Şrift ölçüsü:
A+
A
A-
Kr
12 May 2017

Hər məmurun bir dövlət olduğu dövlətimiz

Dövlət əməlli-başlı xaraba gündədir. Hərə bir yandan çapıb talayır
Bizim dövlət doğrudan da dünyada analoqu olmayan dövlətdir. Bəlkə də dünyada yeganə ölkəyik ki, hər məmur bir dövlət sayılır. MTN işi ortaya çıxanda məlum oldu ki, bu "dövlətlərə" divan tutan Akif Çovdarov adlı bir dövlət başçısı da varmış. Mən "dövlət başçısı" sözünü qəsdən dırnaqarasında yazmadım. Adam özünə zəhmət verib İlham Əliyevin bacarmadığını edib. İlham Əliyev hər dəfə qudurğan məmur balalarına qudurğanlıq etməsinlər deyə yalvardığı halda Akif Çovdarov onları qudurdanları dar ayağına çəkir. Halbuki İlham Əliyev də bunu edə bilərdi. Ən azından Şimali Koreyanın prezidenti kimi məmurlara gün verib işıq verməyə bilərdi. Onsuz da İlham Əliyevin şimali koreyalı həmkarından o qədər də fərqi yoxdur. Heç birinin keçmişi parlaq deyil, ikisi də tüfeyli həyat yaşayıb atasının hesabına taxta çıxıb və ikisi də diktatorların öndə gedənlərindəndir.
Dövlət əməlli-başlı xaraba gündədir. Hərə bir yandan çapıb talayır. Biz heyif ki, uzaqgörən xalq deyilik. Amma uzaqgörənliyin çox faydaları var. İnsan uzaqgörən olsa nə onun sərvəti talanar, nə də dövləti xaraba qalar. Uzaqgörənliyin faydalarını çox saymaq olar, bir faydası budur ki, biz uzaqgörən olsaydıq, hadisələri minimum həddə qabaqlaya bilərdik. Məsələn, indiyədək Tağı Əhmədovu hamı kobud – köntök adam kimi tanıyırdı. Acılamadığı jurnalist qalmamışdı. Biz uzaqgörən olsaydıq onu acılamazdıq və indi halına acımazdıq. Sən demə Tağı bir əsrə yaxındır yığdığı maaşı Akif Çovdarova verməmək barədə düşünürmüş, fikirli olub jurnalistləri acılayıb. Ya da verəndən sonra dərin kədərlə nə danışdığını bilməyib. Üçüncü ehtimal da odur ki, Akif Çovdarovun qabağında mum kimi əriyən bu insan acığını jurnalistlərin üstünə töküb.
Hər məmurun müstəqil bir dövlət olmasını qeyd etməyimizin əsası var. Fikir verin bu məmurlar haramdan xalqı soyub dana boyda olanda da bunlara heç kim heç nə demirdi, nanəcib əməlləri ifşa olanda da demək olar heç kimin vecinə deyil. Məsələn, deputatxananın təyinatla, rüşvətlə orada əsniyən deputatları nə əvvəl danışmırdılar, nə də indi bir söz demirlər. Çünki deputatxana dövlətinin özü də bu dəqiqə zibilin içindədir.
Bizə məmurlardan, deputatlarda xeyir olmasa da, bu insanların şər-xəta əməlləri xalqımızın xeyrinə işləyir. Allah bizim üzümüzə baxıb. Məsələn, Astan Şahverdiyevlə kimin nə işi var idi? Heç kimə xeyri dəymirdi? Amma qələt edib bir söz deməklə bütün biznesi ifşa oldu.
Yaxud da bu günlərin qəhrəmanı olan Akif Çovdarovı götürək. Yox, mənim onun haqqında yazdığım "qəhrəman" sözünün dırnaq içində yazmamağımı kimsə nöqsan tutmasın. Kişi sözün həqiqi mənasında qəhrəmandır. Uzağa getmirəm, bir dənə Akif Çovdarovun soyub soğana çevirdiyi adamların soyduğu insanların halını təsəvvür edin. Bu dəqiqə şaddırlar. Burada deyirlər daş qayaya rast gəlib. Akif Çovdarov heç şübhəsiz ki, kasıb camaatı soymayıb. Əlinin altında dinləmə cihazları olan adamdır, ovladığı məmurlar min bir qanunsuz əməllər edib, hər birisini müəyyən şantaj vasitələriylə ovlayıb.
Hüquqi dövlət olmamağımız, dərəbəyliyin ölkəmizdə hakim olmasını, dövlət strukturlarının xaraba günə qalması oradan bilinir ki, bu dövlətdə cinayətkarların cinayətlərini hüquq mühafizə orqanları deyil, hüququ çeynəyən məmurlar aşkarlayır. Məsələn, deputatxananın təyinatla və PA-dan sifarişlə nizamlanmasını universitet rektoru ifşa etmişdi.

İslam dinindən əvvəl – tarixin yazdığına görə - Ərəbistan yarımadasında dövlət yox imiş. Kim kimi tutdu döyür, söyür güc göstərirdi. Hətta, kişilər yeni doğulmuş qız uşaqlarını diri-diri basdırırdılar. Çünki gücləri onlara çatıdrdı. Çünki qanun yox idi. Bu gün Azərbaycanın real vəziyyəti cahiliyyə dövrünün əks etdirir. Bu gün bu zülmlər başqa cür cərəyan edir. O zamanlar qız uşaqlarını diri-diri yandırırdılarsa, bu gün ölkəmizdə harayını prezidentə çatdıra bilməyənlər, müharibə veteranları, kasıb-kusub üstünə benzin töküb özünü yandırır. İnsanlar acından qırılır. Bu da diri-diri basdırılmağın başqa variantıdır. Doğrudur, etiqadımıza görə daha peyğəmbər gəlməyəcək. Gəlməyəcək ki, bu qanunsuz, başsız qalan ölkəni yığıb qanuni və hüquqi dövlət halına gətirsin.
Bir ümidimiz var, o da qeybdə olan Xilaskarımızdır. Bizə qanun gətirsə-gətirsə, hüquq öyrətsə-öyrətsə bir o edəcək. Allah-Təala xilaskarımızın zühurunu tezləşdirsin.


1673 بازدید
در حال ارسال اطلاعات...