Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Avqust 2017

“MÜNAFİQUN” (MÜNAFİQLƏR) AYƏSİ

Biz övladlarımızı Əli ibn Əbi Talibin (s) məhəbbəti ilə tanıyırıq.
“Məhəmməd” (s) surəsinin 30-cu ayəsində buyurulur:
“Əgər Biz istəsəydik, onları (münafiqləri) mütləq sənə göstərərdik, sən də onları mütləq tanıyardın. Sən onsuz da onları danışıq tərzlərindən tanıyacaqsan!”

Bu ayədə isə düşmənçiliyə işarə olunur. Allah-taala münafiqlər və onların nişanələri haqda söz açaraq buyurur: “Əgər Biz istəsək, onları sənə göstərər, hətta onların çöhrələrinə əlamət və nişanə qoyarıq. Bununla da bir baxışla onları tanıyarsan.” Sonra əlavə edərək buyurur: “Sən onsuz da onları danışıq tərzlərindən tanıyacaqsan!” Çünki hər vaxt cihad və müharibədən söz düşəndə, onlar bu işdən boyun qaçırmağa və camaatı ruhdan salmağa cəhd göstərəcək, yaxşı və pak insanlardan söz düşdükdə isə onları ləkələməyə çalışacaqlar.
Əbu Səid Xudridən nəql olunan məşhur bir hədisdə “Onsuz da onları danışıq tərzlərindən tanıyacaqsan” cümləsinin təfsiri ilə bağlı belə deyilir: “Onlar Əli ibn Əbi Talibə olan kin-küdurət və ədavətləri ilə tanınarlar.”
Hakim Həskani “Şəvahidut-tənzil” kitabında bu hədisi üç sənədlə, Süyuti isə “Əd-durrul-mənsur” təfsirində İbn Mərdəveyh və İbn Əsakirdən (onlar da Əbu Səid Xudridən) nəql etmişlər. (“Şəvahidut-tənzil”, 2-ci cild, səh. 178, hədis: 883-885; “Əd-durrul-mənsur”, 6-cı cild, səh. 66.)
Süyuti İbn Abbasdan başqa bir rəvayət nəql edir: “Biz Peyğəmbəri-əkrəmin (s) dövründə münafiqləri yalnız Əli ibn Əbi Talibə (ə) kin-küdurət və ədavətləri ilə tanıyırdıq!” (“Şəvahidut-tənzil”, 2-ci cild, səh. 178, hədis: 883-885; “Əd-durrul-mənsur”, 6-cı cild, səh. 66.)
Bu hədisi nəql edən ravilər və kitablar yuxarıdakılarla bitmir. Onu Cabir ibn Abdullah Ənsari və Əbuzər Qifari də nəql etmişdir.
İbn Əbdül-Bir “İstiyab” kitabında Cabir ibn Abdullah Ənsaridən, Muhibbuddin Təbəri isə “Ər-riyazun-nuzrə” kitabında Əbuzər Qifaridən belə nəql etmişdir: “Biz Peyğəmbəri-əkrəmin (s) dövründə münafiqləri ancaq üç yolla tanıyırdıq: Allahı və Peyğəmbəri (s) təkzib etdikdə, namazdan (camaat namazından) boyun qaçırdıqda və Əli ibn Əbi Talibə (ə) ədavət bəslədikdə.” (“İstiyab”, 2-ci cild, səh. 464 və “Ər-riyazun-nəzrə”, səh. 214.)
Əhli-sünnənin birinci dərəcəli mənbələrindən sayılan Termizinin “Səhih” kitabında da bu hədis iki sənədlə Əbu Səid Xidri və Ümmü Sələmədən nəql olunmuşdur. (Ümmü Sələmənin hədisinin yuxarıdakı hədislə azacıq fərqi var.) (“Səhihi-Termizi”, 5-ci cild, səh. 635, hədis: 3717.)
İbn Əsakir “Tarixud-Dəməşq” kitabında Əbu Səid Xudridən, Cabir ibn Abdullah Ənsaridən, İbadət ibn Samitdən və Məhbub ibn Əbiz-Zənaddan bu məzmunda və buna oxşar bir neçə hədis nəql etmişdir. (“Təlxisu tarixid-Dəməşq”, 17-ci cild, səh. 370-371, “Darul-fikr” çapı.)
İbadət ibn Samitin rəvayətində belə deyilir: “Biz övladlarımızı Əli ibn Əbi Talibin (s) məhəbbəti ilə tanıyırıq. Kimin Əli ibn Əbi Talibi (ə) sevmədiyini görsək, bilirik ki, bizdən deyil!”
Məhbub ibn Əbiz-Zənadın hədisində ənsarın dili ilə deyilir: “Nə vaxt bir kəs Əli ibn Əbi Talibə (ə) qarşı kin-küdurət və ədavət göstərsəydi, başa düşürdük ki, o, öz atasının oğlu deyil!” (“Təlxisu tarixid-Dəməşq”, 17-ci cild, səh. 370-371, “Darul-fikr” çapı.)
Bu məzmunda rəvayətlər çoxdur və bəhsimizi Peyğəmbəri-əkrəmin (s) buyurduğu bir hədislə sona yetiririk. Peyğəmbəri-əkrəm “Xeybər” günü imam Əli (ə) haqqında geniş söhbəti əsnasında belə buyurmuşdur:
“Ey camaat! Övladlarınızı Əli məhəbbəti ilə sınaqdan keçirin. Həqiqətən, Əli (heç kimi) azğınlığa dəvət etməz və hidayətdən uzaqlaşdırmaz. Onu sevən sizdəndir, ona kin-küdurət və ədavət bəsləyən isə sizdən deyil!”
Bu rəvayətləri diqqətlə araşdırdıqda, elə bir şəxsiyyətlə üzləşirik ki, ona eşq və məhəbbət iman, onunla ədavət küfr və münafiqlik nişanəsidir. Bu rəvayətlər imam Əlinin (ə) tərəfdarlarına ağır işkəncələr verən, düşmənlərini isə vəzifə kürsüsündə əyləşdirən “əməvilər” kimi azğın sülaləni ötüb-keçmiş, həmin dövrün insanlarının dilində dolanmışdır. Hətta ümumi məclislərdə o həzrəti söymək və lənətləmək vəzifəyə çatmaq üçün bir vasitə sayılırdı. Doğrudan da, dünyanın şərqini qərbini bürüyən, tarix, təfsir və hədis kitablarında tez-tez xatırlanan fəzilətlərin inadkar düşmənlərin nəzarətindən yayınıb, bu gün bizim əlimizə çatması təəccüblüdür. Bu bütün əsrlərdə haqq nurunun qorunmasının Əli ibn Əbi Talibin (ə) imamət və xilafətinin bütün nəsillərə çatdırılmasının yalnız ilahi yardımlarla mümkün olduğunu göstərir!


210 بازدید