Şrift ölçüsü:
A+
A
A-
Kr
09 İyul 2017

Əlin kişi əlinə dəysin...

Unutmayın ki, bizim xalq arasında məşhur olan “əlin kişi əlinə dəysin” sözü var.
Çox maraqlı bir əhvalat var, yadımda qalan qədər nəql edə bilərəm. Deyirlər bir dəfə ingilis bir məsihi müsəlmandan soruşur ki, bəs niyə sizin xanımlar kişilərlə əl verib görüşmürlər. Cavabında isə müsəlman deyir ki, məgər sizin kişilərin hər birisi kraliça Yelzavetlə əl verib görüşə bilir? İngilis deyib yox. “Niyə”sini belə şərh edib ki, bəs Yelizavet balaca adam deyil, o boydana kraliçadır. Müsəlman da eləmə təmbəllik, deyib ki, bəs bizim xanımların hər birisi bir kraliça dəyərindədir, ona görə hər adam onlara əl verib görüşə bilməz.
Çətin vəziyyətdir doğrudan da, bu gün dindar camiədə bu sarıdan əziyyət çəkənlər var. Yazıqlara fanat, radikal dindar, mövhümatçı deyənlər çoxdur. Hətta, bu azmış kimi qayıdıb bir “moizə” də edib deyirlər ki, güya sən onunla əllə görüşsəydin, ona əl versəydin nə olardı ki. Qəlbini qırmağın daha pis deyilmi? Gəl indi bunları başa sal ki, məsələnin məğzi tamam başqadır. Yazıq müsəlman da qalıb ingilis kişiyə necə cavab versin, ağlına Yelzavet məsələsi gəlib. Hər halda vəziyyətdən çıxa bilənə eşq olsun.
Elə bu yaxınlarda Almaniyada təhsil alan müsəlman, hicablı xanımlardan biri də Almaniya prezidentinin əlini göydə qoymuşdu. Amma təbii ki, Almaniya kimi bir ölkədə bu təbii qarşılanmışdı. Çünki onlar demokrat adamlardılar. Belə şeylərə adi baxırlar. Hətta heç bu məsələ o qızın dini inancından irəli gələn məsələ olmasaydı belə deyəəckdilər “kefi belə istəyib edib”. Amma bədbəxtlikdən elə öz içimizdən bir iki – üzür istəyirəm – bambılı tapılıb qızın haqqında bir – iki pis söz dedilər. De gəl ki, onlar bu qızı geridəqalmış hesab edə bilmədilər. Çünki bilirlər ki, onlara qayıdıb “geridəqalmışın Almaniyada nə işi var?” sualını verəcəkdilər. Böyük ehtimalla qız ingilis, alman dilləri kimi demək olar ki, bütün Avropada başa düşülən dilləri də bilir. Üstəlik, Almaniyada oxuyur.
Bu hökm eyni zamanda əks cinsin nümayəndələrinə də aiddir. Kişi də gərək özünü qorusun. Bu barədə İranın sabiq prezidenti Mahmud Əhmədinejadın böyük təcrübələri var. Kişinin bəlkə də indiyə qədər əlini göydə qoymadığı siyasətçi qadın qalmayıb. Kim ona əl uzadıbsa onun qarşılığında cavab olaraq əlini sinəsinə qoyaraq təzim edib. Düzdür, hətta müsəlman cəmiyyəti də buna çətin öyrəşir, bu, vaxt tələb edən işdir.
Amerika prezidenti deyirlər əl sıxmaqda yaman mahirdir. Rəsmi görüşlərdə elə qüvvətli əl sıxır ki, sanki zalım oğlu qol gücü müsabiqəsinə çıxıb. Dişlərini də elə qıcayır ki, adamyeyənə oxşayır. Məsələn, bir dəfə sionist baş nazirinin əlini sıxmağı unutmuşdu. Rəsmi görüşdə fotolara poza verən Tramp foto çəkiliş bitəndən sonra çıxıb getmək istəyibmiş, tapıb gətirib ona başa salıblar ki, əl sıxmaq lazımdır. Yazıq hardan bilsin, alverçinin, bir də qızbazın biridir, indi gəlib təsadüfən prezident olub, belə şeyləri haradan bilsin. Burada bir atalar sözü yada düşür: Prezident olmaq asandır, amma adam olmaq çətin.
Bir müddət əvvəl də Polşa prezidenti öz xanımı ilə Amerika prezidenti ilə görüşmüşdü. Tramp alqışlar bitər-bitməz polşalı həmkarının əlini sıxır, sonra arvadının əlini sıxmaq istəyərkən əli göydə qalır, Polşa prezidentinin xanımı onu əli göydə saxlayıb xanımı ilə görüşür.
Bəli, əslində doğru hərəkətdir. Niyə də olmasın. Qadın əli niyə də naməhrəm kişi əlinə dəyməlidir. Elə bizim milli-mənəvi dəyərlərimizdə də bu yazılmamış qanundur. Xəstəsi var, manyakı var, qadın addımlarının, tak-tukundan təhrik olunan insanlar var. Kim zəmanət verə bilər ki, əl sıxışan iki naməhrəm harama düşməyəcək?
Heç indi də bizim camaatda ailəli qonaq gedərkən kişilərin qadınlarla əl verib görüşmələrinə rast gəlmək olmaz (olsa da çox az olar).
Müsəlman buna daha çox riayət etməlidir. Unutmayın ki, bizim xalq arasında məşhur olan “əlin kişi əlinə dəysin” sözü var. Amma bu söz kişilərə aiddir. Yəni, kişi öz dostu, yaxını ilə salamlaşıb qüvvətlə öz əlini dostunun əlinə çırpır, burada deyirlər “əlin bir kişi əlinə dəysin.” Doğrudan da kişi olmaq lazımdır. O vaxtkı kişilərdən soruşun, deyərlər sizə.

Ədalət Mollayev


5924 بازدید
در حال ارسال اطلاعات...