Şrift ölçüsü:
A+
A
A-
Kr
28 İyul 2017

Həcc və bağ mövsümü – Məkkə, yoxsa Mərdəkan

Deyir hacı, sən hacısan, həccə getmisən, bu ilki pulu apar ver kasıb-küsuba
Həcc mövsümünə hazırlıq gedir. Müxtəlif müsəlman ölkələrindən müqəddəs Kəbə evinin ziyarəti üçün hazırlaşan insanların və onlarla bu sevinci bölüşənlərin sevincinin həddi-hüdudu yoxdur. Bir də bu məqamda gələcəyin hacılarını topa tutanlar peyda olublar. Hər il Qurban bayramında qurban kəsib bazarları, küçələri, sallaxxanaları qanlı edən insanların əleyhinə danışan anti-qurbançılar və ya vegeteranlar kimi həccə gedib şeytana daş atan hacılara söz atan insanlar da bu mövsümdə rahat durmur. Sosial şəbəkədə, saytda, qəzetdə, jurnalda, orda-burda hey yazırlar. Yazdıqları da Axundovun, Mirzə Cəlilin yazdığı cəhalətdən artıq bir şey olsa adamı yandırmaz. Müşkül nə imiş? Nə üçün biz hər il həccə gedirik, gərək bir il də getməyib onun pulunu kasıb-küsuba xərcləyək. Bu Allah yanında ən böyük həcc sayılırmış. Sən demə İslam da bu məsələyə toxunub.
Hacılara daş atanlardan biri qabağımı kəsib həccə getməyimi irad tutdu. Deyir hacı, sən hacısan, həccə getmisən, bu ilki pulu apar ver kasıb-küsuba. İslamda da bu yoxdurmu məgər?
Nə yaxşı ki, ildə bir dəfə həcc ziyarəti var, yoxsa bunlar İslamı nə vaxt xatırlardılar. Bu yerdə nə yaxşı İslam yada düşür. Başlayırlar Quranı başdan ayağa oxumağa, hədisləri ələk-vələk etməyə, ta ki hacıların əleyhinə bir para söz tapalar və onların əleyhində bu sözləri şeytana atılan daş kimi sapanda qoyub tolazlayalar hacılara.
Eyniylə bir qəpiyə dəyməyən Kamalöddövləyə məktublar yazan Axundov və hicab, çadra əleyhinə danışan Mirzə Cəlilin dəsti xəttidir. Hər ikisi İslamı gözdən salmaq üçün dini mənbələri gəzməyə başladılar. Tapdıqları bir para mövzuların öz ağıllarına uyğun gələnini götürüb başladılar dinin "ayağını qazmağa", gəlməyənini xurafat, mövhumat, mənasız, sonradan quraşdırılma adlandırıb atdılar bir kənara. Be cəhənnəm, yenə də öz felyetonlarında Quranın hicab barəsindəki ayələrini "təfsir" edib çadranın, hicabın vacib olmadığını "istinbat" edən və həm öz zəmanəsinin, həm də bizim zəmanəmizin Mirzə Cəlil müqəllidlərini çaşdıran Cəlil Məmmədquluzadə axırda etiraf edib belə dedi: Qadınlarımız çadranı atanda sevinib papaqlarımızı göyə atdıq. O vaxtdan bəri papaqlarımız yerə düşməyib.
Sözüm özləri kimi sözləri də toz-torpaq basan bu insanların yazdıqları barədə deyil. Amma həccə getməyimi mənə nöqsan tutan kişiyə yaman əsəbləşdim. Bəndeyi-xuda bilmir ki, hətta hədislərdə var ki, həcci insanlar boş qoysalar zəmanə imamına vacibdir ki, onları güclə həccə göndərsin. Ta ki Allahın evi boş qalmasın. Amma maraqlısı budur ki, kişinin Mərdakanda qəşəng bağı var. Allah verəndən nə desən var bağında. Özü də hər yay aylarında özünü verir bağa. Gecələr kabab, gündüzlər qarpız, axşamlar dəniz suyu, bağ havası, samovar çayı, qumda zaqar... bir sözlə kişi bu ahıl çağlarında kefindən qalmır. Hətta nəvə-nəticələrini də başına toplayır. Qohum-qonşu da axşamlar nərd-domnə oynamaqdan ötrü – qarışqa şirəyə yığışan kimi - yığılırlar kişinin başına. Bığlarını quzu kababıyla yağlayıb, sonra samovar çayı ilə yuyurlar. Üç ay yay tətilində bağda vur çatlasın, çal oynasındır. Aramızda uzun söhbət baş tutsa da kişini təəssüf ki, başa sala bilmədim.
Əziz oxucu! Nəbadə belə insanlara inanasınız. Heç o da mənə inanmadı. Ona deyəndə ki, bəs siz niyə hər ilin üç ayı bağınızda kef edirsiz, nəvə-nəticələrinizə, qohum-qonşuya gündə kabab qonaqlığı verirsiz. Niyə hər il üç ay istirahətinizdən qalmırsız. Nə desə yaxşıdır? Deyir, istirahət zəruridir. İnsan dincəlməlidir. Dedim elə biz də həcdə mənəvi istirahətlə məşğuluq. Ruhumuz dincəlir. Mən həcdə istirahət edirəm, siz Mərdəkandakı bağınızda həcc edə bilirsinizmi? Elə mənə verdiyiniz tövsiyəyə üç ay olmasa da bircə gün də siz əməl edin. Bir gün bu bağı və zürriyyəniz üçün qarpıza, quzuya, çolpaya, samovara xərclədiyiniz pulları, ağacların meyvələrini, dənizin sahilini, sahilin qumlarını, qumlardan nəvələrinizin düzəltdiyi "evləri" evlərin içindəki boş otaqları... qoyun kasıb balalarının ixtiyarına. Axı onlar da belə həyat arzu edirlər. Kişi turş üzüm yemiş kimi üz-gözünü turşutdu. Nəsə demək istədi, amma dili topuq vurdu. Hıqqanıb qaldı. Saatına baxdı, sora ayrıldı məndən. Bildim ki, bağa yollanmaq vaxtıdır. Nəvələr gözləyir axı onu. Ata-anasından uzaq, yazıq bu il də həccin qəzasını yerinə yetirə bilmədi.


2016 بازدید
در حال ارسال اطلاعات...