Şrift ölçüsü:
A+
A
A-
Kr
24 İyul 2017

Dünya yoxsa axirət insanı

Olmazdımı ki birbaşa onu axirətdə, cənnət yaxud cəhənnəmdə xəlq edərdi
İslam dinini çox zaman ancaq axirət dini kimi hesab ediblər. Bəzi din düşmənlər qərəzli şəkildə bu cür təxribatlara yol veriblərsə digər bəzi insanlar da cəhalətdən bu qənaətə gəliblər. Amma ağıllı insan düşünər ki, bir din Allah tərəfindən göndərilibsə, dünyanı yaradan Allahdırsa və insanı da onu gətirdiyi dünyadan uzaq olmağa əmr edəcəksə o zaman nə üçün Allah Təala insanı dünyaya gətirib. Olmazdımı ki birbaşa onu axirətdə, cənnət yaxud cəhənnəmdə xəlq edərdi. Yaxud əgər Allahın göndərdiyi din insanı dünyadan uzaqlaşdırmaq üçündürsə dünya niyə xəlq edilib.
Müddəamız daha tez aydın olsun deyə belə bir misal çəkə bilərik: fərz edin bir ata dünyaya gələcək övladı üçün qabaqcadan gözəl bir otaq hazırlayıb. Otağı rəngarəng şəkillərlə, güllərlə, oyuncaqlarla bəzəyib. Bütün bu işləri o nə üçün edib? Ona görə ki uşaq dünyaya gəlib bu oyuncaqlarla oynasın. Və o hesabını elə götürüb ki, uşaq dünyaya gələndə otağı məhz bura olacaq. Yəni və onun içindəkilər dünya və onun içindəki nemətlər kimi o uşağın ixtiyarına veriləcək. Amma elə ki uşaq dünyaya gəlir ata onu bu otaqdan uzaq tutmağa çalışır. Görəsən belə bir işdə hikmət və məntiq varmı? Təbii ki yoxdur. Bəs görəsən mütləq hikmət və elm sahibi olan Allah nə üçün belə bir iş tutsun. Bu yerdə kimsə soruşa bilər ki, axı dinləri xüsusilə İslam dinini tərki dünyalıq dini hesab edənlər Allaha inanmır. Allaha inanmayan insan onu necə hikmət və elm sahibi hesab edə bilər? Cavab olaraq deyilməlidir ki, əslində onlar Allahın varlığını qəbul edirlər, çünki belə olmasaydı onlar dinləri deyil məhz Allahın var olub olmadığını müzakirə mövzusu edərdilər. Çünki dinləri müzakirə edən insanlar adətən Allahın varlığına inandıqdan sonra bu səhvə yol verirlər.
Dinlərin tərki dünya dinləri olması təsəvvürü təbii ki insanlarda səbəbsiz yaranmayıb. Kimlərsə dindar olmaq eşqinə düşüb amma təəssüf ki yolu doğru təyin edə bilməyiblər. Nəticədə din gözdən düşüb.
Dinlərə gəldikdə isə heç bir ilahi dinlərdə tərki dünyalıq olmayıb. Məntiqli düşünək. Necə ola bilər ki bir din hansısa bir insanın (peyğəmbərin) vasitəsilə insanlara göndərilir, deməli əgər belədirsə həmin insan (peyğəmbər) insanlar arasında olmalı, gəzməli, onlarla birlikdə yaşamalıdır. Belə olan halda necə ola bilər ki o insanın özü tərki dünya olsun?
O ki qaldı tərk məqamına, bəli bütün dinlərin belə bir əmri var. Amma bu, dünya və onun nemətlərini tərk etmək anlamına gəlməməlidir. Burada tərkdən söhbət gedirsə mütləq insanı günaha sövq edən işlərdən çəkinmək, bu kimi ziyanlı işləri tərk etmək nəzərdə tutulur. Bu isə günahı təhlükə hesab edən ağıl sahibləri yanında məqul bir qənaətdir. Çünki din dünyagörüşündəki günah elə bütün insanların anladıqları ziyan mənasındadır. İndi bir nəfər ziyanlı işlərdən çəkinirsə o tərki dünya sayılmalıdır?
Unutmamalıyıq ki, biz bu dünyada yaşayıb o biri dünyaya köçürük. Bu dünya körpü funksiyasını yerinə yetirir. Bu körpüdə büdrəməsək o dünyada olan sirat körpüsündə də büdrəmərik.


1833 بازدید
در حال ارسال اطلاعات...