Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Aprel 2017

Uşaqlığın və daydaylığın son gecəsi

İlham Əliyev öz daydayının daydaylığının son gecəsini gözləriylə gördü.
Azərbaycan filmləri arasında uşaqlığın son gecəsi filmi çox maraqlıdır. Bu film 1968-ci ildə çəkilib. Bu filmə ilk baxış isə bir il sonra yəni 1969-cu ilin 16 iyul tarixində olub. Yəni Heydər Əliyevin Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının Mərkəzi Komitəsinin birinci katibliyinə gətirilən gündən - 14 iyuldan düz iki gün keçəndən sonra. Əlbəttə, bu filmin Heydər Əliyevə heç bir aidiyyatı yoxdur. Bu film onun barəsində çəkilməyib. Amma, film mentalitetdən xəbər verdiyi üçün bu filmdəki bir fraqmentə baxdıqda məlum olur ki, "dayday" söhbəti elə Heydər Əliyevin zamanından var idi. Həmin fraqmentdə filmin iki əsas qəhrəmanı olan Muradla Rüstəm yol gedərkən Murad rüstəmdən ayrılır və telefon "budkasına" daxil olan astanada üzünü Rüstəmə tutub deyir ki, gərək dayın olsun.
O zamandan bu zamana bircə bu söz dəyişib. Daha doğrusu ixtisara düşüb. O vaxtı dayı idi, indi dayday deyirlər. Yəqin daydaylığın, rüşvətin "dozası" qalxdığı üçün "day" sözü də iki dəfə yəni təkidlə işlədilməyə başlayıb. Eyniylə vayvay kimi. Vay deyərkən qəm-qüssə o qədər də zahir olmur. Amma vayvay deyərkən bilinir ki, vəziyyət xarabdır.
Bu film Heydər Əliyevin Azərbaycanda sovet höküməti zamanında rəhbərlik etdiyi vaxtda xalqın ixtiyarına verilib. Maraqlısı budur ki, "Axırıncı Aşırım" filmində Kərbəlayinin Abasqulu bəyi öldürməsini həzm edə bilməyən və fraqmenti dəyişən sovet höküməti Azərbaycandakı daydaylıq vəziyyətini asanlıqla qəbul edib. O gündən sonra isə deyilənə görə Azərbaycanda daydaylıq artıb çoxalıb və bunun qarşısını almaq çətin olub. Əlbəttə, o zamanların sovet və YAP repressiyasından qorxmayan mərd kişiləri dönə-dönə bu xalqa tapşırırdılar ki, Heydər Əliyev öz dövrəsi üçün çalışır. O, xalq üçün heç nə etməyəcək. Elə bu cür də oldu, ikinci dəfə hakimiyyətə gəlib daydaylıq anlayışını daha geniş və açıq sürətdə təbliğ eləməyə başladı. Elə vəzifə başında gördüyü ən son iş də daydaylıq etmək, özündən sonra İlham Əliyevi öz yerinə təyin etmək oldu. İlham Əliyev isə uşaqlığın son gecəsini geridə qoyub, atasının vəfatıyla padşahlığın ilk səhəri ona etiraz edən xalqa Azadlıq meydanında qan qusdurdu.
İlham Əliyevin zamanında isə daydaylığın həddi-hüdudu yoxdur. Xalqa yalandan danışıb deyirlər ki, ölkədə vəziyyət yaxşıdır, neçə min iş yeri açılıb, rüşvətxorluğun qarşısı alınır, Qarabağın azadlığı çox yaxındır və s. və iləaxır. Amma bütün dedikləri quru sözdən başqa heç bir şey deyil.
Əlbəttə, hakimiyyət kimi daydaylıq etməyi də atasından miras alan İlham Əliyev onun qabağında quyruq bulayanlara daydaylıq edib Milli Məclisdə onlara kürsü, nazirliklərlə iş verdi, atasının heykəlləri önündə baş əyənlərə, müxalifəti lənətləyənlərə açıqca daydaylıq etdi. Hətta öz həyat yoldaşına dayday olmağı belə unutmadı. Bundan əlavə İlham Əliyevin sayəsində daydaylığın inkişafı, əhatə dairəsi o qədər genişləndi ki, bütün dünyada məşhur oldu. Hətta bu daydaylıq YAP-ın xarici siyasətinə də təsir elədi. Məsələn "yetim Lapşin və daydyalı Soso" romanını siz də oxumamış deyilsiniz. Bu romanın müəllifi Azərbaycan hakimiyyətidir. Məşhur romanın xülasəsi budur ki, biri var idi, biri yox idi, bir yetim Lapşinlə daydaylı Soso var idi. İkisi də deyilənlərə görə Azərbaycan XİN-indən icazə almadan Qarabağa keçib, Soso manıs olduğu üçün konsert verib erməniləri dəstəkləyib, Lapşin də bloqqer olduğu üçün orada Azərbaycanın ərazibütövlüyü əleyhinə təxribatla məşğul olub. Hər ikisi qanunlarımıza görə XİN-in qara siyahisinə düşməliydi. Düşdü də. Amma maraqlısı odur ki, Sosonun daydayı tapıldı, atası milyarder, qayınatası da İlham Əliyev olan bir nəfər Sosoya əməlli-başlı daydaylıq elədi. Lapşin isə yetim qaldı. Daydaylı Soso Azərbaycana mikrofonla, Yetim Lapşin isə qandalla gəldi.
Çox təəssüf ki, hələ də ölkəmizdə daydaylıq mərəzi yolxucu xəstəliyə çevrilib və bitib tükənmək bilmir. Heydər Əliyevin zamanında geniş yayılmağa başlayan bu virus İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir. Təsəvvür edin bu ölkədə hansısa vəzifəli şəxs öz ətrafına öz qohum-əqrəbasını yığır, daha sonra işdən atılanda bütün qohum əqrəbası ilə atılır. Onun yerinə özünə dayday tapan başqa birisi gəlib öz xələfi kimi qohumlarını başına yığıb daydaylığını edir. Çox uzağa getməyək, götürək adda xalqın, əslində isə hakimiyyətindən vəkillərindən olan və AXCP sədrini, müavinini canlı efirdə (deputat seçkiləri zamanı) söyən futbol topuna oxşayan və xalqı ayağını yorğanına görə uzatmağa çağıran saxta deputat Hüseynbala Mirələmovu. Adam deputat olandan sonra bütün biznes imperiyasını bacısı uşaqlarına tapşırıb. Bu da daydyalığın bir başqa nümunəsi. Artıq bu ölkədə universitetə, işə girmək elmlə, diplomla deyil, ancaq və ancaq daydayla mümkündür. Bu isə məlum olduğu kimi ədalətin bu ölkədə qətlə yetirilməsinin rəsmidir. Gərək xalq unutmasın... Nəqədər ki, ölkədə daydaylığın və daydayların sayı artıb çoxalacaq bu ölkədə ədalətdən, doğruluqdan əsər - əlamət qalmayacaq.
Əlbəttə, uşaqlığın son gecəsi gəlib çatdığı kimi, daydaylığın, padşahlığın da son gecəsi bir gün gəlib çatacaq. İlham Əliyev öz daydayının daydaylığının son gecəsini gözləriylə gördü. Bu anları yaşadı. Təəssüf ki, o gecənin ona olan faydası ancaq daydayının kreslosunda oturmaq oldu.
Vallah, səsim İlham Əliyeva çatsaydı, onu qəflət yuxusundan oyadıb deyərdim ki, cənab prezident, bil və agah ol ki, padşahlığının son gecəsində son sarayın olan qəbirdə səndən "Rəbbin kimdir?" soruşacaqlar, "daydayın kim idi" yox!!!


1745 بازدید
در حال ارسال اطلاعات...