Şrift ölçüsü:
A+
A
A-
Kr
26 İyul 2017

Dini mətnlərdə yuxunun hikməti barədə nəsə varmı?

Onlar sanki real həyatda çatmaq istədikləri müvəffəqiyyətə yuxuda çatıblar.
Qəzetdə tanınmış yazıçı Həmid Herisçinin yazdığı bir məqalə dərc edilib. Məqalənin adı belədir: "Elmin və dinin çözə bilmədiyi möcüsə-insan niyə yuxu görür?" Məqalədə maraqlı detallar vardır. Bu maraqlı məqamlardan biri də məqalədə adları sadalanan bəzi insanların məhz yuxuda müvəffəq olmasıdır. Onlar sanki real həyatda çatmaq istədikləri müvəffəqiyyətə yuxuda çatıblar. Biri musiqi bəstələyib, digəri digəri təyyarənin quyruq hissəsindəki balaca bir detalı tapıb və s. kimi maraqlı hadisələr baş verib. Amma bundan daha maraqlısı müəllifin elmin və dinin yuxunun sirrini hələ də çözə bilməməsinə inanmasıdır.
Amma dini mətnlərdə yuxu barədə bir sıra maraqlı məqamlar var. Burada böyük İslam alimlərindən olan rəbbani alim, arif şəhid Ayətullah Şəhid Dəstğeyb (r) cənablarının "Məad" adlı kitabında nəql edilən bir hadisəni qeyd edirik. Amma nəql etməzdən əvvəl onu da qeyd edək ki, mərhum şəhid Dəstğeyb cənablarının barəsində də məşhur bir yuxu var. Mərhumun oğlu nəql edir ki, bir qadın yuxuda şəhid Dəstğeybi görüb və Şəhid buyurub ki, bədənimin parçalarından küçə divarlarının kərpicləri altında qalan var, onları mənə çatdırsınlar. Həmin məkana getdikdə isə doğrudan da burada şəhidin bədəninin parçalarına rast gəliblər və parçaları götürərək qəbrinə yerləşdiriblər. Bu yuxunu bir neçə nəfər də görüb. Ətraflı məlumat üçün Həmid Herisçi Ayətullah Şəhid Dəstğeybin "Məad" adlı kitabının elə ilk səhifələrinə müraciət edə bilər.
Burada unutmadan deyək ki, Həmid Herisçi heç də bu cür hadisələri mövhümat adlandırmasın. (Son cümlə nəsihət xarakteri daşıyır) Necə ola bilər ki, dediyi kimi hansısa insan yuxuda təyyarənin quyruğundakı detalı tapa bilir, bir başqası yuxuda musiqi bəstələyə bilir, şəhidlə bağlı zikr edilən yuxu baş verə bilməzmi? Özü də çox yaxın keçmişdə.
Amma dini mətnlərdəki yuxunun hikmətinə gəldikdə isə bəli, yuxunun hikməti barədə məhz həmin kitabın ilk səhifələrində İmam Museyi – Kazimdən (ə) nəql edilib. Həzrət (ə) buyurur: "Yaranışın ilk çağlarında bəşəriyyət üçün röya (yuxu görmə) yox idi. Sonradan bu xüsusiyyət Allah-Tərəfindən verildi. Səbəbi də bu oldu ki, Allah bir peyğəmbəri onun öz dövründəki insanların dəvət və hidayəti üçün göndərdi. O peyğəmbər də xalqı Allaha itaət və bəndəçilik etməyə əmr etdi. Ona dedilər: Əgər biz Allaha pərəstiş etsək, əvəzində nə alacağıq? Bir halda ki, sənin sərvətin bizdən azdır. O peyğəmbər buyurdu: Əgər Allaha itaət etsəniz, əvəzi Behişt, günah edib məni dinləməsəniz, yeriniz Cəhənnəm olacaqdır. Dedilər: Behişt və Cəhənnəm nədir? Peyğəmbər hər ikisi barədə şərh verdi. Soruşdular ki, bəs nə vaxt onlara çatacağıq? Buyurdu ki, öldüyünüz zaman. Amma onlar bizim ölülər çürüyüb torpaq olurlar və onlar üçün sənin vəsf etdiyin şeylərdən heç biri yoxdur – deməklə, o peyğəmbəri inkar etdilər. Allah bu adamlar üçün əhlam (yuxu görmə) müəyyən etdi. Yuxuda gördülər ki, yeyirlər, içirlər, hərəkət edirlər, danışırlar, eşidirlər. Elə ki, yuxudan oyandılar, sadalananlardan bir əsər-əlamət görmədilər. Həmin peyğəmbərin yanına gəlib, yuxularını danışdılar. Peyğəmbər buyurdu: Allah-Taala bu dəlillərlə sizə xəbərdarlığını sona yetirdi. Sizin ruhlarınız belədir. Öldüyünüz vaxt bədənləriniz torpaqda çürüsə də, ruhlarınız Qiyamət gününədək əzabda və ya naz-ne`mət içindədir."
Təbii ki, yuxu görməkdən əlavə yuxunun (yatmağın) özündə də bir dünya hikmətlər yatmaqdadır. Əbəs deyildir ki, yuxuya el arasında "kiçik ölüm" deyirlər. İnsan yatarkən ruhu bədənindən tamamiylə ayrılmır. Çünki o yuxu görür (yəni yuxuda yaşayır) və yatmış insanın müəyyən kənar təsirlərdən (qorxmaq, diksinmək və s.) kimi hövlang yuxudan oyanması da mövcuddur. Amma yuxu insanlara əta edilib ki, onlar hər dəfə yuxudan oyananda Allaha şükür edib desinlər: ilahi, sənə şükür olsun ki, məni həyata yenidən qaytardın. Anlamaq istəyən insanlar üçün yuxuda böyük hikmətlər vardır.
Yuxu görmək də bu cürdür. O dünyanın varlığına inanmayanlar öz yuxuları qarşısında acizdirlər. Yuxular onlara o dünya üçün canlı dəlildir. Təsəvvür edin yatmısınız, yəni ölmüsünüz və bədəniniz tamamiylə hərəkətdən qalıb. Amma yuxuda yaşayır, yeyir-içir, əylənir, gülüb-danışırsınız. Bu o dünyanın varlığı üçün bəlkə də bariz nümunələrdən sayılır. Çünki biz öləndə bədən torpaqda, ruh bərzəxdə, daha sonra cənnət, yaxud cəhənnəmdə qalacaq.
Onu da qeyd edək ki, yuxular ilahi peyğəmbərlər (ə) üçün höccət (Allahdan gələn dəlil) sayılıb. Əqaid (əqidə elmi) bəhslərində gəldiyi kimi peyğəmbərlərin yuxuları höccətdir. Həzrət İbrahim (ə) peyğəmbər oğlu İsmail (ə) peyğəmbəri qurban kəsməsini yuxuda görüb. Həzrət Yusif (ə) də yuxu yozan peyğəmbər olub ki, həm gördüyü, həm də yozduğu yuxular düz çıxıb. Bu və s. mətləblər məhz dini mənbələrdə müfəssəl şəkildə qeyd edilib.


2532 بازدید
در حال ارسال اطلاعات...