Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Avqust 2017

Gedərli dünya

Dünyəvi səfərdə insan özü nəqliyyat vasitəsi seçir hərəkət istiqaməti və sürəti özü müəyyənləşdirir.
Məsələnin ən yaxşı bəyan yollarından biri təşbeh və təmsil olduğundan Həzrət Əli (ə) də bu üsuldan istifadə edir. O, insanın bu dünyadakı ömrünü səfərə çıxmış müsafirə bənzədir və çox incə nöqtələri işıqlandırır. İnsan təcrübə, elm, müşahidə, bəndəlik yolu ilə qəbul etmişdir ki, bir gün xaraba dünya evindən köçəsidir. Onun bu dünyadakı həyatı səfər kimidir. Amma bu səfər başqa səfərlərdən fərqlənir. Adi səfərdə insan səfər vaxtını, düşəcəyi mənzili, səfərin gedişini özü müəyyənləşdirir. Hətta həcc kimi vacib dini səfərlərdə də insan öz ixtiyarındadır. Amma ömür səfəri azad deyil və bu səfərə çıxıb-çıxmamağı insan təyin etmir. Hər bir yaranmış bu səfərə çıxmağa məcburdur. Axirət səfərinin gündəlik dünyəvi səfərdən əsas fərqi budur. Dünyəvi səfərdə insan özü nəqliyyat vasitəsi seçir hərəkət istiqaməti və sürəti özü müəyyənləşdirir. Məsələn, avtomobil və ya qatarla səfərə çıxmaq insanın öz ixtiyarındadır. Hansı ki, axirət səfəri məcburidir və bu səfərin vaxtını, necəliyini təyin etmək insanın ixtiyarında deyil. İnsan bu səfəri təxirə sala bilməz, sürətini artıra bilməz. Bir sözlə, axirət səfərində insanın qərar çıxarmaq hüququ yoxdur. Bu səfər icbaridir, onun miniyini cilovlamaq qeyri-mümkündür. İnsan zamana, dövrün gedişinə süvar edilmişdir. Bu yorğa atın sürəti bizdən asılı deyil. O, insanın əməl və rəftarının təyin etdiyi mənzilə üz tutmuşdur. Ona görə də bu səfərin mahiyyətini dərk etməli, ölçülüb-biçilməmiş hərəkətlərə yol verməməli, doğru yoldan yayınıb, həlak olmamalıyıq. Zaman qatarı böyük sürətə malik olduğundan diqqətli olmalıyıq.
Bir daha qeyd edək ki, Əmirəl-möminin (ə) öz vəsiyyətində zahirən oğlu imam Həsənə (ə) müraciət etsə də, əslində bütün gənc nəslə üz tutur və onları dünya həyatının mahiyyətindən xəbərdar edir. Yəni zahirdə imam Həsənə (ə) ünvanlanan tövsiyyələr əslində bütün gənclərə aiddir. Həzrət (ə) bütün insanların onun öz övladı kimi, intəhasız bir lütfdən faydalanmasını istəyir; bütün tərəqqipərvər gəncliyə xatırladır ki, əgər xeyir və kamal yolu axtarırsınızsa, imam Həsənə (ə) göstərdiyim yoldan yaxşısını tapa bilməyəcəksiniz. Əlidən (ə) canıyanan ata, imam Həsəndən (ə) layiqli oğul tanıyırsınızmı? İndi siz Əlinin (ə) ata məhəbbətindən faydalanmaq imkanına maliksiniz. Öz qədrinizi bilin, görün sizə kimin vəsiyyəti ünvanlanıb!
Bu gözəl təşbehə nəzər salın: “Hər kəsin miniyi gecə və gündüzdür, özü getməsə də onu apararlar...” Sözsüz ki, gecə və gündüz miniyinə süvar olan xüsusi bir şəxs deyil. Dünyada mövcud olan hər bir insan bu miniyə süvardır və dayanmadan hərəkət edir. Gözünü qapayıb açan insan özünü başqa anda görür. Şübhəsiz ki, bu səfərdən faydalanmaq, mənzil üçün sovqat, rahat yaşayış vasitələri tədarük etmək lazımdır. Çünki hər bir şəxs həmin mənzilə çatasıdır. Mənzil başında isə rahatlığa ehtiyac var. Bu barədə əvvəlcədən düşünmək lazımdır.
Bü dünya həyatı axirətə uzanmış bir yol olduğundan onu rahatlıq yeri düşünmək yox, diqqəti son və əbədi mənzilə yönəltmək lazımdır. Məbada, dünyada mövcud olan cah-cəlalın həmişə əlinizdə qalacağını güman edəsiniz. Allahın təqdiri ilə dünya həyatı müvəqqətidir və bu müvəqqətiliyin qarşısı heç bir vasitə ilə alına bilməz. Əbədi həyat isə yalnız axirət aləmindədir. Qurani-kərimdə buyurulur: “Axirət yurdu, şübhəsiz ki, əbədidir.” (“Ənkəbut”, 64)
Dünya müvəqqəti olmaqla yanaşı, həm də rahatlıq yeri deyil. O, sadəcə keçid, yol olduğu üçün rahatlıqdan danışmağa dəyməz. Müvəqqəti, narahat bir məkana vurulmağa, əsir olmağa dəyərmi?! Bütün bu oxşatmalardan, təşbehlərdən sonra aydın oldu ki, dünya axirətlə müqayisədə qısa bir yoldur.


1818 بازدید
در حال ارسال اطلاعات...