Şrift ölçüsü:
A+
A
A-
Kr
26 İyun 2017

DUANIN QƏBUL OLUNMASI ŞƏRTLƏRİ

Duanın qəbul şərtlərindən biri də budur ki, insan duanı mərifətlə, dərk edərək etsin
Hansı duanı edək ki, ardınca qəbul olunmağını da müşahidə edək? Bəzən insan Allahdan bir şey istəyir və zahirdə bu duanın qəbul olunmadığını hiss edir. Duanın qəbulunun mühüm şərtlərindən biri budur ki, dua sözü əsl mənasında və özünəməxsus şəraitdə həyata keçsin. Duanın ilk şərti odur ki, dua təravətli, aludə olmayan ürəklə istənilsin. Misal üçün, gənclərin ürəyi kimi. Buna görə də gənclərin duasının qəbul olunma ehtimalı hamıdan çoxdur. Bəzən bəziləri mənə deyirlər ki, gənclərimiz üçün dua et. Əlbəttə, biz həmişə gənclərimiz üçün dua edirik. Amma əgər gənclər öz aludə olmayan, ləkə düşməyən, təravətli ürəklərinin qədrini bilsələr, onların duası qəbula hər duadan yaxın olar.
Duanın qəbul şərtlərindən biri də budur ki, insan duanı mərifətlə, dərk edərək etsin. Yəni bilsin ki, bu dua, bu istək elə bir şəxsə ünvanlanıb ki, insanın istədiyi hər bir şeyi onun üçün həyata keçirə bilər. Yəni duanın təsirinə inansın. İmam Sadiqdən (ə) soruşuldu: "Dua edirik, amma duamız qəbul olunmur". Amma qəbul olunduğunu görmürük. Həzrət (ə) buyurdu: "Siz o şəxsdən istəyirsiniz ki, onu tanımırsınız". ("Müstədrək əl-vəsail", c. 5 səh, 191) Mərifət olmadan dua edirsiniz. Digər bir rəvayətdə duada mərifət haqqında buyurulur: "Bilin ki, Mən istədiyinizi verməyə qadirəm". ("Bihar əl-ənvar", c. 90, səh. 323) Allahın duanızı qəbul etmək, istədiyinizi vermək qüdrətinə inanın.
Duada əzmli olun. Böyük şeylər istəyin. Dünya və axirət səadəti istəyin. Deməyin ki, bunlar yoxdur. Xeyr! Allahın qüdrəti qarşısında böyük deyil. Əsas odur ki, siz sözün əsl mənasında, lazımi şərtlər ödənməklə istəyin. Allah-Taala bu istəyə cavab verəcək. Bəzən də insan bilmir ki, baş verənlər onun duasının qəbul olunmasıdır, ya yox. İnsan özü qafildir. Duanın qəbulunun şərtlərindən biri günahdan çəkinmək və tövbə etməkdir. Hamımız günaha, yanlış işə yol veririk. Kiçik və böyük yanlışlar var. Allahdan üzr istəmək, əfv diləmək, istiğfar etmək lazımdır. Tövbə etməli və Allaha doğru qayıtmalıyıq. İradəmiz, əzmimiz bu olmalıdır ki, günah etməyək. Bəzən insan qət edir, qərara alır ki, günah etməsin. Sonra qəflət edir, səhv edir və yanılır. Yenə də insan həmin günaha tuş gəlir. Bu zaman yenidən tövbə və istiğfar etməsi lazımdır. İntəhası, istiğfar ciddi və həqiqi olmalıdır. Günah etməmək həqiqi və ciddi şəkildə qərara alınmalıdır. Dua və duanın qəbul olunması haqqında rəvayətlərdə deyilir: "İnsanların haqqını ödəmək lazımdır". ("Bihar əl-ənvar", c. 90, səh. 321) İnsan digərlərinin boynunda olan haqqlarını ödəməlidir ki, duası qəbul olunsun. Digər bir rəvayətdə deyilir ki, Allah-Taala həzrət Musaya (ə) müraciətlə buyurur: "Ey Musa! Məni pak qəlblə, doğruçu dillə çağır". Allahla pak ürəklə, doğru dil ilə danışmaq, dua etmək lazımdır. Bu zaman dua mütləq qəbul olunacaq.
Duanın qəbul şərtlərindən biri də hüzuri-qəlb və xüşudur. Qeyd etdiyimiz kimi duanın mənası odur ki, siz Allahla danışasınız. Allahı öz qarşınızda hiss edəsiniz. Onun sizi gördüyünü hiss edəsiniz. İnsan adəti üzrə bir şeyi dilə gətirsə, - İlahi məni bağışla, İlahi ata-anamı bağışla! - qəlbində həqiqətən istək vəziyyətini hiss etməsə, bu, dua deyil, düşünülməmiş sözdür. "Allah qafil qəlbin duasını qəbul etməz". ("Əl-Kafi fi əl-üsul", c. 2, səh. 473) Qafil ürək, diqqətsiz qəlb dua edərsə, Allah duasını qəbul etməz. Aludə, nəfsani ehtiraslara qərq olmuş ürəklər necə dua edəcəklər? Nə ümid var ki, əgər insan belə dua etsə, qəbul olunacaq?


Ayətullah Seyid Əli Xamenei


6724 بازدید
در حال ارسال اطلاعات...