları hazırkı məzənnə ilə manata çevirəndə 5 milyard manat edir ki, bu vəsat hesabına kateqoriyasından asılı olmayaraq bütün pensiyaçıların illik təqaüdlərinin 2 dəfə, dövlət sektorunda çalışan müəllimlərin əmək haqqını 3 dəfə, səhiyyə və sosial xidmət işçilərinin maaşlarını isə 10 dəfə artırmaq olardı.

Bu vəsait ötən il dövlət büdcəsinə qeyri-neft sektorundan daxilolmaların 90 faizini təşkil edir, eləcə də Gömrük Komitəsinin 2016-cı ildə dövlət büdcəsinə ödənişlərindən 2,2 dəfə çoxdur”.


236 بازدید
در حال ارسال اطلاعات...