Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Sentyabr 2017

"Xalqın gözü" gözünü "pul tutanları" yaxşı görür

Hakimiyyət təmsilçilərini bir az sıxsalar açıq-aşkar "bəs niyə Azərbaycan hakimiyyətinin korrupsioner olduğunu bildiyiniz halda onu hər seçkisonrası dəstəkləyirdiniz" deyəcəklər
Yenə Azərbaycan hakimiyyətinin, xüsusən də İlham Əliyevin adı korrupsiyada hallanır. 3 milyard dollar (5 milyard manat) qalmaqalı demək olar ölkəni bir-birinə vurmayıb. Bəli, bəli vurmayıb. Çünki ölkədə demək olar bu heç kimin vecinə deyil. Sadəcə yuxarıları təmsil edən Əli Həsənov, Novruz Məmmədov kimi tiplər bir az addanıb-düşüb korrupsiya faktını aşkarlayanları puldan betər yaş yuyub quru sərdilər.
Əlbəttə, ölkəmizdəki rüşvət-korrupsiya faktı heç də birinci dəfə deyildir. Hələ Heydər Əliyevin zamanından bu ölkədə rüşvətxorluğun olması məlum məsələ idi. Üstəlik, indi təşvişə düşən Avropa, ABŞ, AP və s. bütün bunları gözəl bilirdi və istədiklərini artıqlaması ilə hakimiyyətdən aldıqları, Azərbaycanı inək kimi sağdıqları üçün bütün bunları gizlədirdilər. Hər seçkidən sonra Azərbaycanda keçirilən seçkiləri tanıyır, müşahidəçilərə xoş sözlər deməyi əmr edirdilər. Arada da xala-xətir qalmasın deyə həbs edilən vicdan məhbuslarının azadlığını vicdansızcasına tələb edirdilər.
Əslində Əli Həsənov, Novruz Məmmədov kimi rejim əlaltılarını cürətləndirən adları çəkilən ölkələrin səmimiyyətsizliyidir. İnandırım sizi ki, hakimiyyət təmsilçilərini bir az sıxsalar açıq-aşkar "bəs niyə Azərbaycan hakimiyyətinin korrupsioner olduğunu bildiyiniz halda onu hər seçkisonrası dəstəkləyirdiniz" deyəcəklər. Yaxud da deyəcəklər "necə olur hakimiyyətdən istədiyinizi aldığınız zamanlarda heç korrupsionerliyimiz yadınıza düşmürdü" Düz də deyirlər, çünki 2012-14-cü ilə aid olan korrupsiya faktı nə üçün indi aşkarlanıb? Axı bu illər arasında ölkəmizdə seçki keçirilib. Həmin seçkilərin təşviqat kompaniyasında müxalifət lideri Cəmil Həsənli faktlarla çıxış edib ortalığa sənəd qoyub canlı efirdə hakimiyyətin oğurluğundan danışıb. Bəs nə üçün 2013-ci ilin seçkisini indi əl-ayağa düşən ölkələr tanıyıblar? Güya onlara o zamanlar bütün bunlar məlum deyil idi? Yoxsa seçki qabağıdır deyə, yeni bir ssenari dövriyəyə buraxılır?
Myanmada müsəlmanlar qırılır, dünyanı İŞİD faciəsi bürüyüb, Allah bütün zalımlara lənət eləsin. Bir tərəfdən də Azərbaycanda korrupsiya müsibəti. Bilmək olmur hansına ağlayasan.
Bütün bu faciələr tərəzinin bir gözünə, Azərbaycanda sümük olub xalqın boğazına ilişən korrupsioner hakimiyyət də tərəzinin başqa gözünə qoyulasıdır. Bəlkə də bizim dərdimiz ağır gələr. Tərəzi dedim yadıma bir məsələ düşdü. Bilirsiz də bizdə ""The Guardian" qəzetinin gözü tərəzidir" deyə bir atalar məsəli yoxdur. Amma bizdə - məhkəmələrimizdə ədalət tərəzisi (mizan) olmasa da "xalqın gözü tərəzidir" misalı qədimdən vardır. Türkiyə Cumhuriyyətində məhkəmələrdə "ədalət mülkün təməlidir" yazılır. Bu söz Mustafa Kamal Atatürkə aiddir. Azərbaycan məhkəmələrin ədalətdən əsər-əlamət olmadığı üçün, hakimlər hakimiyyət əlaltısı olduqları üçün məhkəmə divarlarına bu cür sözü yaza bilmirik, amma "xalqın gözü tərəzidir" yazısı mütləq yazılmalıdır. Özü də xalq arasında məşhur olan bu deyim Mustafa Kamal Atatürkün işlətdiyi cümlədən daha samballıdır. Çünki xalqın sözüdür. De gəl ki, bizdə xalqın nə özünün, nə də sözünün sambalı, hörməti olmadığı üçün bundan da keçirəm.
Ancaq "xalqın gözünü" unutmaq olmaz. Çünki xalqın gözü gözünü pul tutanları yaxşı görür və tanıyır. Doğrudur,ölkəmizdə xalqın gözü tərəzi olduğu üçün bu gözü çıxartmaq hakimiyyətə daha çox sərf edir. Çünki hakimiyyət gözəl bilir ki, "The Guardian"ın indilərdə yazıb ortaya çıxartdığı faktları xalq elə qədimdən bilirdi. Sadəcə bizdə kim "The Guardian" olsa sorağı milli "quantanamo"dan gələr. Üstəlik, "The Guardian" gərək bundan sonra məlumat toplamaq üçün özünə əziyyət verib araşdırma aparmasın. Gəlib bir –iki saat bizim camaatdan müsahibə alsın bəs edər.
Sekçi qabağı yenə fəallaşma hiss olunur. Allah bilir nə plandır qurulur. Allah axırımızı xeyirli eləsin. Lənət olsun müsəlmanın ayağını qazana.


265 بازدید
در حال ارسال اطلاعات...