Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Avqust 2017

DÜNYAYA İKİLİ MÜNASİBƏT

İnsan dünyadan istifadə edib öz ilahi məqsədinə çatmalıdır
Axirət nemətlərinə qovuşmaq istəyənlər üçün dünya həyatından başqa vasitə yoxdur. Həzrət Peyğəmbər (s) buyurur: “Hər kəs “la ilahə illəllah” desə, behiştdə onun üçün bir ağac əkilər.” (“Biharul-ənvar”, 8-ci cild.) İnsanı behiştə aparacaq savablar bu dünyada qazanılır. Bu dünyada xeyir iş görməyən insan heç vəchlə behiştə nail ola bilməz. Behişti almaq üçün sərmayəni yalnız bu dünyada qazanmaq olar. İnsanın dünyadan başqa əkin yeri yoxdur.
Bəli, dünya axirəti qazanmaq vasitəsidir. Hər birimiz axirət azuqəsini məhz dünyada yığmalıyıq. Səhvimiz ondadır ki, bəzən elə bu dünya üçün yarandığımızı zənn edirik. Səhv dünyanı məqsəd bilməkdir.
Dünyanı məqsəd bilmək odur ki, məsələn, insan maşınının şüşəsinə bir ləkə düşən kimi qaçaraq onu təmizləsin. Belə insan unudub ki, maşını nə üçün alıb. Maşın bizi məqsədə çatdırmaq üçün bir vasitədir. Maşına bu sayaq qulluq edən kəs maşının xidmətindən istifadə etmək əvəzinə özü ona xidmətçi olub.
Dünya belədir. İnsan dünyadan istifadə edib öz ilahi məqsədinə çatmalıdır. Əlbəttə ki, bütün diqqətini dünya ləzzətlərinə yönəldən insan axirəti unudacaqdır. Belə dünya həqiqətə çatmaq yolunda kömək yox, maneədir. Həzrət Əli (ə) buyurur: “Dünya qəlbi kor olan üçün son nöqtədir. Belə insan dünyadan uzağı görməz. Görən insanın baxışı isə dünyanı adlayır və bu insan bilir ki, dünyadan sonra həqiqi bir aləm var. Demək, görən kəs ondan nəzərini çəkir, qəlbi kor olan kəs isə aldanır. Görən kəs ondan azuqə götürür, qəlbi kor olan kəs onun üçün azuqə yığır.”
Beləcə, məzəmmət olunan dünya yox, dünyaya yanlış baxışdır. Dünya Allahın məxluqudur və ən gözəl şəkildə yaradılmışdır. “Səcdə” surəsinin 7-ci ayəsində oxuyuruq: “O, yaratdığı hər şeyi gözəl yaratmışdır.”
Dünya pis deyil. Onu pis edən ona qarşı olan yanlış münasibətdir. Qurani-kərim və “Nəhcül-bəlağə”də dünya ona görə məzəmmət olunur ki, o, aldadıcı və müvəqqəti olduğu halda insanlar ona aldanırlar. İlahi kəlamlar dünyanı məzəmmət etməklə insanları qəflətdən oyatmaq istəyir. Gördüyünə meyl salan insan Allahın və Onun övliyalarının buyurdularından nəticə çıxarmalı, öz mənəviyyatını gücləndirməlidir.
Dünyanı məzəmət edən sözlərdən insanların səhv nəticə çıxarmaması üçün Allah-təala buyurur: “De ki, Allahın öz bəndələri üçün yaratdığı zinəti və təmiz ruziləri kim haram etmişdir? Bunlar dünyada iman gətirənlər üçündür.” (“Əraf” surəsi, ayə: 32.); “Ey iman gətirənlər, sizə verdiyimiz ruzilərin təmizindən yeyin.” (“Bəqərə” surəsi, ayə: 172.) İnsan dünya ləzzətlərinə meyl etdiyi üçün onu dünyaya qarşı təşviq edən ayələr çəkindirən ayələrdən azdır.


2401 بازدید
در حال ارسال اطلاعات...