Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Sentyabr 2017

DÜNYAYA BAĞLILIQ

Qəlbi nəfsani istəkləri ilə dolu dünya əhli və Allah eşqinin sorağınca gəzən axirət əhli.
Ayə və rəvayətlərdə dünyaya bağlılıq ciddi məzəmmət olunmuşdur. «Ali-İmran» surəsinin 185-ci ayəsində buyurulur: «Dünya həyatı aldadıcı matahdan başqa bir şey deyil». Başqa bir ayədə oxuyuruq: «Dünya həyatı oyun-oyuncaqdan başqa bir şey deyil və təqvalılar üçün axirət evi daha faydalıdır. Heç düşünmüsünüzmü?» («Ənam» surəsi, ayə 32.) «Hədid» surəsinin 20-ci ayəsində isə belə buyurulur: «Bilin ki, dünya həyatı oyun-oyuncaqdan, bər-bəzəkdən, var-dövlət və övladı artırıb öyünməkdən başqa bir şey deyil».
Həzrət Əli (ə) buyurur: «Mən sizi dünyadan həzər etməyə çağırıram. Çünki o, şirin və gözəl görünür»; «Dünya arzular evidir. Bir zaman fani olar və əhli ondan köçər. O, şirin və gözəl görünər, istəyənlərə tərəf tələsər, baxanların qəlbinə sevgisini salar».

Əmirəlmöminin Əlinin (ə) «Nəhcül-bəlağə» kitabında dünya və dünyaya bağlı insanlar məzəmmət olunur. Həzrət (ə) insanları müvəqqəti dünyaya yox, əbədi axirət haqqında düşünməyə çağırır. O, insanları iki dəstəyə bölür: qəlbi nəfsani istəkləri ilə dolu dünya əhli və Allah eşqinin sorağınca gəzən axirət əhli. Bu iki dəstənin hər birinin öz yaşayış proqramları vardır.
«Ali-İmran» surəsinin 145-ci ayəsində buyurulur: «Bu dünyanın mənfəətini istəyənlərə dünya mənfəətindən, axirət savabı istəyənlərə isə axirət savabından verərik».
Başqa bir ayədə oxuyuruq: «Var-dövlət və övladlar dünya həyatının bəzəyi, saleh əməl isə daha xeyirlidir». («Kəhf» surəsi, ayə 46.)


168 بازدید